C.Russonun “təbii vəziyyət” nəzəriyyəsi mənim yadıma, adətən, yazda və bir də yayda düşür. Adam bu fəsillərdə sözün lap əsl mənasında təbiətə enmək və ona qarışmaq, hopmaq istəyir. Yaz siyasi hadisələr baxımından bir qədər dinamik olur, yayda isə adam lap tənbəlləşir. Ona görə də güman edirəm ki, ilin siyasi cəhətdən maraqlı hissəsini artıq başa vurmuşuq. Təəssüf, Liviya diktatoru M.Qəzzafi ilə üzülüşə bilmədik. Ümid edək ki, yazın da sürprizi elə bu olacaq.
Hərçənd Liviya müxalifəti böyük şansı əldən verdi. 42 il öz xalqı ilə döyüşən, başqa cəhbhələrdə deyil, öz milləti ilə çarpışmada olan, hamını usandıran diktator M.Qəzzafi! Elə təbiətin də böyük paradoksları var. Neçə dahi, heç olmasa, 40 il yaşamaq arzusunda olub, amma arzusuna çatmayıb, zira Qəzzafiyə nəinki 40 il yaşamaq, hətta idarə etmək tək bir şans da nəsib olub! Doğrudan da, qəribə işləri var dünyanın… Təbiət dedim, bir məsələ də yadıma düşdü. Axır vaxtlar mənə elə gəlir ki, böyük mənada təbiət deyilən fenomen bəşəriyyətin işlərinin fərqində deyil. Bəli, bir vaxtlar K.Ptolemeyin geosentrik nəzəriyyəsi olmuşdu, ona görə Yer Kainatda xüsusi bir mövqeyə malik idi. N.Kopernik gəldi, bu arqumenti bəşəriyyətin əlindən aldı. Bir vaxt deyirdilər ki, insan təbiətin tacıdır. Ç.Darvin də bu arqumenti heç elədi, bəlli oldu ki, insan meymundan əmələ gəlib.
Nəhayət, 20-ci əsrdə “antropogen prinsip” deyilən ideya meydana çıxdı və bunun da məzmunu o idi ki, Kainat insanın meydana gəlməsi üçün müəyyən şərtlərə uyğunlaşdırılıb. Bəli, bir neçə il hamı bu prinsipdən yazdı. Nəhayət, kvant kosmologiyasının yeni bir variantları peyda oldu və aşkarlandı ki, hər saniyə, hər an kainatlar yaranır və bir kainatda idrakın meydana gəlməsi bu baxımdan heç də qeyri-adi hadisə kimi görünməməlidir. Beləcə, insanın tacı əlindən alındı, məlum oldu ki, o, təbiətdəki adi zərrəciklərdən, ulduzlardan heç də üstün statusda deyil. Ona görə də bizim tez-tez təbiətə apelyasiya etməyimizin də elə bir mənası yoxdur. Bu baxımdan M.Qəzzafinin 40 il hakimiyyətdə olması təbiət üçün heç bir məna kəsb etmir, bu, təbiətin deyil, insanların problemidir, ulu təbiət heç bunun fərqində də deyil. Insan özü üçün bir missiya uydurub və həmişə də çalışır ki, buna bir kosmik məzmun versin. Amma insanın sosial məzmunu var, o, özünə sosial missiya uydura bilər. Təəssüf ki, bunu da heç də həmişə bacarmır, düz 40 il sərasər M.Qəzzafi tək bir diktatorun əlindəcə alətə çevrilir və girinc qalır. Insanı “taxt”dan salmaq, tacdan məhrum etmək cəhdi fəlsəfədə də olub və bunu ilk dəfə I.Kant edib. Bu alman fəlsəfənin elə əsas problemlərindən biri kimi də insan idrakını kritik analizə məruz etməyi görürdü. Beləcə, “kritik fəlsəfə” yarandı və hər şey təzədən baş-ayaq oldu və bir daha ayaqları üstə dura bilmədi… Və təbiətlə kosmik rabitəsi pozulan insan yenidən təbiət üçün bir nisgil duydu. Elə ona görə də əvvəldə
Russo yadıma düşdü… Tabular, tabular…
Onu etmə, bunu etmə, ondan yazma, bundan danışma! Hamısı da bir sosial tabu! Sizə elə gəlmirmi ki, getdikcə sosial tabuların, qadağaların, yasaqların sayı artır? Və bütün bunlar insanın başı üzərində yükə çevrilir. Insanın başı ancaq atmosfer təzyiqinə davam gətirmək iqtidarındadır, o, nə vaxtsa əlavə yükə, təzyiqə qarşı bir etiraz etməlidir. Bayaq insanın “taxt”dan salınmasını qısa tarixi aspektdən yada saldım. Daha bir nəfər insanı, necə deyərlər, tam tacsızlaşdırıb, onun özü üçün uydurduğu tacı əlindən alıb. Bu bircə nəfər də Z.Freyd olub. Hətta məşhur lətifə var. Deyilənə görə, Z.Freyd bəşəriyyəti üç nəfərin təhqir etdiyini deyib və üç nəfərdən birisi kimi özünü nəzərdə tutub. Bəli, Kopernik, Darvin və bir də Freyd!..
Kiçik sözardı
Siyasət haqqında yazmaq istəyirdim. Amma haşiyə böyük alındı. Olsun. Bir məsələ var ki, siyasəti də adamlar yaradır və həmin adamlar özlərini kifayət qədər dərk etmirlərsə, mükəmməl bir şey yarada bilərlərmi? Düzdür, siyasət mükəmməlliyə deyil, konsensusa iddia edir. Konsensus axtarın…