Nazirlər Milli Məclisə niyə gəlməyib?

Kəmaləddin Heydərovla Füzuli Ələkbərov hökumətin hesabatı zamanı tənqid ediləcəklərindən ehtiyatlanıblar

Milli Məclisdə hökumətin hesabatı zamanı fövqəladə hallar naziri Kəmaləddin Heydərovla əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun iclasa qatılmaması diqqətdən qaçmadı. Əldə etdiyimiz məlumatlara görə, adıçəkilən məmurların sözgügedən iclasda iştirak etməməsi təsadüfi olmayıb.
Bildirilir ki, Kəmaləddin Heydərovla Füzuli Ələkbərov Milli Məclisin iclasında tənqid atəşinə tutulacağından ehtiyatlanıb. Müxalifətin təmsil olunmadığı Milli Məclisdə hansısa nazirin ünvanına tənqid səsləndirilməsi inandırıcı görünməyə bilər. Lakin nəzərdən qaçırmaq lazım deyil ki, Milli Məclisdə təmsil olunan deputatlar hakimiyyətdəki ayrı-ayrı qruplaşmaları təmsil edir. Hökumətin hesabatı isə “antikorrupsiya şousu” çərçivəsində iqtidar daxilində qruplarası ziddiyyətlərin kəskinləşdiyi dövrə təsadüf edib. Kəmaləddin Heydərovla Füzuli Ələkbərov da bu üzdən iclasda tənqid oluna biləcəyini düşünüblər və müzakirələrə qatılmamaq qərarına gəliblər.
Yeri gəlmişkən, nəqliyyat naziri Ziya Məmmədov da iclası erkən tərk edib. Nəqliyyat nazirinin bu addımı da tənqiddən sığortalanmağa hesablanıb.