Tatlısəs yemək yeməyə başladı

Sənətçi növbəti dəfə əməliyyat olunacaq

Həkimlər İbodan sui-qəsdə məruz qaldığını gizlədirlər

Bir neçə gün əvvəl Maslakda silahlı hücuma məruz qalaraq təcili əməliyyat olunan müğənni İbrahim Tatlısəsin vəziyyəti gündən-günə yaxşılaşır. Dünən “Acıbadem” xəstəxanasının baş həkimi Çağlar Çuhadaroğlu sənətçinin səhhəti ilə bağlı açıqlama verib. Baş həkim Tatlısəsin vəziyytində irəliləyiş olduğunu və yemək yeməyə başladığını bildirib: “Püre kimi yüngül və rahat həzm olunan qidalar verməyə başlamışıq.
Hərəkətləri hər keçən gün artmaqdadır. Fizioterapiya və reablitasiya prosesi davam etdirilir”. 
İ.Tatlısəsin ikinci əməliyyatının tarixi də açıqlanıb. Müğənni növbəti dəfə aprelin 5-də əməliyyat olunacaq. Qeyd edək ki, Tatlisəs sui-qəsddən 1 saat sonra  əməliyyat olunmuşdu. 4,5 saat davam edən əməliyyat zamanı onun parçalanmış kəllə sümükləri beynindəki şişin keçməsi üçün qarın boşluğuna yerləşdirilmişdi. Cərrahlar 8 saat davam edəcək əməliyyat zamanı Tatlisəsin qarın boşluğundakı kəllə sümüklərini yenidən onun başına yerləşdirəcəklər.
Bu arada həkimlər İbodan silahlı hücuma məruz qaldığını  gizlədirlər. Onun “mən niyə burdayam?” sualına cavab olaraq avtomobil qəzasına düşdüyü, kəməri taxmadığı üçün başının maşının şüşəsinə dəyərək yaralandığı bildirilir. Həkimlərin fikrincə, həqiqətin söylənilməsi Tatlısəsi stressə və ruh düşkünlüyünə sala, müalicənin uğurlu getməsini əngəlləyə bilər. Bu səbəbdən ziyarətə gələn hər kəsə sui-qəsddən söz açmamaları barədə xəbərdarlıq edilir. Sənətçinin saxlanıldığı otağa isə televizor və radio qoyulmur.
“Bütün dünya bilsin ki, İbrahim Tatlısəs Rocdi Səidin namusudur, şərəfidir”. Bunu Tatlısəsin Şimali İraqdan olan iş ortağı Rojdi Səid deyib. “Al Adel Company”nin sahibi olan  Səid iş ortağı İbrahim Tatlısəsi ziyarət etmək təyyarə ilə Ərbildən İstanbula gedib. İbonu görmədən curnalistlərə heç bir açıqlama verməyəcəyini deyən Rojdi Səidi xəstəxananın qapısında Tatlısesin 2 oğlu Əhməd və İdo Tatlı qarşılayıb. Yaralını ziyarət edən Rocdi Allahın Tatlısəsi qoruduğunu deyib: “Allahıma çox şükür. Allah qardaşıma qüvvət verdi. Yaxşıdır. Etdiyi yaxşılıqlara görə, Allah onu qorudu. Nə qədər yaxşılıq etsək, o qədər yaxşılıq görərik. Mən də bura gəlib məlumat almasaydım narahat olardım. Allaha şükür ki, Əhmədi gördüm. Tatlısəs barədə məlumat aldım. Bütün dünya bilsin ki, Tatlısəs Rojdi Səidin namusudur, şərəfidir. Özünü görməsəm də səhhəti barədə məlumat aldım”.

Gültəkin