Intihar cəhdi ilə başlayan bayram hədiyyəsi

…O zamanlar mən tez-tez intihar etmək haqda düşünürdüm. Iki ciddi səbəb mənə mane olurdu: birincisi, mən sağ qalıb eybəcər hala düşməkdən qorxurdum. Elə vasitə seçməli idim ki, gərək mütləq ölüm. Ikincisi, mən ölməyə yer tapa bilmirdim. Əgər ofisdə intihar etsəydim, ofisi bizə kirayə verən qadın zibilə düşəcəkdi. Evdə isə həmişə adam olurdu. Özümü Qız qalasından aşağı atsaydım, çox romantik ölüm alınacaqdı. Özümü metroda qatarın altına atsaydım, Anna Kareninanın ölümünü təkrarlayacaqdım. Nəhayət, bir gün evimizi boş tapdım. Anam pensiyasını almağa, qardaşım ailəsi ilə qayınanasıgilə getmişdi. Xalam xəstəxanada idi. Cibimdə gəzdirdiyim müxtəlif dərmanları əzib toza çevirdim. Qarşıma bir litrlik bankada yarım litr su qoyub masaya əyləşdim. Başladım vəsiyyətimi yazmağa. Vəsiyyətim uzandıqca uzandı. Bir də onda ayıldım ki, 18 səhifəlik dəftərin 16 səhifəsinə vəsiyyət yazmışam. Bankadakı su soyumuşdu. Ayağa qalxıb dəftəri cırıq-cırıq etdim. Toza çevirdiyim müxtəlif dərmanları bankadakı suya qarışdırıb zəhərli suyu pəncərədən bayıra atdım.

***

Artur məni sərhədin o tərəfində, Ermənistanda gözləyirdi. ..

Dağılmış fermalar, kolxoz binaları, tövlələr yol üstündə dayanmış dilənçilər kimi görünürdü. Sovet dövründə tikilmiş sexlərin paslı boruları, ətrafa səpələnmiş qırmızı kərpiclər, öz dekadent görünüşləri ilə tənbəl-tənbəl ot çeynəyən kirli qoyunlar, məktəblərin, kitabxanaların damında təsadüfən bitmiş otlar və ağaclar, xaçları əyilmiş qəbirlər, kənd küçələrində məqsədsiz gəzişən qocalar, həyətlərdə çürüyən təkərsiz sovet maşınları bu bölgədə rahatlığın, xoşbəxtliyin, ruhi sakitliyin hələ uzun müddət olmayacağını deyirdi. Əgər mənim doğulduğum bölgədə məktəbləri, fermaları, zavodları, xəstəxanaları, evləri, kitabxanaları ermənilərin atdığı top-tank mərmiləri dağıtmışdısa, burada – ermənilərin yaşadığı kənd, qəsəbə və rayonlarda həyatla zamanın özü məşğul olmuşdu. Mən doğulduğum, ermənilərin viran qoyduğu rayonu, bölgəni nostalgiya ilə xatırlayıram. Burada isə iztirab hakim idi. Mənim doğulduğum bölgədə baş verə biləcək hadisələrin hamısı baş vermişdi. Orada evlər qısa müddətdə yandırılmış, məktəblər, kitabxanalar viran qoyulmuşdu. Burada isə evlər kərpic-kərpic sökülürdü. Adamlar qram-qram ölürdü. Bəzi kəndlərdə yolun bu tayından o tayına keçən xoruzdan savayı bir canlıya rast gəlməzsən. Ermənistanda kənd və qəsəbələri keçdikcə gəncliyin bütün arzu və həvəsləri adamı tərk edir. Gələcəyin burada işi yoxdur…

***

…Biz həyətdə kabab bişirəndə atam qonşuya bir boşqab kabab göndərərdi. Çünki kababın iyi ətrafa yayılırdı. Qonşumuzda kişisiz bir ailə yaşayırdı. Əri ölmüş qadın beş qızını və oğlunu təkbaşına saxlayırdı. Kababı həmin evə çox vaxt mən aparırdım. Mən tikə dolu boşqabı onlara zorla verirdim. Onlar qəbul etmək istəmirdilər. Kasıb olsalar da, qürurlu idilər. Qızların əxlaqına söz ola bilməzdi. Oğlan təxminən mənimlə yaşıd olardı. Bir gün mən onlara yenə boşqabda kabab apardım. Qızlar kababı qəbul etmək istəmirdilər. Mən isə dedim ki, atam bərk hirslənəcək. Qızlar kababı aldılar. Mən sevindim. Həyət qapısına çatanda geri döndüm. Deyəsən, evin oğlundan həyətə nə vaxt çıxacağını soruşacaqdım. Biz çox vaxt bir yerdə oynayırdıq. Evin qapısını itələyib açanda həyatımın ən acınacaqlı mənzərəsi ilə rastlaşdım. Kababı zorla qəbul edən ailə mən qapını açdığım zaman ət tikələri üstündə bərk dalaşırdı. Onlar məni qapının ağzında görəndə donub qaldılar. Hamısı bir anda qızardı. Bu, dəhşətli bir mənzərə idi. Mən heç nə deyə bilmirdim. Çox pərt olmuşdum. Geriyə döndüyümə görə özümü lənətləyirdim. Kürəyimdən tər axırdı. Ürəyim qüssədən sıxılırdı.

Seymur Baycanın “Quqark” romanı

Əziz oxucular, yuxarıda oxuduğunuz süjetlər Seymur Baycanın yeni çapdan çıxmış və böyük oxucu marağı yaratmış “Quqark” adlı romanındandır. Qarşıda bol tətil günləri var, əmin olun ki, bu kitabı oxumaq bayram tətilinizə bir bəzək gətirəcək.  Özünüzə və dəyər verdiyiniz adamlara bu kitabı bayram hədiyyəsi ala bilərsiniz. “Akademkniq”də, “Elmlər Akademiyası” metrosunun çıxışında kitabı tapmaq olar. Baha da deyil…