Liviya əməliyyatına Türkiyə də qatıldı

ABŞ Ankaraya təşəkkür etdi

NATO-nun Liviyaya qoyduğu silah embarqosunu tətbiq etmək üçün ən böyük məsuliyyət Türkiyənin üzərinə düşür.

Belə ki, dənizdə ən çox hərbçi və texnika Türkiyə Ordusuna məxsus olacaq. Türkiyə Hərbi Dəniz Donanması Liviyaya 5 gəmi və 1 sualtı qayıq göndərib. Gəmilərdən ikisi artıq Liviyaya çatıb.

Ümumiyyətlə, NATO-nun missiyası çərçivəsində ölkəyə 16 hərbi gəmi göndərilməsinə qərar verilib. Bunlardan 6-sı Türkiyəyə məxsusdur. Missiyaya komandanlığı və nəzarəti İtaliya gəmisi həyata keçirəcək. Bundan başqa, Kanada, İspaniya, İngiltərə, Yunanıstan və ABŞ gəmiləri də dənizdən ölkəyə silah keçirilməsinin qarşısını alacaq.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Mark Toner keçirdiyi brifinqdə ölkəsi adından Türkiyəyə əməliyyatlara qatılmağa razılıq verdiyi üçün təşəkkür edib. “Beynəlxalq koalisiyanın əməliyyatlarında ABŞ-ın “qoruyucu güc – hami dövlət” rolunu qəbul etdiyi və əməliyyatlara qatılmağa razılıq verdiyi üçün Türkiəyə təşəkkür edirik. Eyni zamanda, “New York Times”ın Liviyadakı reportyorlarının azad edilməsində və ölkəni tərk etmələrinin təminatında Türkiyənin səylərinə görə Ankaraya minnətdarıq”, – deyə Toner bildirib.

Əldə edilmiş razılıqlara görə, Türkiyənin Tripolidəki səfirliyi eyni zamanda Liviyada ABŞ-ı da təmsil edəcək.