“Azadliq” radiosu müxalifət liderləri – AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərdən Liviya əməliyyatına münasibət öyrənib. Onların fikirlərini cüzi redaktə ilə təqdim edirik.
Əli Kərimli: “Anlamalıdırlar ki, hətta bu qədər qəddar, dəli və qaniçən olmaq da hakimiyyətə təminat vermir”
“Qəzzafi Şimali Afrikadakı ərəb liderlərinin hamısından daha qəddar hərəkət etdi. Belə bir vəziyyətin 1 ayadək cavabsız davam etməsi onu göstərir ki, bu cür məsələlərə reaksiya baxımından beynəlxalq sistem hələ də təkmil deyil. Qəzzafinin nümunəsi göstərir ki, bəşəriyyət hələ də öz xalqının qanına susayan, psixi cəhətdən pozuntusu olan, öz vəzifəsindən və var-dövlətindən ötrü minlərlə insanın canına qıyan belə adamlardan hali deyil. Belələrini durduracaq işlək mexanizm olmalıdır.
BMT-ni bu qərarı verdiyinə görə yox, gecikdirdiyinə görə qınamaq lazımdır. Xüsusilə bu qərarın verilməsinə mane olan dövlətlər öz məsuliyyətlərini hiss etməlidirlər ki, onların qərarsızlığına görə minlərlə dinc liviyalı həyatını itirdi. Bu baş verənlərdən hər kəs özü üçün dərs götürməlidir. İlk növbədə Qəzzafi düşüncəsinə malik olan dövlət başçıları anlamalıdırlar ki, hətta bu qədər qəddar, dəli və qaniçən olmaq da hakimiyyətə artıq təminat vermir. Dünya dəyişib. Dünyanın yeni şərtlərinə uyğunlaşmaq lazımdır”.
İsa Qəmbər: “Bu hadisələr bir çox avtoritar liderlərə, diktatorlara dərs olacaq”
“Qəzzafi bir diktator tipidir. Ancaq diktatorların fərqlilikləri də var. Qəzzafi bütün reallıq hissini, hadisələrə adekvat reaksiya vermək imkanını itirmiş bir diktatordur. O öz xalqına qarşı dəhşətli cinayətlər törətməklə yanaşı prosesin gedişinə də əngəllər törədir.
Qəzzafinin taleyi bütün diktatorlara Hüsnü Mübarəkin, Ben Əlinin taleyindən daha artıq nümunədir ki, demokratik proseslərin qarşısını almaq mümkün deyil. Öz azadlığı uğrunda mübarizə aparan xalqa qarşı tətbiq edilən heç bir zorakılıq, repressiya bu prosesi dayandıra bilməz.
Təəssüf ki, diktatorlar, avtoritar liderlər belə hadisələrdən nəticə çıxarmağa meylli olmurlar. Onlara həmişə elə gəlir ki, özləri də, idarə etdikləri ölkə də fərqlidir və taleləri də fərqli olacaq. Amma hər dəfə də yanılırlar.
2010-cu ilin sentyabrında BMT Baş Assambleyasının toplantısında ABŞ prezidenti Barak Obama açıq şəkildə dedi ki, öz xalqına zülm edən avtoritar liderlər, öz hakimiyyətlərini süni şəkildə uzadan dövlət başçıları azadlığın və azad dünyanın düşmənləridir. Bu, çox aydın bir mesaj idi. Ağıllı adamlar hələ o zaman bu mesajdan öz hesablarını götürməli idilər. Təəssüf ki, yalnız çox ciddi qarşıdurmalardan, itkilərdən sonra diktatorlar, avtoritar liderlər nə baş verdiyini anlamağa başlayırlar. Mən ümid edirəm ki, bu hadisələr bir çox avtoritar liderlərə, diktatorlara dərs olacaq.
Dünya Liviyada baş verənlərə müdaxilə etməyə məcburdur. Çünki bir diktatorun öz xalqını kölə vəziyyətində saxlamasına, sonra da öz haqqını tələb etdiyi üçün repressiyalara, qətliamlara başlamasına uzun müddət dözmək olmaz. Dünyanın buna indiyədək dözməsi təəccüblü idi”.