Hərbçilər rejim əleyhdarlarını gülləbaran etdi
Yəmənin paytaxtı Səna şəhərində prezident Əli Abdulla Salehin istefası tələbiylə keçirilən aksiyaya hökumət qüvvələri sərt müdaxilə edib. Ordu paytaxtda Salehin istefasını tələb edən aksiya iştirakçılarına atəş açıb.
Etirazçılar cümə namazından sonra paytaxtın mərkəzi meydanına yürüş ediblər. Bu zaman hərbçilər onların qarşısını kəsib. Daha sonra yürüş iştirakçıları gülləbaran edilib. Nəticədə ən azı 41 nəfər ölüb, 200-dən artıq etirazçı yaralanıb.
Yəmən müxalifəti hakimiyyətə qarşı etiraz aksiyaları zamanı onlarla müxalifətçinin öldürülməsindən sonra iqtidarla dialoqun mümkünsüz olduğunu bildirib.
Prezident Əli Abdulla Saleh isə Milli Müdafiə Şurasının ölkədə fövqəladə hal rejimi elan etdiyini açıqlayıb. Saleh çıxarılmış qərara görə insanlara silah daşımağın qadağan olunduğunu da söyləyib.
Informasiya şöbəsi