Nemət Əliyev: «Hakimiyyətin əhalinin mənzil şəraitini yaxşılaşdırmaq üçün təklifi növbəti bir şoudur»
Azərbaycanda xüsusilə aztəminatlı ailləri düşündürən problemlərdən biri də mənzil vəziyyətinin yaxşılaşdırılması ilə bağlıdır. Ölkəmizdə mənzillərin qiymətinin əhalinin gəlirlərinə adekvat olmaması bu problemin həllini bir qədər qəlizləşdirir. Bu günlərdə gözlənilmədiyi halda YAP-dan əhalinin yaşayış şəraitinin yaxşılaşması ilə bağlı təklif səsləndi. YAP-ın icra katibi Əli Əhmədovun fikrincə, belə proqramın reallaşdırılmasına 10 il ərzində 1 milyard manat yönəldilə bilər.
AXCP Iqtisadiyyat Komissiyasının rəhbəri Nemət Əliyevin fikrincə, hökumətdən gələn bu təklifin konkret olaraq nəyə əsaslandığı və özündə nəyi ehtiva etdiyi məlum deyil. Amma Azərbaycan cəmiyyətində bu gün mənzil probleminin kifayət qədər aktual olduğunu deyən N.Əliyev Azərbaycana gələn iri neft pullarının hesabına bu problemi çoxdan həll etmək mümkün idi: “Əhalinin aztəminatlı hissəsi üçün mənzil təminatı uzun illərdir aktual problem olaraq qalmaqdadır. Amma problemin aktuallığına baxmayaraq, onun çözümü istiqamətində real addım atılmır. Bu hakimiyyət Ipoteka haqqında qanun qəbul edərək kreditlər verməyə başladı. Amma bu kreditlərdən real mənzilə ehtiyacı olan aztəminatlı ailələr istifadə edə bilmədilər. Ona görə də YAP funksionerinin bu təklifinin reallaşacağı inandırıcı görünmür. Çünki Azərbaycan xalqı bu cür populist çıxışları çox görüb. Bu hakimiyyətin düşüncə tərzi, xisləti bəllidir. Onlar xalqı düşündürən heç bir addım atmayıblar”.
Bu baxımdan YAP-dan gələn təklifin növbəti korrupsiya layihəsi ola biləcəyini deyən N.Əliyev vurğuladı ki, vaxtilə şəkər və konserva zavodlarının açılışları da xalqa böyük təm-təraqla təqdim olunurdu. Və bildirilirdi ki, bu ərzaq məhsullarının qiymətləri tezliklə daxili bazarda aşağı düşəcək. Amma görünən o oldu ki, həmin məhsulların dəyəri 30-40 faiz də artdı: “Hakimiyyətin əhalinin mənzil şəraitini yaxşılaşdırmaq üçün təklifi növbəti bir şoudur.
Və Yaxın Şərqdə baş verən proseslərdən qaynaqlanır. Görünür, bu cür addımlarla hakimiyyət xalqın ürəyinə yol tapmaq istəyir. Amma bir məqamı unudur ki, ölkədə normal mühit olsaydı, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə aparılsaydı, Azərbaycanda mənzillərin qiyməti belə baha olmazdı. Vətəndaşlarımız mənzil problemlərini özləri həll edərdi”.
Xəyal