Vətənpərvər ANS…

Iflasa uğrayan Əli Həsənov
“Bəzi müxalifət partiyaları cəhd göstərirlər ki, dövlətin atdığı addımlar uğursuzluqla yekunlaşsın, dövlətin daxili və xarici siyasəti iflasa uğrasın. Belə qüvvələrlə dialoq aparmağın heç bir mənası yoxdur. Belə qüvvələrlə yalnız onların öz dilində danışmaq lazımdır…”.

Kimsə bu sözlərdən nəsə anladımı? Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov yəqin özü də dediklərinin fərqində deyil. Ərəb dünyasından qalxan inqilab alovu onun üzünü necə qarsıbsa, fikirlərində problem yaranıb. Nooldu? Bəs deyirdiniz Azərbaycanda müxalifət yoxdur. Ilham Əliyev onları saymadığını deyirdi və əməlləriylə bunu sübuta yetirirdi. Sərbəst toplaşmaq azadlığını biryolluq ləğv edib, partiyaları ofislərindən çıxarıb, müxalifətə normal fəaliyyət üçün heç bir şans tanımayıb. Beynəlxalq təşkilatların insan haqları azad seçki tələblərinə məhəl qoymayıb. Hətta müxalifətçiləri təhqirdən də çəkinməyib, onların “naftalin” qoxuduqlarını deyib. Ətrafı da bu siyasətə uyğun fəaliyyətə keçib. Müxalifətsiz parlament qurub. Bunu həm də müxalifətin yoxluğunu sübuta yetirmək üçün edib. Bəs yaxşı, o necə olmayan müxalifətdir ki, dinib-danışmadan sizin daxili və xarici siyasətinizi iflasa uğradır? YAP iqtidarının atdığı addımların uğursuzluqla yekunlaşmasına nail olur? Bəs hanı sizin dünyanı heyrətdə qoyan analoqsuz inkişafınız? Harda qaldı qüdrətiniz? Heydər Əliyev kursunun Ilham Əliyev yolu nədən dalana dirənib? Ramiz Mehdiyevin yazdırdığı cild-cild kitablar niyə işə yaramır? Niyə başınızı qaldırıb ətrafa baxmadınız? Axı “olmayan” müxalifət sizə çıxış yolları təklif edirdi, siz dalana girməzdən öncə. Yoxsa artıq geriyə yol qoymadığınızın fərqindəsiniz? Müxalifətin dili ilə danışmaq üçün səviyyə tələb olunur, hörmətli Əli müəllim…

Dünən səhər ANS adətinə uyğun olaraq tamaşaçıları şoka salacağını bildirdi. Bu “şok” da “Youtube”də yayılan bir kadrla bağlıydı. Həmin kadrda da tamaşaçıları, ANS-in diliylə desək, “şok”a salan bir erməni məclisində azərbaycanlı gənclə erməni gəncin öz bayraqlarına bürünüb oynaması, azərbaycanlının erməniyə qoşulub mahnı oxumasıydı. ANS görən bundan niyə şoka düşüb? Axı bu sadə, adidən adi insani hisslərdir. Həmin erməni də, elə azərbaycanlı da öz ölkələrində xalqa düşmən rejimlərin hakimiyyətdə olmasından ziyan çəkib bir parça çörək üçün vətənindən didərgin düşənlərdir. Onlar düşmən deyillər. “Düşmənimin düşməni mənim dostumdur” deyimini yaddan çıxarmayın…
Tanrının qonşu etdiyi bu dövlətlər ömür boyu düşmən ola bilməzlər axı. Yoxdur belə təcrübə. Tarixdə qonşular, dövlətlər arasında müharibələr olub, amma sonda qonşular yenə sülh şəraitində yaşamağa məhkumdurlar. Şəxsən mən ANS-in efirə verdiyi bu kadrdan qətiyyən şoka düşmədim. Maraqlıdır, bəs bu çağa kimi baş verənlərdən ANS niyə indiyə qədər şoka düşməyib. Axı Heydər Əliyevin Robert Köçəryanla kabab yeməsini də, Ilham Əliyevin Serj Sərkisyanla xizək sürməsini də ANS efirə verib. O vaxt hər hansı şokun yaşandığının, yaxud tamaşaçılara bunun “şok” kimi təqdim edilməsinin şahidi olmamışıq. Azərbaycan məmurlarının erməni arvadları, yüksək çinli vəzifə sahiblərinin ermənilərlə biznes ortaqlığı niyə ANS-i şoka salmır?

Vətəni sevmək imandandır.

Bu ölkədə imanlı adamların yediyi isə makaronla vermişeldir. Bazar olsun!
P.S. Döyüş heç də həmişə alına yazılmır.