11 mart aksiyasında gəncləri saxlayanlar daha çox mülki geyimlilər idi. “Mülki geyimlilər” təzə istilah olsa da, təzə söhbət deyil. Heç mən də bu yazıda onların mülki geyimlərindən danışmaq fikrində deyiləm.
“11 mart – Böyük Xalq Günü”ndə çəkilmiş bir foto var. Bu şəkildə iki mülki geyimli polis işçisi aksiya iştirakçısının qollarından yapışıb aparır. Həmin günün foto-xronikası bu iki mülki geyimlinin fotoları ilə zəngindi. Haqqında danışmaq istədiyim şəkil isə adi deyil, o birilərdən ayrıca fərqlənən cəhəti var.
Polisin biri arıq, şüvərək gəncdi. Ağ sviterli olanı deyirəm. Sivri, xoş sifəti var. Dediyim şəkildə isə gülümsəyir. Yeri gəlmişkən, şəkildəki bu iki gənc polisin üzündə nifrətdən, qəddarlıqdan əsər-əlamət yoxdu. Aksiyaçıların qolundan yapışanda da sadəcə mexaniki şəkildə, “vəzifə borcu”na əsasən hərəkət eləyirlər. Ötən mitinqlərin birində üstümə şığıyıb şahin kimi məni qamarlayan mülki geyimlini xatırlayıram. O qədər vəhşi və qaba idi ki! Məni caynağına vurub ildırım sürəti ilə maşının barmaqlığına o qədər sürətlə basdı ki, hətta fotoqraflar şəklimi çəkməyə belə macal tapmadılar. Fotoaparatın düyməsinin basılmasının bir göz qırpımında baş verdiyini nəzərə alsaq, həmin mülki geyimlinin vəhşiliyinin dərəcəsini təsəvvür eləmək elə də çətin olmaz. Onun üzündə bəlkə də bütün azadlıqsevər bəşəriyyətə nifrət əks olunmuşdu. Xalis kölə sifəti vardı.
11 mart aksiyasındakı həmin iki mülki geyimli isə bambaşqaydı. Əlbəttə, həmin aksiyada həbs olunanlar, qoluna həmin mülki geyimlilərin “girdiyi” gənclər mənimlə razılaşmaya bilər, necə deyərlər, “mənə hətta şiddətli töhmət də verə bilər”lər. Ancaq mən öz müşahidəmi yazıram.
Hə, sviterli polis gülürdü, şəklinin çəkildiyini bilə-bilə. Gülüş nifrət nişanəsi sayıla bilməz. Təbii, isterik gülüşlər olur. Ama o zaman üz cizgiləri də dəhşət saçır. Həmin bu polis vicdan əsiri deyil, ancaq xislətinə görə şən adamdı. Aksiyada deyil, ayrı bir yerdə qolundan yapışdığı həmin adamla bir məclisə düşsə, onunla çox rahat, əngəlsiz şəkildə ünsiyyətə girə və hətta həmin aksiya günündəki əhvalatı danışıb xeyli gülə də bilər. Bu cür tiplər amansız olmur, ancaq rəislərinin əmrlərini yerinə yetirməkdən də heç vaxt xüsusi çabayla boyun qaçırmırlar.
Mənim diqqətimi o biri – cantaraq mülki geyimli çəkir. O, şəklinin çəkildiyini biləndə əlilə üzünü qapamışdı. Yəni sabah qəzetlərdə üzünün görünəcəyini istəməmişdi. Adətən polislərin hadisə yerində həbs elədiyi, şöbəyə aparılan, məhkəməyə gətirilən canilər fotokameralara düşməkdən yayınmağa çalışır, üzünü gizlədir. Polislərin də üzünü gizləməsi halları var, onlar əməliyyata gedərkən maska taxırlar, bu isə yerdə qalan canilərin onları tanımaması üçün istifadə olunur. Bu, gələcək həyati təhlükəyə qarşı sığortalanmaqdı.
Bizim yazının qəhrəmanı olan polis işçisinin üzünü gizlətməsi isə həyatını sabahkı arzuolunmaz hallardan sığortalamaq üçün deyil. Bu, sırf vicdan göstərisidi. Mənəviyyat məsələsidi. Adam polisdə çalışır. Ancaq bu sistemdə o haqq sözü demək üçün küçələrə çıxan gənclərin qollarını burub maşına basmaq üçün çalışmaq istəməzdi. O, polisdə çalışmaq, vətəndaşlarının təhlükəsizliyini qorumaq, işindən zövq almaq istəyən tipdi. Dinc aksiyaçını bürmələmək onun üçün zövq mənbəyi deyil və ola da bilməz. Mən həmin polis işçisinin evində, ailəsində ocaq başçısının, ya bacı-qardaşının, ya sevgilisinin, ya çox yaxın bir doğmasının şərə qarşı olduğunu, rejimin vəhşiliyindən, allahsızlığından əziyyət çəkdiyinə inanıram. Dövlət – onun üzünü qızardacaq, ona xəcalət çəkdirəcək ATA kimidi.
Bu tip polislər vətənini də mitinqə çıxanlardan az sevmir, şərə onlardan az asi olmur. O, sadəcə dünyaya polis olmaq üçün gəlib. Ancaq söhbət Əliyev polisindən deyil, Dövlət polisindən gedir. Sabah bizə məhz bu cür polislər gərək olacaq. Üzünü gizləyən belə polisləri yaxşı yadımızda saxlayaq.