ndi

Bakıda Obamanın təşkilatını bağladılar

Hökumət MDİ-nin Azərbaycan nümayəndəliyinin qapısını qıfıllayıb; işçilər içəri buraxılmır

ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan nümayəndəliyi artıq bağlanıb. Bu barədə “Yeni Müsavat”a ofisin yerləşdiyi “Landmark” Biznes Mərkəzinin işçilərindən biri məlumat verib. Ötən həftənin sonlarında MDİ-nin Azərbaycan nümayəndəliyinə gələn və özlərini təqdim etməyən şəxslər ofisin işçiləri ilə kobud davranıblar. “Onlar Milli Demokratiya İnstitutunun Azərbaycan nümayəndəliyinin işçilərinə dedilər ki, sizə deməyiblər fəaliyyətinizi dayandırın? Ofisi bağlayıb, işçiləri də çölə çıxardılar. Mərkəzin işçilərinə də dedilər ki, ofisin nümayəndələrini içəri buraxmayın. Bizdə olan məlumata görə, onlar Milli Təhlükəsizlik Nazirliyinin işçiləri idi”-deyə “Landmark”ın işçisi bildirib.

Mənbənin bildirdiyinə görə, MDİ-nin ofisi “Landmark”ın 3-cü mərtəbəsində 60 kvadratmetrlik sahədə yerləşir. Ofisin bütün avadanlıqları qalıb içəridə, işçilər isə binaya buraxılmırlar.
Qeyd edək ki, martın 7-də MDİ Azərbaycan nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs  Ədliyyə Nazirliyinə çağırılaraq ona ofisi bağlaması barədə xəbərdarlıq məktubu təqdim olunmuşdu. Məktubda Azərbaycan qanunvericiliyinin beynəlxalq təşkilatların ölkədə qeydiyyatsız fəaliyyətinə imkan vermədiyi bildirilir və MDİ-nin fəaliyyəti dayandırmaları tələb edilirdi. MDİ son beş ildə bir neçə dəfə qeydiyyat üçün Ədliyyə Nazirliyinə müraciət edib və hər dəfə rədd cavabı alıb.

ABŞ səfirliyi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və MDİ-nin Vaşinqton ofisi ilə məsləhətləşmələr aparılır. ABŞ-ın Bakıdakı səfirliyinin sözçüsü Kis Bin  bildirmişdi ki, MDİ nümayəndəliyi ilə bağlı məsələni aydınlaşdırmağa çalışırlar. Məsələ aydınlaşan kimi rəsmi məlumat yayılacaq.

MDİ Azərbaycanda siyasi partiyalarla bağlı proqramları bir ildən artıqdır ki, dayandırmışdı. Təşkilatın ölkədə əsas fəaliyyət dairəsi seçki monitorinqi və gənclərlə iş idi. Ki həftə əvvəl təşkilatın Bakı ofisinin rəhbəri müxalifət partiyaları ilə təmasda olub, görüşlər keçirib. MDİ ABŞ-da hazırda iqtidarda olan Demokratlar  Partiyasına bağlı qurumdur və missiyası demokratik islahatlara dəstək verməkdir. Hesab etmək olar ki, hazırda MDİ həm də prezident Barak Obamanın təşkilatıdır. Əslində Azərbaycan hakimiyyətinin bu təşkilatdan, eləcə də Beynəlxalq Respublikaçılar İnstitutundan əvvəldən xoşu gəlməyib. Onların müxalifətlə təmaslarını məhdudlaşdırmağa çalışıb.