Hakimiyyət mitinq təzyiqi altında

Dünya və müxalifət meydan tələb edir; hökumətin çıxış yolu varmı?

İctimai Palatada bir araya gələn birləşmiş müxalifət aprelin 2-də mitinq keçirmək niyyətindədir. Palata hökumətin razılıq verib-verməməsindən asılı olmayaraq aksiyanı keçirməkdə israrlı olduğunu bəyan edib.

Bu arada beynəlxalq aləmdən gələn son bəyanatlarda da Azərbaycan hökumətinə sərbəst toplaşmaq və ifadə azadlığını təmin etməklə bağlı açıq mesajlar verilir. Məsələn, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza martın 19-da verdiyi açıqlamada bildirmişdi ki, hökumət sözügedən azadlıqlara dair öhdəliklərinə əməl etməlidir. Brayza Azərbaycan Konstitusiyasının 49-cu maddəsinin toplaşma azadlığına imkan verdiyini xatırladaraq bildirmişdi ki, dinc etirazlar və açıq fikir müxtəlifliyi inkişaf etmiş demokratiyanın əlamətidir. Səfir həmin gün Azad Fikir Universitetindəki çıxışı zamanı da bu məsələyə toxunaraq demişdi ki, müzakirələr açıq şəkildə baş verməsə, onlar qapalı məkanlarda davam edəcək və bu zaman da konstruktiv düşünən insanlar öz fikirlərini çatdıra bilməyəcəklər.

Brayzanın bu mesajından sonra “Human Rights Watch”dan da oxşar açıqlama gəldi. Qurumun Avropa və Orta Asiya üzrə direktoru Raçel Denber ölkə müxalifətinin 2 aprel mitinqinə toxunaraq bildirdi ki, bu aksiya ilə bağlı üç başlıca narahatlıq keçirirlər. Birincisi, hökumət dinc toplaşmanın qarşısını almaq üçün qabaqcadan insanları həbs edə və ya saxlaya bilər. Ikincisi, polis bu nümayişi dağıtmaq üçün zordan istifadə edəcək. Üçüncüsü, polis nümayişdə iştirak edənləri həbs edərək onlara müxtəlif növ inzibati cəzalar verəcək. “Halbuki bu insanlar sərbəst toplaşma hüququnu icra edərək öz baxışlarını ifadə edirlər. Mənim narahatlığım odur ki, bu hal Azərbaycanda siyasi gərginliyi artıra bilər” – deyə R.Denber əlavə etmişdi.

Ən son olaraq isə Avropa Şurasının baş katibi Torbyorn Yaqland prezident İlham Əliyevə məktub yazaraq Azərbaycanda ifadə azadlığı standartlarına əməl edilməməsindən narahat olduğunu bildirib. O, Bakıda 11 və 12 mart aksiyaları öncəsi həyata keçirilən həbslərə toxunaraq toplaşmaq azadlığına məhdudlaşdırıcı yanaşmanı dəyişməyə çağırıb.

Göründüyü kimi, dünya birliyi Azərbaycanda sərbəst toplaşmaq azadlığının hazırkı durumu ilə bağlı ciddi narahatçılıq keçirir və hökumətdən vəziyyəti dəyişmək üçün əməli addımlar gözləyir. Belə olan halda 2 aprel mitinqinə icazə verməmək Azərbaycan hökumətini beynəlxalq aləm qarşısında növbəti dəfə pis vəziyyətə salmayacaqmı?

AXCP sədrinin müavini Nurəddin Məmmədlinin fikrincə, Azərbaycan hökumətinin bu açıqlamalardan ehtiyat edərək aksiyalarla bağlı mövqeyini dəyişəcəyi inandırıcı deyil. Çünki hökumət beynəlxalq qurumlar qarşısında ictimai qınaq mərhələsini çoxdan keçib: “Ölkədə demokratik prinsiplərə cavab verən heç bir addım atılmır. Vətəndaşların fundamental hüquqları bütün istiqamətlərdə çox kobud pozulur. Insanların azad şəkildə seçmək və seçilmək, həmçinin sərbəst toplaşmaq hüququ yoxdur. Mətbuata çox ciddi təzyiqlər, ictimai fəaliyyətə qadağalar var. Ölkədə vicdan məhbusları var. Ona görə bu hakimiyyətin qınaqdan çəkinib dəyişəcəyinə şəxsən məndə inam yoxdur. Bunlar ancaq güc qarşısında geri çəkilə bilərlər. Amma məsələ ondadır ki, Azərbaycan hökumətinin başqa çıxış yolu yoxdur”.

Müsavat başqanının müavini Tofiq Yaqublu deyir ki, hakimiyyət sərbəst toplaşmaq azadlığını kobud şəkildə pozduğunun fərqindədir. Onu da yaxşı dərk edir ki, beynəlxalq aləm ölkədə baş verən hər bir şeyin monitorinqini aparır. Sadəcə olaraq bilərəkdən dünyaya qarşı çıxır: “Hakimiyyət insanlara azadlıq verilməsini özünün sonu kimi görür. Bilirlər ki, insanlara aksiyalar keçirmək üçün icazə versələr, yüzminlər küçəyə çıxıb onların istefasını tələb edəcək. Və bu prosesin qarşısını almaq mümkün olmayacaq. Ona görə də beynəlxalq qurumların sərbəst toplaşmaq azadlığını təmin etməklə bağlı tələbinə heç bir halda əməl edə bilməzlər. Azərbaycan hökuməti ümid edir ki, ərəb ölkələrindəki inqilablar səngiyəcək, bunlar da burada antikorrupsiya və bu kimi gözdən pərdə asan tədbirlər həyata keçirməklə vəziyyəti nəzarətə götürəcəklər. Amma bu mümkün olmayan bir şeydir. Özlərini elə vəziyyətə salıblar ki, hökuməti təhvil verməkdən başqa çıxış yolları yoxdur”.

Gültəkin