Atası İlyas Hacıyev: «Bəxtiyara mane olmaq fikrindən uzağıq»
Anası Solidə Mövlayeva: «Vüsal Məmmədov da Bəxtiyara çirkinlik yaxmaqla Etibarın əldə etdiyi ”uğurları” qazanmaq istəyir»
Həbs edilən gənc fəal Bəxtiyar Hacıyevin ailəsinə ötən gün bir qrup gənc baş çəkdi. Bəxtiyarı yaxından tanıyan, onunla yalnız internetdə söhbət edən, hətta adını eşidib özü təmasda olmayan şəxslər belə Gəncəyə yola düşmüşdülər. Təxminən 6 saatlıq yoldan sonra gənc fəalın yaşadığı ünvana yetişdik.
Ailəsi ilə daha çox Bəxtiyarın uşaqlıq illərindən söhbət etdik.
“Partiya biletimi Heydər Əliyevin qəbri üstündə qoyacam”
Övladı ilə fəxr etdiyini, heç vaxt ona hansısa bir işi gördürmədiyini deyən Ilyas Hacıyev deyir ki, oğlunun həbsi qanunsuzdur: “Bunu Gəncədə uşaqdan-böyüyə hamı bilir. Oğlum həmişə yaxşı səviyyədə təhsil almağın tərəfdarı olub. Buna görə də ”Təhsildə rüşvətə yox” kampaniyasını aparıb. Bu qədər problemlərin içində o heç vaxt özünə rahat həyat tərzi seçə bilməz. 2007-ci ildə susmayaq.biz adlı sayt yaratdı. Buna görə həbs edildi. O vaxtdan bilirdik ki, başı qalmaqalda olacaq. Amma ona mane olmaq fikrindən uzaq idik. Çünki o öz haqq yolundan dönən deyil”.
Ilyas bəy etiraf edir ki, bir neçə dəfə Bəxtiyara siyasətlə məşğul olmamaq üçün tövsiyə verib, amma bunun heç bir xeyri olmayıb.
Anası Solidə Mövlayeva da oğlunun haqq yolunda olduğunu, sona qədər onu dəstəkləyəcəyini deyir: “Mən etiraz əlaməti olaraq YAP-dan çıxmışam. Lakin partiya biletimi buradakı nümayəndəliyə qaytaran deyiləm. Aparıb Heydər Əliyevin qəbri üstündə qoyacam. Məndən başqa bir neçə müəllim də YAP-dan çıxmaq barədə düşünür. Düzdür, onlar sırf Bəxtiyara görə deyil, ümumiyyətlə, ölkədəki baş verən olayalara etiraz əlamətə olaraq partiya sıralarını tərk etməyi düşünürlər”.
Bəxtiyar litseyə daxil olana qədər 11 saylı məktəbdə təhsil alıb. Oğluna dərs də deyən S.Mövlayeva deyir ki, Bəxtiyardan həm övlad kimi, həm də şagird kimi razı olub: “Mən bütün yaxşı şagirdlərimi öz övladlarım kimi istəyirəm”.
Ona dərs deyən bütün müəllimlərin Bəxtiyara qarşı aparılan çirkin kampaniyalara etirazlarını bildirdiyini deyən ana qeyd edir ki, Lider TV-ni qınamır: “Bir vaxtlar Etibar Hüseynov haqqın yanında olanları təhqir edir, onlara iftiralar atırdı. Bu yolla gedib deputat oldu. Yəqin ki, Vüsal Məmmədov da Bəxtiyara çirkinlik yaxmaqla Etibarın əldə etdiyi ”uğurları” qazanmaq istəyir”.
“AXCP Bəxtiyarın həbsini pisləyir”
Uşaqlıqda dəcəl olmayan amma sona qədər sözünü deyən Bəxtiyarı anası belə xarakterizə edir: “Heç kimlə işi olmazdı. Dalaşqan deyildi. Ətrafdakıları həmişə sözlə başa salmağa çalışardı. Istədiyinə nail olmayanda sakitcə qapqara olub dururdu”.
Ailəni yoluxmağa gələn “Nida” Vətəndaş hərəkəatının üzvləri Zaur Qurbanlı, Etibar Salmanlı, Hüseyn Məmmədov, AXCP gənclər komitəsinin sədri Əbülfəz Qurbanlı, Ümid partiyasının beynəlxalq məsələlər üzrə şöbənin müdiri Qaya Əliyev və başqa şəxslər “onu necə müdafiə edək” barədə söhbət etdilər.
Əbülfəz Qurbanlı Bakıda gənc fəalla bağlı yetərincə işlər görüldüyünü dedi: “Amma Gəncədə də yüksək səviyyədə işlər görülməlidir. Insanlar bilməlidir ki, Bəxtiyar niyə həbs olunub. Onun müdafiəsinə müəllimlərdən tutmuş gənclərə kimi hamını səfərbər etmək lazımdır. Gəncədə olan QHT-lər bu işlə məşğul olmalıdır. Bəxtiyar barədə hər hansı məlumat əldə edən kimi onu mətbuata ötürmək lazımdır”.
Ə.Qurbanlı Bəxtiyarın həbs məsələsinin AXCP rəhbərliyinin diqqətində olduğunu bildirdi: “Bizim bununla bağlı mövqeyimiz var. Partiya Bəxtiyarın həbs olunması ilə bağlı bəyanat yayıb. Istərdik ki, hər kəsin mövqeyi ortada olsun. Avropa təhsili görmüş bir gəncin əsassız yerə həbs edilməsi ilə bağlı müdafiə tədbirlər daha da gücləndirilməlidir”.
Qaya Əliyev qeyd etdi ki, Bəxtiyar insanların həyatı naminə şəxsi təhüləkəsizliyini riskə atıb: “O da çoxları kimi özünə rahat həyat tərzi seçə bilərdi, amma bu yolu tutmadı”.
Gəncləri izləyən “Prado”
Ailəsi ilə söhbətləşib, Bəxtiyarla görüşə icazə almaq üçün Gəncə şəhər Nizami Rayon Məhkəməsinə üz tutduq. Adi bir ərizəni Bəxtiyarın barəsində 1 aylıq həbs-qətimkan qərarı çıxaran hakim Rahim Muradova vermək üçün 1 saata yaxın gözləməli olduq. Sonradan məlum oldu ki, biz ərizəni prokurorluğa verməliyik. Işin maraqlı tərəfi ondan ibarət idi ki, Gəncəyə ezam olunan RATI-nin əməkdaşları gəlib-getmələri barədə sənədə möhür vurdurmaq istəyəndə onlara vəkilin lazım olduğu bildirildi. Bu cavabdan sonra işin nə yerdə olduğunu anlayıb Prokurorluğa üz tutduq. Yolboyu bizi izləyən ağ rəngli “Prado” sonda istəyinə çatdı. Şəhərin mərkəzi ilə üç-üç, beş-beş gəzən zaman üç polislə Gəncə şəhər polis idarəsinin rəis müavini Ilqar Balakişiyev qarşımızı kəsdi. Bizimlə söhbət etmək üçün beş dəqiqəlik bölməyə təşrif buyurmağı məsləhət gördü. Beş dəqiqəlik söhbəti elə ayaqüstü etməyin mümkün olduğunu I.Balakişiyevin diqqətinə çatdırsaq da nəticəsi olmadı. Sonda razılaşıb bölməyə üz tutduq. Bölməyə çatanda artıq gənclər Facebook və Twitter vasitəsi ilə bölməyə aparıldığımızı yaymışdılar. Buna görə də bölməyə çatar-çatmaz “Azadlıq” radisoundan tutmuş “Turan” informasiya agentliyinə qədər gənclərlə əlaqə yaradıldı. Rəis müavini gənclərlə söhbət etmək istəsə də, mediaya məlumat vermək daha önəmli idi. Ona görə də I.Balakişiyev bir neçə dəqiqə dözməli oldu. Sonra bir-bir kimliyimizlə maraqlandı. Jurnalistlərin kim olduğunu bildi. Amma bloggerlərin fəaliyyətini anlamadı. Anlatmağa çalışsaq da alınmadı. Ən sonda bildi ki, qəzetdə işləyənlər jurnalist adlanır, internetlə məşğul olanlar blogger. Yalnız bu cür rəis müavini başa sala bildik.
Bizimlə elə-belə görüşdüyünü deyən, Gəncənin xoşumuza gəlib-gəlmədiyini soruşan I.Balakişiyev sonda bizi nahara dəvət etdi. Gedə bilməyəcəyimizi, üstəlik, tez bir zamanda Bakıya yola düşəcəyimizi ona desək də “heç olmasa bir çay için” təklifində bulundu. Bunun da mümkün olmadığını rəis müavinin diqqətinə çatdırdıq.
Sağollaşanda “əgər Gəncədə qalası olsanız, mənə xəbər edin, sizə hoteldə yer saxlayım” deyib bir daha qonaqpərvər olduğunu nümayiş etdirdi.
İcra başçısının “təqdimatı”
Bölmədən çıxıb prokurorluğa üz tutduq. Orada tez bir zamanda bizim müraciətə müsbət cavab verəcəklərinə söz verib, bir növ bizi başlarından elədilər. Bildirdilər ki, Bəxtiyarla görüşə bilmərik. Amma müraciətdən sonra buna maksimum çalışacaqlarını dedilər.
Bəxtiyarla görüşə bilməsək də ailəsi ilə görüşü bizə bir qədər toxtatlıq verdi. Bakıya qayıdırıq. Mikroavtobus təzəcə yerindən tərpənmişdi ki, birdən tıxaca düşdü. Məlum oldu ki, Yevlaxda adı dillər əzbəri olan, bir neçə həftədir ki, Gəncəyə icra başçısı təyin edilən Elmar Vəliyev öz əsabələri ilə əsas yoldan keçir. Deməli, yeni başçı da özünü camaata belə təqdim edir…
Ramin DEKO,
Bakı-Gəncə-Bakı