Heydər Əliyev və Novruz bayramı

Nə üçün Heydər Əliyev birinci katib olan kimi Novruzu unutdurdu?

Novruz bayramının yaranma tarixi kimi onun sovet dövründə yasaqlanması və bu qadağanın götürülməsi əhəmiyyətli tarixi hadisələr sayaq cəmiyyətin marağını özünə çəkib. Novruz keçmişin “lazımsız ənənəsi” kimi Sovetlərin ilk vaxtlarında mədəni inqilabın hədəfi olmuş və onun keçirilməsinə faktiki qadağa qoyulmuşdu.
Uzun illər bu qadağa öz gücünü saxlasa da nəhayət, 1967-ci ildə Bakıda dövlət səviyyəsində bu bayram qeyd olunub. Sovet Azərbaycanında Novruza “şəxsiyyət vəsiqəsi” verən adam kimi Şıxəli Qurbanovun adı çəkilir. Həmin zaman Ş.Qurbanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi idi, bayram təşəbbüsündən cəmi iki ay sonra dişini müalicə etdirərkən o, vəfat edir. Və bu günə qədər də üzərində müəmma toru olan bu ölüm hadisəsini Novruz bayramı ilə əlaqələndirənlər də az deyil.
Bəs maraqlıdır, Ş.Qurbanovun ölümüdən sonrakı illərdə onun səyləri nəticəsində dövlət dəstəyi qazanan Novruzun qeyd olunması hansı qaydada olub. Biz bu məsələni aydınlaşdırmaq üçün həmin çağların rəsmi mətbuatına müraciət etdik. Zənnimizcə mətbuat bizim istəyimizə normal cavab verə bilib.

Novruzun kod adı Bahar

Beləliklə, 1968-69-cu illərin “Kommunist”, “Azərbaycan gəncləri”, “Ədəbiyyat və Incəsənət” qəzetlərinin monitoriqi deməyə əsas verir ki, Ş.Qurbanovun vəfatı Novruzu gündəmdən yenidən çıxarmayıb. 1967-ci ildə düzənlənən ilk Novruz törənləri növbəti iki ildə də eyni temp və coşqu ilə paytaxda dövlət tədbiri kimi keçirilib. Novruz şənliklərinin episentri Qız qalası seçilib. Qalanın ətrafında musiqilər səslənib (özəlliklə Üzeyir Hacıbəylinin “Koroğlu” uverturası), müxtəlif xalq tamaşaları səhnələşdirib. Qəzetlər “Novruz bayramı” ifadəsini bir çox hallarda “Bahar bayramı” kimi işlətməyə üstünlük verib.
“Minlərlə bakılı baharı qarşılamaq üçün Qız Qalasının ətrafına toplaşmışdı. Onların arasında Sovet hakimiyyətinin qələbəsi uğurunda mübarizələrin veteranları, sənaye müəssələrinin qabaqcılları, şəhərimizin gənc vətəndaşları – pionerlər də vardı. Qız qalasının zirvəsində günəşin və baharın simvolu – alov şölələnməyə başladı. Üzeyir hacıbəyovun ”Koroğlu” operasının uverturasının təntənəli melodiyaları ətrafa yayıldı” (“Kommunist” qəzeti 22 mart, 1968).

Bütün Bakı Novruzu qarşılayır

1969-cu ilin Novruzuna mətbuatın daha geniş yer ayırdığı aydın görünür. “Kommunist” qəzeti iki nömrəsində (22-23 mart) bayram tədbirlərindən reportajlar və fotolar yayımlayıb. Reportajlardan bəlli olur ki, Novruz şənliyi izdihamlı olub və bütün günü əhatə edib: “…Güclü külək əsməsinə baxmayaraq meydana çoxlu bakılı toplanmışdı. Onlar bura bu təntənəli anları qeyd etməyə gəlmişdilər. Şeypurlar səslənir, səmaya cürbəcür fişənglər buraxılırdı. Üzeyir Hacıbəyovun ”Koroğlu” operasının uverturasının təntənəli təranələri ətrafa yayılır…
Martın 21-i səhərdir. Oğlanlar və qızlar Dənizkənarı Parkın xiyabanlarına gəlmişlər. Onlar ilk bahar günəşini qarşılamaq üçün bura toplaşmışlar. Günəş vaxtında görünməsə də səmaya buraxılan rəngbərəng fişənglər göyün üzünü bəzəyir. Qoca Xəzərin üzərində baharı, vətəni, əməyi tərənnüm edən mahnı səsləri eşidilir. Sonra adət üzrə gənc bakılılar ağac, kol, gül-çiçək əkir, bağları və parkları səhmana salırlar.
Axşam oyanmış təbiəti və bərəkəti təmsil edən şəkillərlə bəzədilmiş şəhər küçələrində bayram dəstələrinin yürüşü oldu. Faytonlar və avtobuslar karvanı Kirov parkından şəhərə çıxdı. Burdan karvan Nərimanov, Inşaatçılar prospektindən, Bakıxanov küçəsindən keçib şəhərin mərkəzi olan Qız Qalasına çatdı…
Bahar Xanımı süvarilər müşayət edirdilər. Azərbaycan paytaxtının yüzlərlə əməkçisi bahar yürüşünün iştirakçılarını alqışlayırdılar. Bahar xanım bayram münasibəti ilə bakılıları təbrik etdi, onlara işlərində müvəfəqiyyətlər, səadət və sevinc arzuladı. Nəhəng səhnəyə çevrilən meydanda bayram konserti başladı. Burda mədəniyyət saraylarının və fəhlə klublarının özfəaliyyət dərnəklərinin yüzlərlə iştirakçısı, xalq müğənniləri çıxış etdilər.
Respublikanın müxtəlif yerlərindən gəlmiş müxtəlif həvəskar artistlər Dənizkənarı parkda düzəldilmiş səhnələrdə öz ustalıqarını nümayiş etdirdilər. Bakı səmasını bayram atəşfəşanlığının alovları bəzədi. Şən bahar, səadət və əmək mahnıları axşam xeyli keçənədək ətrafa yayıldı” (“Kommunist” qəzeti 22 mart, 1969).

Nəriman Nərimanov da Novruzu öyüb, kommunist Əliyev isə yox

“Azərbaycan gəncləri” (1969-cu il, 20 mart) isə həmin vaxt möhtəşəm yazı ilə çıxış edib. Müəllifi filologiya elmləri namizədi Şamil Cəmşidov “Gözəl ənənələr zənginləşdirlməlidir” başlıqlı məqaləsində Novruz bayramının ictimai-siyasi əhəmiyyətini qabarıq göstərib. Novruz bayramının xalqlar üçün böyük əhəmiyyətini müxtəlif spektrdən şərh edən müəllif onu olduqca yüksək qiymətləndirib:
“…Novruz bayramı tarix boyu özünün bütün mərasimləri ilə müsbət, xəlqi xarakterdən olmuşdu.
…Aylarla küsülü olanlar bu bayramda barışırlar. Bu barışığa küslüləri heç kəs məcbur etmir. Onlar könüllü surətdə barışırlar. Çünki elin adəti belədir.
Novruz bayramında yaslılar yasdan çıxır. Ən əzizləri ölmüş adamların üzərindən sanki yük götürülür, deyir, danışır, gülür, bunun üçün heç kəsin həmin adamı qınamağa haqqı yoxdur. “Qara bayramı keçib getmiş, daha danışıb gülə bilər” deyə hamı ona haqq verir”.
“Azərbaycan gəncləri”ndə dərc edilən və Novruza “yaşıl işıq” yandıran məqalə “Nəriman Nərimanov Novruz bayramı haqda” adlanır. Bu məqalədə Nəriman Nərimanovun 1913-cü ildə “Iqbal” qəzetində gedən fikirləri təkrarən ictimailəşdirilir. Göstərilir ki, Nərimanov Novruzu həmrəylik, birlik bayramı kimi uca tutub: “Nərimanov əcdadlarımızın yadigarı olan Novruz bayramını ümumxalq şənliyi kimi təqdir etmiş, bahar mərasimlərinin xalqın əxlaqi-etik və bədii-estetik inkişafına təsirini yüksək qiymətləndirmişdir”.
Eyni tarixdə “Ədəbiyyat və incəsənət” qəzeti Qasım Qasımzadənin Novruz bayramını tərənnüm edən məqaləsini çap edib…

O, həmişə konyunkturanı seçib

Nəhayət, 1969-cü ilin iyulunda hazırkı siyasi sitemin qurucusu Heydər Əliyev hakimiyyətə yiyələnir və biz baxırıq ki, onun zamanında Novruza münasibət hansı səviyyədə olub. YAP-çılar və AzTV bizə çox söz deyə bilər, tarix isə diqtə edir: Heydər Əliyevin sovet dövründəki rəhbərliyində Novruz yenidən “dəfn edilib”. 67-dən vüsət alan Novruz şənlikləri 70-də tormozlanır. 70-ci illərin qəzetlərində Novruz şənlikləri ilə bağlı heç bir material yoxdur. Çox güman ona görə ki, sadəcə belə tədbirlər olmayıb. Yəqin oxucu üçün maraqlı olar, 1970-ci ilin 22 martında “Kommunist” 1-ci katib Heydər Əliyevin 4 iri səhifəlik məruzəsini yayımlayıb. 20 mart tarixli bu çıxış “Azərbaycan Partiya təşkilatının vəzifələri haqqında”dır. Uzun-uzadı məruzə tam Novruz bayramına təsadüf etsə də “uzaqgörən, dahi rəhbər” bir kəlmə də Novruza toxunmayıb, xalqa bu bayramla bağlı diləklərini çatdırmayıb…
Bu fakt da oxucuya çox şey deyə bilər. 1970-ci ilin martında Novruz şənliyi keçirməyə qıymayan yoldaş Əliyev martda Bakıda “Naxçıvan günləri” keçirirdi. Bu tədbirlərə yekun isə Novruza cəmi iki gün qalmış atəşfəşanlıqla Qız qalasının yanında konsert olub.

Natiq Güləhmədoğlu