Hökumət istefaya getməlidir

İlham Əliyev «antikorrupsiya şousu» ilə fakt qarşısında qalıb

Azərbaycan hakimiyyəti Ictimai Palatanın aprelin 2-nə təyin etdiyi mitinqdən narahat olub. Hakimiyyətin narahatlığı nəzarətində olan telekanallarda müxalifətə qarşı aparılan kampaniyadan aydın şəkildə sezilir.
Bu kampaniyada diqqət çəkən məqamlardan biri də Azərbaycanda kütləvi aksiyalara ehtiyac olmamasının korrupsiyaya qarşı “mübarizə” ilə əsaslandırılmasıdır. Diqqət etsəniz, AzTV-nin “zəhmətkeşləri” tez-tez “korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır, daha mitinqlər keçirməyə nə ehtiyac” fikrini vurğulayır. Bununla da cəmiyyətdə belə rəy yaradılmağa çalışılır ki, hakimiyyət insanları narahat edən problemləri həll etməyə səy göstərir, amma müxalifət “xarici qüvvələr”in təsiri ilə ölkədə aranı qarışdırmağa çalışır.
Əslində isə Azərbaycanda korrupsiyaya qarşı mübarizə getmir. Ərəb inqilablarından qorxuya düşən hakimiyyət Azərbaycanda da analoji hadisələrin baş verməməsi üçün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müəllifliyi və Ilham Əliyevin xeyir-duası ilə şou hazırlayıb. Bu şounun effektiv olması üçün xırda rüşvətin aradan qaldırılmasına başlandı. Adı iri korrupsiya əməliyyatlarında hallanan dövlət qurumlarında 5-ci, 6-cı dərəcəli xırda məmurlar işdən çıxarıldı. Torpaq sahələrini satan icra başçıları deyil, heç bir səlahiyyəti olmayan bələdiyyə sədrləri həbs edildi. Təhsil, səhiyyə gömrük, vergi bu kimi iri pulların dövr etdiyi sahələrdə ən xırda işçilərə rüşvət almaq qadağan olundu. Halbuki bu qurumların rəhbərlərinin hər biri Ramiz Mehdiyevin məlum toplantısından sonra kollegiya iclası keçirərək rəhbərlik etdiyi sahədə korrupsiya və rüşvət olmasını etiraf etmişdi və bununla özünün istefaya göndərilməsi, hətta həbs edilməsi üçün əsas yaratmışdı. Lakin korrupsiya və rüşvətə bulaşdığını etiraf edən heç bir iri çəkili məmur cəzalandırılmadı. Təsəvvür edin, baş prokuror Zakir Qaralov kollegiya iclası keçirərək “korrupsiyaya qarşı mübarizəni özümüzdən başlamalıyıq” deyir, bununla rəhbərlik etdiyi strukturun korrupsiyanın başında dayandığını etiraf edir. Amma heç kim bu adamın fəaliyyətini yoxlamaq barədə belə düşünmür. Bu halda korrupsiyaya qarşı hansı mübarizədən söhbət gedə bilər?
Ilham Əliyev korrupsiyaya qarşı mübarizədə səmimidirsə, o halda hökuməti istefaya göndərməlidir. Çünki hökumət təmsilçilərinin hər biri Zakir Qaralov sayağı fikirlər səsləndirib. Hansısa tibb bacısının, müəllimin, sıravi polis işçisinin rüşvət almasını qadağa etmək hələ korrupsiyaya qarşı mübarizə etmək deyil. 17 il ərzində formalaşdırılan korrupsiya piramidasının başında dayananlar barədə tədbir görülməlidir, cənablar…

Siyasət şöbəsi