Tatlısəsi 13 illik düşməni öldürmək istəyib

Saxlanılanlar arasında 3 qadın da var

İstanbul valisi cinayətdə PKK izini istisna etməyib

Türkiyənin məşhur müğənnisi Ibrahim Tatlısəsə silahlı hücumla bağlı 13 illik düşməni Abdulla Uçmaq və 20 adamı saxlanılıb. Daha 12 nəfərin isə axtarışları davam edir.
Hücumda istifadə olunan “Kalaşnikov” avtomatı və kirayə götürülmüş avtomobil də tapılıb. Istanbul mütəşəkkil cinayətlərlə mübarizə şöbəsinin əməkdaşları tərəfindən 36 müxtəlif ünvanda əməliyyat aparılıb. Türkiyə polisi 120 kamera görüntüsünü izlədikdən sonra Tatlısəsə qarşı hücumun 2003-cü ildə də müğənnini bir proqramdan çıxarkən öldürməyi planlaşdıran, ancaq adamları təsadüfən ələ keçən Abdulla Uçmaq tərəfindən təşkil olunduğu qənaətinə gəlib. Olaydan əvvəl A.Uçmağın bir neçə dəfə həmin ərazidə olduğu da üzə çıxıb. A.Uçmaq telefondan çox nadir hallarda istifadə etsə də, onun adamlarının “bu iş çox çətindir, üzərimizdə qalacaq” söylədikləri də məlum olub. Silahlı hücumda istifadə olunan avtomobilin də 6 ay əvvəl azadlığa çıxan A.Uçmaq tərəfindən icarəyə götürüldüyü dəqiqləşdirilib. Polis 3 nəfərdən ibarət 10 xüsusi qrup yaradıb. Uçmaq qaçmaq istəsə də, o və adamları saxlanılıb.

“Bu düşmənçilik Tatlısəsin qanı axana qədər davam edəcək”

Hələ 1998-ci ildə A.Uçmaq “Star” telekanalına müsahibəsində deyib ki, bu düşmənçilik Ibrahim Tatlısəsin qanı axana qədər davam edəcək. Düşmənçiliyə səbəb isə Tatlısəsin oğlu və müğənninin 3 yaxın qohumunun bir barın sahibini cəzalandırmaq üçün bara hücum çəkməsi və atəş açmaları olub. Həmin vaxt bar sahibinin yanında A.Uçmaq və adamları da olub və açılan atəş nəticəsində Uçmağın 2 adamı yaralanıb.
Hələ 10 il əvvəl mütəşəkkil cinayətkar dəstənin lideri Abdullah Uçmaq 3 adamıyla birlikdə Ibrahim Tatlısəsi öldürməklə hədələdiyinə görə mühakimə olunmuşdu. Istanbul dövlət təhlükəsizliyi məhkəməsində 2002-ci ilin may ayında mühakimə olunarkən Tatlısəslə düşmən olduğunu bildirən Uçmaq müğənninin ona böhtan atdığını demişdi. Məhkəmədən sonra isə Uçmaq ağır söyüşlər söyərək müğənnini hədələmişdi: “Ibrahim Tatlısəs, sən görəcəksən. Arvad kimi gəlib şikayət etmə. Gülləni mənə at, çaqqal”.

Abdulla Uçmaq cinayəti boynundan atır

Hazırda polis nəzarətində olan Uçmaq vəkili Əkrəm Demirer vasitəsilə Tatlısəslə düşmənçiliyi olduğunu təsdiqləyib. Amma o, hadisə ilə əlaqəsinin olmadığını bildirib. Uçmaq baş vermiş hadisəyə görə təəssüfləndiyini, kimin törətməsi barədə isə heç bir məlumata malik olmadığını bəyan edib.
Hər gün olduğu kimi dünən də həkimlər müğənninin sağlıq durumu ilə bağlı Maslak Acıbadem Xəstəxanasının qarşısında mətbuat nümayəndələrinə açıqlamalar veriblər. Baş həkim Çağlar Çuhadaroğlu sözlərinə “dünəndən bu günə mənfi tərəfə dəyişiklik olmayıb” deməklə başlayıb: “Bu cür əməliyyatlarda gözlənilən də elə budur. Hər gün sürətli və müsbət dəyişiklik gözləyə bilmərik. Hazırkı müalicə dövründə ilk  hədəfimiz sənətçinin həyatda qalmasını təmin etməkdir. Bu gün üçün bunu təmin etmişik. Bundan sonra görəcəyimiz iş reanimasiyadan normal palataya köçürülməsi üçün səy göstərməkdir. Bu, günlər ala bilər. Hazırda gəldiyimiz nöqtə yavaş-yavaş irəliyə doğru gedən mərhələdir. Bu proses zaman alacağı üçün hələlik daha böyük gəlişmələr gözləmirik.  Kəllədaxili təzyiq azalıb. Amma reanimasiyada olduğu müddətdə həyati risk davam edir”.
Baş həkim Tatlısəsin ailəsiylə ünsiyyət qura bildiyini də açıqlayıb.

PKK izi araşdırılacaq

Daha sonra Istanbul valisi Hüseyn Mutlu jurnalistlərin şübhəlilərin saxlanılması ilə bağlı suallarını cavablandırıb. Vali bildirib ki, saxlanılanlardan 6-sı ifadələri alındıqdan sonra sərbəst buraxılıb. 14 nəfərin isə bu hadisəyə aidiyyəti ilə bağlı əllərində yetərli dəlillər var. Onların arasında üç nəfər qadın da var: “Abdulla Uçmağın olayla bağlı olması barədə əlimizdə yetərli sübutlar var. Hələlik istintaq davam edir”.    
Vali işdə PKK izinin olmasını da istisna etməyib. O bildirib ki, PKK-nın alt qolu olan TAK-ın cinayət olayını üstlənməsi barədə verdiyi açıqlamanı ciddi qəbul edirlər və bu istiqamətdə də araşdırmalar davam edəcək. O saxlanılan şəxslərin sayının arta biləcəyini də deyib.
Hüseyn Mutlu polis rəisi ilə birgə Tatlısəsi ziyarət etdiyini də bildirib: “Gəlişimizi anlayıb reaksiya verdi, əlini yellədi. Bu mənzərə bizi çox duyğulandırdı”.

Gültəkin