Samir Əliyev: «Əgər ölkə turizmini inkişaf etdirmək istəyirsə, heç olmasa qonşu ölkələrlə viza rejimini aradan qaldırmalıdır»
Məlum olduğu kimi, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri zamanı iki ölkə arasında viza rejiminin aradan qaldırılmasına dair razılıq əldə edilib. Bununla da Azərbaycanın qonşuluğunda yerləşən və öz aralarında viza rejimini ləğv edən ölkələrin sıyahısı genişləndi. Buna qədər Gürcüstanla Türkiyə, Iranla Türkiyə arasında belə bir razılıq əldə edilib. Eyni zamanda Türkiyə digər türkdilli dövlətlərlə viza rejimini ləğv edib. O da məlumdur ki, Iran və Türkiyə birtərəfli qaydada Azərbaycana vizanı ləğv etsə də, bunun qarşılığını görməyib. Qonşu ölkələrlə viza rejiminin hələ də saxlanılması ölkə iqtisadiyyatına nə kimi təsir göstərir?
Iqtisadçı-ekspert Samir Əliyev viza rejiminin aradan qaldırılmasının əsasən turizmin inkişafı ilə bağlı olduğunu deyir. Bir çox ölkələr, o cümlədən Türkiyə Rusiya ilə viza rejimini ləğv etməkdə maraqlıdır. Bunun əsas səbəbi isə bu ölkədən daha çox turist axınının olmasıdır: “Rusiyadan çoxlu sayda turistlər gedir. Şimal qonşumuz bu mənada hətta inkişaf etmiş ölkələrlə müqayisə edilə bilər. Ona görə turizm sahəsi inkişaf etmiş bütün ölkələr Rusiya ilə viza rejimini sadələşdirməkdə daim maraqlıdırlar”.
Ekspert turizmin hər bir ölkənin iqtisadiyyatına külli miqdarda gəlir gətirdiyindən ölkələr turistlər üçün əlverişli şərait yaratmaqda maraqlıdır: “Hər bir turist gəldiyi ölkəyə pul gətirir. Bu da istər mehmanxana xidmətinin, istərsə də ölkə iqtisadiyyatının inkişafında müəyyən rol oynayır. Bu baxımdan onlar üçün şərait yaradılır”.
S.Əliyev Azərbaycanın da belə bir addım atmasının zəruriliyindən danışdı: “Azərbaycanın da viza rejiminin ləğvi istiqamətində addım atması vacibdir. Əgər ölkə turizmini inkişaf etdirmək, güclü turist axını istəyirsə, heç olmasa qonşu ölkələrlə viza rejimini aradan qaldırmalıdır. Azərbaycanda turizm üçün təbii iqlim imkanları olsa da, keyfiyyətli xidmət yoxdur. Istirahət üçün tələb olunan xidmət haqqı digər ölkələr, əsasən də qonşu Türkiyə ilə müqayisədə çox bahadır. Bu baxımdan Azərbaycana turist az gəlir. Bunun üstünə viza xərcini də gəlsək, bu turizm axınının qarşısını alır. Bu problem aradan qalxmalıdır. Irandan ölkəmizə xeyli sayda turist gəlir. Bu ölkə ilə də viza məsələsi həllini tapmalıdır. Ümumiyyətlə, Azərbaycan viza ilə bağlı məsələlərə yenidən baxmalıdır”.
Fizzə