Sayğılı xanımlar, sayğılı bəylər! Sevgili yurddaşlarım! Sizi inandırıram, bugünlər ən baxımlı televiziya başında buxalter Arif Alışanovun durduğu AzTV-dir. Daha doğrusu, AzTV-nin “Xəbərlər” proqramı. Çalışın, qaçırmayın, baxın! Ilham Əliyevin, Əliyevlərin, onlara bağlı olanların 40 illik hakimiyyəti itirmək qorxusunun bu günlər AzTV-də necə sərgiləndiyinə baxın. I.Əliyev bugünlər müxalifətlə-xalqla savaşa çıxmaqla Liviyada 40 ildən bəri hakimiyyətdə olan Qəzzafinin yolunu getməkdədir. Arada bircə ayrıntı var: I.Əliyev hələlik xalqla başlıca olaraq informasiya savaşı aparmaqdadır. Bu, çağdaş dünya görsənişidir: qabaqca informasiya savaşı başlayır…
Hamısı bir ələ bağlı AzTV-lərin informasiya proqramları bu günlər xeyli maraqlıdır. Ancaq ən maraqlısı, sözsüz, AzTV-nin “Xəbərlər”idir. Ondan sonra gəlir I.Əliyevin əmoğlu televiziyası – “Lider”. Dövlət televiziyası sayıldığından, dövlətin başında duran kimsəyə birbaşa bağlı olduğundan biz bugünlər ölkədə nələr baş verdiyini, başda duranların nə düşündüyünü, hansı qorxuları yaşadığını bilmək üçün teleseçim üstünlüyünü, sözsüz, AzTV-yə, onun “Xəbərlər” proqramına verməliyik. “Xəbərlər”sə əliyevçi II Fəzail Ağa malı rolunu oynayan Ibrahim Məmmədovla gözəldir. Bu sıradan adları çəkiləsi xeyli yaranmış var. Bu subyektlər, demək olar, hər gün televiziyalara doluşub, əliyevçi rejimi Xalqın ACIQ GÜNÜndən qorumağa çalışırlar. Liviyada Qəzzafinin xalqa qarşı çıxan muzdluları kimi, bunlar da I.Əliyevin muzdlularıdır. Adamlar Ibrahim (düzgün adı bunun oxşarıdır!) Məmmədovun dopinq udmuş kimi necə “ürəkdən” danışdığını görürlər, ancaq onun bu sayaq “canımyandı” çıxışlara görə necə böyük pullar qazandığını bilmirlər…
Qarşıdan böyük mitinqlər gəlir. Yenə “zəhmətkeş” çarxlarını işə salıb fır-fır fırladırlar. Ib.Məmmədovun ardınca “zəhmətkeşlər” 18 il qabağın 1 illik AXC hakimiyyətini söyməyə girişirlər. Nədənsə bu “zəhmətkeşlərin”, demək olar, hamısının – qadınlı-kişili, gəncli-qocalı – üzündən harınlıq yağır. Onlar müxalifətin Qarabağı ermənilərə verməyindən, AXC-nin ölkəni dağıtdığından, AXC hakimiyyəti dönəmindəki hərc-mərclikdən, Əliyevlərin, başlıcası da Ilham Əliyevin Azərbaycanı Avropa səviyyəsinə çatdırdığından, ölkədə yaradılan sabitlikdən, xalqın yüksək yaşayışından ağızdolusu danışırlar. Demək olar, bütün çıxışlar prezidentə, onun xanımına yaltaqlanmaqla bitir. Haralardasa şəhid ailəsinə ev verilir, hansısa yardım edilir, hardasa məktəb, xəstəxana tikilir, təmir olunur – bütün bunlara görə adamlar prezidentə, onun xanımına “minnətdarlıq” sərgiləyirlər.
Nəyə görə? Ata-oğul Əliyevlər o başdan bu başa dövlət, dövlətçilik institutunu, eləcə də demokratik quruluşu yox etdiklərinə, “Dövlət mənəm!” prinsipini Ana Yasadan, Dövlət Qanunlarından üstün prinsipə çevirdiklərinə, bütün bunların yerinə rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq kimi antidövlət ilkələrini DÖVLƏT SIYASƏTINƏ çevirdiklərinə görə! Soruşmaq gərəkir: ölkədəki bütün təmir-tikinti, quruculuq-abadlıq işləri ər-arvad iki adamın işidirsə, onda hər il milyonlarla pul xərclənən azman dövlət aparatını, çoxsaylı nazirlikləri, rayon icra hakimiyyətlərini saxlamaq nəyə gərəkdir? Axı, onlar AzTV-lərin hər gün xalqa çatdırdığı kimi, funksionallığını itirmiş qurumlardır. Gündəlik televiziya proqramlarından da göründüyü kimi, bu gün Azərbaycanda funksional baxımdan qalası, ailə-dovlət büdcəsindən pul alası dörd qurum var: DIN, MTN, Prokurorluq, Məhkəmə. Bunların funksionallığı isə milli dövlət maraqlarına deyil, bəlli Ailə-komanda maraqlarına qulluq funksionallığıdır. Budur əliyevçi Azərbaycan dövləti! Ölkədə yeri-göyü bürüyən bütün yalanlar bu gerçəyi gizlətməklə xalqı hələ uzun illər aldadıb alıqlamaq üçündür!
AzTV-yə baxmalı, qanadlanıb qalxmalı!
•