“Kalaşnikov” başqa yerdən çıxdı
İbonun qan düşməni ilə barışdığını təsdiq edən görüntülər yayıldı
Tatlısəsi süni nəfəs aparatından ayırmağı kim tələb edib?
İbrahim Tatlısəsə qarşı silahlı hücumda istifadə olunan avtomobilin və bir ədəd Kalaşnikov silahının tapıldığı barədə məlumat vermişdik. Türkiyə polisi bu silahı əsas şübhəlilərdən olan Abdullah Uçmağın sevgilisi olduğu bildirilən qadının evində aşkarlamışdı. Lakin araşdırmalardan sonra məlum olub ki, hücum zamanı bu silahdan istifadə olunmayıb. Cinayətdə istifadə olunan silah dünən başqa bir məkandan – Ömərli səddindən tapılıb. Tətiyi çəkdiyi iddia edilən şübhəli isə Balıkəsirdə yaxalanıb. Əvvəllər də məhkum edilən Ersin adlı bu şəxsin vaxtilə Abdullah Uçmağın həbsxana yoldaşı olduğunu deyənlər var.
Abdullah Uçmaq Ibodan 100 min qanpulu alıbmış
Bu arada Türkiyə mediasında I.Tatlısəslə qan düşməni olduğu söylənilən A.Uçmağın yeni görüntüləri yayımlanıb.
Həmin görüntülərdə Uçmaqla Tatlısəsin barışıq yeməyinə qatıldığı və tərəflərin bir-biri ilə isti münasibətdə olduğu görünür. Barışıq ziyafətində Uçmaq hətta öz əlləri ilə müğənniyə qarpız da yedizdirib. Barışıq üçün vasitəçilik edən Nuri Səsigözəl isə mediaya maraqlı açıqlamalar verib: “Abdullah Ibodan 500 min dollar qanpulu istəyirdi. Mən dedim ki, Ibrahim qırtlağı ilə, səsi ilə pul qazanır. Bu adam narkotik satmır, qeyri-leqal işləri yoxdur. Vasitəçilik etdim, məbləği 100 min dollara endirdim. Pulu qardaşı Mahmud gətirdi. Ertəsi gün ikisini də çağırdım. Abdullah Iboya ”Idonun məktəbindən, Dəryanın saç ustasından xəbərimiz var” dedi. Tatlısəs də ona “Bizim də sizin neçə nəfər olduğunuzdan xəbərimiz var” deyə qarşılıq verdi. Araya girib “Bura duelə gəlmisiniz” deyə təpki verdim. Qalxın, bir-birinizi öpün dedim. Sarılıb, barışdılar. Hətta Abdullah “mən Ibrahim Tatlısəsin mahnılarını çox sevirəm, maşınımda kasetləri də var” dedi. Ibo heç kimə xərac verməz, o verdiyi pul da qanpulu idi. Bu barışıqdan sonra da Bakırköydə “Türkmən Süfrəsi”ndə yemək yedilər”.
Fizioterapiya və reabilitasiya prosesi başlayıb
Tatlısəsin müalicəsi Maslak Acıbadəm Xəstəxanasının baş həkimi Çağlar Çuhadaroğlu və beyin cərrahı Ilhan Elmacı tərəfindən davam etdirilir. Dünən həkimlər sənətçinin səhhətində mənfi dəyişiklik olmadığı barədə açıqlama veriblər. Onlar gecə boyu hər hansı problem yaşanmadığı, sabah saatlarındakı müayinədə müğənninin səhhətində mənfi dəyişiklik müşahidə edilmədiyini deyiblər. Dünəndən etibarən fizioterapiya və reabilitasiya prosesinin başladığı da bildirilib.
Dünən o da məlum olub ki, I.Tatlısəsin ikinci əməliyyatından sonra naməlum şəxs reanimasiya şöbəsinə zəng vuraraq həkimi təhdid edib. “SNN Türk”ün xəbərinə görə, həmin şəxs həkimdən sərt şəkildə Tatlısəsi süni nəfəs aparatından ayırmağı tələb edib. Polis zəngin daxil olduğu ərazini artıq müəyyən edib. Telefon zəngini I.Tatlısəsə hücumun təşkilində əsas şübhəli şəxs olan Abdullah Uçmağa yaxın bir adamın etməsi ilə bağlı dəlillər də əldə edilib.
“Tatlısəsi ayaqda görməsəm, danışa bilmərəm”
Tatlısəsə qarşı sui-qəsd onun tələbəsi, azəri qızı Güneli də sarsıdıb. Günel müəllimini ayaq üstə görmədən heç bir kütləvi informasiya vasitəsinə açıqlama verməyəcəyini deyir: “Necə üzüldüyümü heç kim təsəvvür edə bilməz. Baş verənlər məni çox sarsıdıb. Burada türk telekanalları hadisə ilə bağlı münasibətimi öyrənmək istədikcə, onlara deyirəm ki, Tatlısəsi ayaqda görməsəm, danışa bilmərəm”.
Günel ağlamaqdan halının pisləşdiyini deyib: “Vallah, ağlamaqdan gözlərim şişib. Yuxusuzluq isə lap məni xarab edib. Mən onun ailəsinin bir üzvü sayılıram, o da mənim. Axı o, müəllimliklə yanaşı, mənəvi atama dönmüşdü. Allah onu bizə bağışladı. Indi hər saniyə onun sağalmağına dua edirəm. Inşallah, o, ayağa qalxacaq. Bizim hələ çox görüləcək işlərimiz, yaşayacağımız sevincli günlərimiz var”.
Müğənninin dediyinə görə, məlum hadisə baş verəndən sonra bir çox konsertlərini təxirə salıb: “Allah bizə yardım etsin, yaxşı xəbərlər eşidək. Hazırda özümü çox pis hiss edirəm. Ibrahim Tatlısəsə qarşı edilənlərlə barışa bilmirəm. Mən onu çox sevirəm. Bakıda yazırlar ki, ”Günel xəstəxanaya getməyib. Xeyr! Bu, yalandır, şər atırlar. Mən bütün günü burada oluram. Bütün işimi bir kənara qoyub, gecəmi-gündüzümü burada keçirirəm. Olur ki, səhərə yaxın, saat 5-6 arası gəlirəm evə, 1-2 saatdan sonra yenidən qayıdıram xəstəxanaya. Mən heç onun yanına getməyə bilərəm? Ibrahim Tatlısəs mənim üçün təsəvvür etmədiyiniz qədər önəmli və sevimli adamdır”.
Gültəkin