Sabirabadda növbəti aksiya

Kürün məhv etdiyi kəndlərin sakinləri kompensasiya istəyir

Sabirabadın daha bir kəndi etiraza qalxdı. Rayonun Salyanla qonşuluqdakı Muğangəncəli kəndinin 100-dək sakini ötən gün  Poçt binasının qarşısına toplaşaraq onlara ayrılmış kompensasiyanın verilməsini tələb ediblər.
Aksiya iştirakçılarının verdiyi məlumata görə, ötən il daşqından zərər çəkən və əkin sahələri yararsız hala düşən sakinlər üçün ölkə prezidentinin sərəncamı ilə kompensasiya ayrılıb. Lakin kənd əhalisinin böyük əksəriyyəti bu günə qədər həmin pulu ala bilməyib. Sakinlər deyiblər ki, icra nümayəndəsi yalnız özünə yaxın şəxslərə və yuxarıdan tapşırılmış sakinlərə kompensasiya verir: “Bizim torpaqlarımız tamamilə suyun altında qalıb. Bizə kompensasiya verilmir, heç adımızı siyahıya belə salmayıblar. Amma elə adam var ki, onun torpağına heç su gedib çatmayıb, ancaq adları müxtəlif yollarla zərərçəkənlər siyahısına salınıb. Artıq həmin adamlar pullarını almaqdadırlar”.
Sakinlər aksiyada müxtəlif şüarlar səsləndirib, kompensasiyanın ödənilməsini tələb ediblər. Onlar aksiyaları davam etdirəcəklərini və məsələ ilə bağlı dövlət rəhbərliyinə müraciət ünvanlayacaqlarını bildiriblər.
Daşqınlar zamanı su altında qalan əkinəyararlı torpaq sahələrinin sahiblərinə hər hektara görə 250 manat kompensasiya nəzərdə tutulub. Amma həmin kompensasiyalar 1000 manatı keçməmək şərtilə paylanır. Kompensasiya 10 min nəfərdən çox torpaq sahibini əhatə edir.

Natiq