Hadı Rəcəbliyə bir xatırlatma


Mübarəkin tifaqını dağıtdılar.
Qəzzafinin çadırı darmadağın oldu.
Abdulla Saleh Yəməndə özünü batırıb.
Səudiyyə Ərəbistanı kralı ölkəsində inqilab küləyi əsməsin deyə, onsuz da kef çəkən rəiyyətinə 28 milyard dollar ayırdı.
Küveyt kralı da analoji addım atdı.
Bəşir Əsəd tikan üstündə oturub Suriyada.
Bəhreyn, Oman sultanlarının yuxusu ərşə çəkilib.
Bu vurhavurda “Azərbaycan” qəzeti saxta parlamentin üzvü Hadı Rəcəblinin dilindən deyir ki, Azərbaycan cəmiyyətində radikal müxalifətə yer yoxdur.
Radikal müxalifət deyəndə də YAP-ın boynu qalstuk gəzdirənlərinin hamısı cəbhəçiləri və müsavatçıları nəzərdə tutur.
Bu hər kəsə bəllidir.
Etiraf edim ki, muzdur ziyalıların, məntiqdən 7 dağ uzaq bəzi iqtidar yetkililərinin müxalifət barədə yazdıqlarını ümumiyyətlə, oxumuram.
Nədən ki, bu zatlar elevterofobiya (azadlıqdan qorxma) mərəzinə mübtəla olduqlarından hürriyyətin nə olduğunu anlamaqda zorlanırlar.
Anlamırlar ki, insanın hürriyyəti yoxsa, istiqlaldan danışmaq absurddur.
Kim bilməsə də, Hadı Rəcəbli bunu bilməlidir.
Çünki şüurlu ömrünün çoxu Milli Məclisin binasında keçib.
Adam parlamentin ən stajlı üzvlərindən biridir.
Bəlkə də, Zeynəb Xanlarova ilə birinci-ikinci yerləri bölüşdürərlər, staj məsələsində, dəqiq bilmirəm.
Yəqin ki, üzrlü sayarsıınız, bu yanlışlığı.
Hadı müəllim siyasi elmlər doktoru, professordur.
8 kitabın və 200-dən çox elmi-publisistik məqalənin müəllifidir. Ana dilindən başqa rus, hətta ingilis dilini də bilir.
Bu, dəqiqdir, çün vikipediyada belə yazılıb.
Mətləbə qayıdaq.
Siyasi elmlər doktoru, professor Hadı Rəcəbli “Azərbaycan” qəzetinin 20 mart sayında Müsavat Partiyasını və AXCP-ni top atəşinə tutub.
Cəbhəçilərə və müsavatçılara “radikal” damğası vurmağı bir yana, onlara cəmiyyətdə yer olmadığını izhar edib.
Müxalifətin “radikal” olduğunu Hadı müəllim siyasi elmlər doktoru kimi necə müəyyən edib?
Güman ki, aksiyalarda “Azadlıq” və “Istefa” kəlmələrinin səslənməsi professor Hadı Rəcəblini qəzəbləndirib.
Və qəzəbi nə qədər şiddətli olubsa, müxalifətə cəmiyyətdə yer olmadığını deyib.
Nə demək istəyir, Hadı Rəcəbli?
Müxalifətin cəmiyyətdə yeri yoxdur…
Bəs peşəkar oğruların, şərəfsiz rüşvətxorların, riyakarların, məddahların yeri necə, Hadı müəllim, cəmiyyətin süfrəsinin yuxarı başındadır?
Qərbdə rüşvətxor məmuru bədənini satan fahişəyə bənzədirlər.
Belə çıxmırmı ki, Azərbaycanda fahişəyə tay rüşvətxora yer var, ancaq azadlıq və demokratiya istəyənə yer yoxdur?
Bilmirsən, güləsən, ya ağlayasan, Hadı Rəcəblinin məntiqinə?
Adama demək lazım ki, ağsaqqal kişisən, ağ saçlarından bir utan, axtarsan ya HACI, ya KƏRBALAYI, ya da MƏŞƏDI tituluna da sahibsən, heç olmasa Allahı yadından çıxarma.
Nə düşmüsünüz, müxalifətin üstünə?
Bəlkə amneziyanız var deyə Milli Məclisdə Sosial Siyasət Komitəsinin sədri olduğunuzu unutdunuz?
Unutdunuzsa, xatırlatmağa dəyər.
Hadı müəllim, açın qulağınızı eşidin, siz Milli Məclisin Sosial siyasət komitəsinin sədrisiniz.
Və nədənsə, sosial problemləri dilə gətirmək əvəzinə iqtidara züy tutmağa aludəsiniz. O iqtidara ki:
– sovet dönəmindən qalan əmanətləri qaytarmır, bu bir;
– pensiyaçıları ayı 85 manata başa vurmağa vadar edib, bu iki;
– işsizliyin qarşısını ala bilmir, bu üç;
– büdcə təşkilatlarında çalışanları adam gününda yaşatmır, bu da dörd. 
Lütfən, Hadı müəllim, müxalifəti söyməkdənsə, bu problemlərdən danışın.
Danışmağa cəsarətiniz yoxsa, susun.
Susmağın qızıla bərabər olduğunu demədimi atalar?!.