Qurumun növbəti toplantısı martın 24-də ADP-də keçiriləcək
İctimai Palataya üzv olmaq istəyənlərin sayı artmaqda davam edir. Ümid və Azərbaycan Demokrat Partiyasının deputatlığa namizəd olmuş üzvləri də quruma üzv olmaq niyyətlərini açıqlayıb. Bu niyyət İctimai Palatada necə qarşılanacaq?
Qurumun iki əsas meyar üzrə formalaşdığını deyən İctimai Palatanın Koordinasiya Şurasının üzvü, AXCP sədri Əli Kərimli öətn parlament seçiklərinin nəticəsini tanımayan hər bir keçmiş namizədin ora üzv ola biləcəyini deyir: «Bu qurumu 2010-ci ildəki parlament seçkilərinin nəticələrini tanımayan, yeni parlament seçkilərinin keçirilməsini tələb edən millət vəkilliyinə namizədlər təsis edib. Sonradan vətəndaş cəmiyyətinin nümayəndələri bura əlavə olunub və İctimai Palata hazırki formasını alıb. Beləliklə seçkilərdə adı çəkilən, yaxud digər partiyalardan namizəd kimi qatılmış, seçkilərin saxtalaşdırıldığını bəyan edən, onun nəticələrini tanımayan istənilən şəxs qurumun təsisi haqqında sənədi imzalamaqla ora üzv ola bilər. Bu baxımdan həm ADP, həm Ümid partiyasından, həm İnsan Naminə blokundan istənilən namizəd gəlib bizim təsis sənədimizi imzalamaqla İctimai Palataya üzvü ola bilər».
Ə.Kərimli müraciətlərə Koordinasiya Şurasında baxıldığını və məqsədəuyğun bilinən namizədlərin İctimai Palataya üzv kimi təklif edildiyini deyir.
AXCP sədri hazırda İctimai Palataya üzv olmaq istəyən xeyli sayda belə namizədlərin olduğunu da qeyd etdi: «Müxalifət partiyalarından olan deputatlığa namizədlərin İctimai Palataya üzv olmaq istəklərini təqdir edirəm. Bildirmək istəyirəm ki, onların İctimai Palatada təmsil olunmasına heç bir maneə yoxdur. Onların İctimai Palatada fəaliyyəti bütövlükdə müxalifət düşərgəsi üçün də faydalı ola bilər».
İctimai Palatanın növbəti sessiyasının tarixini açıqlayan Ə.Kərimli toplantıda 2 aprel mitinqinə hazırlıq məsələsinin müzakirə ediləcəyini də vurğuladı: «İctimai Palatanın növbəti iclası martın 24-də, saat 12-də ADP qərargahındakı zalda keçiriləcək. Bununla bağlı ADP sədri Sərdar Cəlaloğlu ilə razılıq əldə olunub. Qurumun üzvlərinin sayı artır və hazırda 227-ə çatıb. Artıq Müsavat partiyasının qərargahındakı zalda iclasları keçirmək çətinlik yaradır. Hələlik iclasları keçirmək üçün daimi yerimiz də yoxdur. Ona görə də növbəti sessiyasının yerini ADP sədri ilə razılaşdırdıq. Əsasən gündəliyə təklif olunan məsələ də 2 aprel mitinqinə hazırlıq olacaq».
Fizzə



