Azərbaycanda qəribə, analoqu olmayan hal görünür. Bəlkə də yanılıram, ancaq haqqında danışacağım hal bəlkə də bəşər tarixində ilk dəfədir müşahidə olunur.
Söhbət inqilab simptomlarından gedir. Adətən, Leninin inqilabi şəraitə verdiyi təriflə yanaşılıb məsələyə. Ən azı postsovet ölkələrində. Aşağılar köhnə qaydada yaşamaq istəmir, yuxarılar isə köhnə qaydada idarə eləyə bilmir. Bir növ, hadisələrə təkan aşağıdan gəlir. Düşünürəm ki, bu tərif özünü doğrultmur.
Aşağılara qalanda onlar heç vaxt köhnə qaydada yaşamaq istəmirlər. Köhnə qayda burada indiki zamana deyilir. Yəni indiki kimi yaşamaq. Konkret olaraq Azərbaycan insanı bütün zamanlarda köhnə qaydada (yəni indiki) yaşamaq istəməyib. O, sabah daha yaxşı, indikindən – köhnə qaydadan fərqlənən şəkildə yaşamaq fikrində də olmayıb. Onu daim hansısa konkret keçmişdə yaşamağa xiffət çəkmək cəlb eləyib və həmişə həmin “qızıl dövr” üçün göz yaşı axıdıb. Həmin “qızıl dövr”ün bənzərini sabahkı gün üçün yaratmaq isə onun ağlına gəlməyib, bu, gerçək fəaliyyət, savaş, çarpışma, bəzən özünü qurban vermək tələb eləyir. Onun üçün ən yaxşısı, ən xatasızı haçansa mövcud olmuş hazır formada mövcud olan zamana qayıtmaqdı, hətta zamanı qaytarmaq da yox. Zamanı qaytarmağın özü də hərəkət, çaba, zəhmət və zaman tələb eləyir. Zamanla bir vaxtlar yaşanmış, görülmüş, sınaqdan çıxmış, cik-biki aydın olan keçmişə səyahət xəyalları, of-ufları daha cazibədar görünür.
Bu günün xəyal edilən keçmişi sovet dövrüdü. Sovet dövründə – 1988-lərdə isə bu keçmiş müstəqil Azərbaycan dövləti (1918-20) idi. Olsun ki, haçansa Xalq Cəbhəsinin (92-93) hakimiyyəti dövrünə də nostalji olacaq. Bu gün, Ilham Əliyev hakimiyyətinin nə qədər keyfiyyətsiz olduğunu anlayan Azərbaycan insanı o qədər çarəsiz və umudsuz duruma düşüb ki, hətta bu çarəsizliyin memarı ata Əliyev çağına belə nostalji keçirir. Burda çevrə qapanır – çünki ata Əliyev həm sovet dövrü, həm də 93-2003-ün vahid simvoludu. Beləcə, biz daha yaxşı yaşamağı, yəni köhnə qaydada yaşamamağı gələcək qaydada deyil, keçmişə qayıtmaqda görürük. Keçmiş xəyalları heç bir halda inkişaf vəd eləmir və beləcə Leninin fikrinin aşağı hissəsi fiaskoya uğrayır.
Alovları gün-gündən şiddətlənən günümüzün inqilabları göstərir ki, yuxarıların köhnə qaydada idarə eləyə bilməməsi fikri də yanlışdı. Əksinə, Bin Əli də, Hüsnü Mübarək də köhnə qaydada idarə etmələrinin güdazına getdilər. (Yeri gəlmişkən, YAP hələ də Mübarəki Xırdalanda qorumaqda davam eləyir.) Elə Ilham Əliyev də məhz köhnə qaydada idarə eləyir, yenisini istəmir, bunu bacarmır, buna cəhdlər isə “yumurta islahatı” kimi gülünc nəticə doğurur.
Bəs bu gün inqilab əlamətləri nədə görünür?
Buradaca yazımın əvvəlindəki analoqsuz hala qayıtmaq istəyirəm. Aşağılar haqda danışdıq. Aşağılar deyərkən, ayıq və oyanıq aktiv gəncliyi və siyasi qüvvələri deyil, xalq kütlələrini nəzərdə tuturam. “Oralarda” nisbi sakitlik, toxluq, laqeydlik, biganəlik, ümidsizlik, keylik, qeyri-müəyyənlik, yaxasını kənara çəkmə hələ də köhnə qaydasında qalır. Maraqlıdı ki, inqilabın ən tutarlı və onun baş verəcəyini yəqinləşdirən əlamətləri məhz yuxarılarda, bütöv idarəetmədə, iqtidar Olimpinin lap başında özünü göstərir. Sanki inqilab artıq baş verib, hakim qüvvə çabalayır və bütün inqilablar baş verəndən sonra diktatura hakimiyyətlərinin göstərdiyi qarayaxmalar (Türkiyəyə irəli sürülən Qarabağ ittihamı), əvəzçıxmalar (ABŞ və B.Britaniyaya qarşı od püskürmələr), yaltaqlanmalar (yumurta islahatı və dövrəyə buraxılan yeni şayiə – “Ilham Əliyev Prezident fondundan hər bir vətəndaşa 100 manat yardım verəcək”), başını itirmə (ABŞ Milli Demokratiya Institutunun ölkədən qovulması, Norveç Insan Haqları Evinin qapadılması) və s… Belə faktları bəs deyincə sadalamaq olar. Bəs ölkədə inqilab baş verməmişkən inqilabdan sonrakı görsəntilər necə yaranır? Bu o deməkdi ki, diktatorlar dünyanın istənilən guşəsində baş verən inqilabı özlərinə qarşı baş qaldırmış sayırlar.
Elə isə, Azərbaycanda da inqilabın başlandığını iddia eləmək olar. Üstəlik, BMT inqilab səmasını öz qanadları altına aldı. Indi bircə bizim xalqın daha yaxşı yaşayıb-yaşamamaq haqda düşünməsi qalır.