Niyə inqilab?

Məzəli söhbətlərə yol açan yumurta əhvalatı sübut etdi ki, bizim ölkədə çox şeylər fərqli, çox şeylər yaxşı ola bilər. Baxmayaraq yumurtanın qiymətinin sərəncamla endirilməsi özü növbəti biabırçılıq idi, amma xalq gördü ki, məhz Ilham Əliyev bizim ölkədəki problemlərin əsl səbəbidir. O istəyərsə, çox əyriliklər düzələ bilər, çox qanunsuzluqlara son qoyula bilər. Deməli, istəmir. Xalq neyləsin bu halda? Ucuz yumurtaya şükür edib, sakitcə otursunmu?
Xalq təkcə yumurta ilə qane ola bilməz, bunun arxasınca kartof və ətin qiymətinin enməsi də onu qane edə bilməz. Ümumiyyətlə, məsələ təkcə qiymətlərdə deyil axı. Təkcə rüşvətdə və korrupsiyada da deyil. Xalq ədalət və hüquq istəyir. Xalq ölkəsinə sahib çıxmaq istəyir. Neft onun bəxtinə düşübsə, ondan fayda görmək istəyir. Bu ölkənin vətəndaşları güvənli, rifahlı, ədalətli, demokratik bir ölkədə yaşamaq istəyir. Onlar hakimiyyətlərini özü seçmək istəyir. Onların almanlardan, fransızlardan, gürcülərdən nəyi əksikdir?!

Xalqı yumurta ilə aldatmaq olarmı?

“Kərpicin də arzusu var” – bir məşhur arxitektor belə deyib. O da böyümək istəyir, möhtəşəm bir binanın divarlarına çevrilmək istəyir. Bəlkə bu kərpic müqəddəs bir məbədin divarlarına hörülmək istəyir ki, küçədə gərəksiz bir şey kimi atılmış haldan hər kəsin əllərini qutsal hisslərlə toxundurduğu bir sütuna çevrilsin. Kərpic təzədən torpaq olmaq istəyinə də düşə bilər. Kərpic bu qədər azaddır.

Gözəl sözlərdir, elə deyilmi? Amma cansız kərpicdən fərqli olaraq, ona arzu verən, onun da arzularını təsəvvür edən, daşı, qumu, ağacı da gözəl arzularına çevirən insanların arzusu hökmən var.ÿ Onlar başqa insanlara baxır, başqa ölkələri görür və böyük arzulara düşürlər. Ərəbləri təkcə kasıblıq sıxmır, onlar gördü ki, böyük bir etnos olmalarına baxmayaraq, geridə qalıblar, dünyanın gülüş obyektinə çevriliblər. “Ərəb şeyxi” kəlməsi hər bir ərəbə təhqirdir. O cür quruluşlarda yaşamaq, ağlı başında olan hətta hər bir pullu ərəbi də sıxır. Ərəblərin arzuları sıxıldı. Onlar arzuları üçün ayağa qalxdı…

Bizi yumurta ilə aldatmaq olmaz. Ət də sabah yarı qiymətə düşə bilər. Lakin bu ölkənin tam azadlığa çıxması reallaşmadıqca, burada inqilab təhlükəsi və arzusu ölməyəcək. Çünki inqilab kiməsə təhlükədirsə, bəzən də milyonları arzularına doğru aparan yeganə yola çevrilir…

Inqilab qapısı açıqdırmı?

Kafka yazır ki, bir adam dayanıb gözləyir, bir qapıdan keçmək istəyirdi. Qapı da açıq idi, iki tayını da açmışdılar, elə bil kimisə gözləyirdilər. Adam var-gəl edir, qapıdan keçməyə hazırlaşırdı. Amma yaxınlaşmırdı. Fikirləşirdi ki, keçə bilməz birdən. Qapıda duran gözətçilərə baxırdı. Onların sifətini, ürəyini oxumaq istəyirdi. Qəti qərar verə bilmirdi. Gah keçmək istəyirdi, gah da ümidsiz olurdu. Birdən keçə bilməsə?

Adam var-gəl edir və qərar verə bilmirdi. Görün Kafka davamında nə yazır… Yazır ki, o gün bu qapı yalnız və yalnız həmin adam üçün açılmışdı. Həmin gün yalnız və yalnız həmin adam bu qapıdan keçə bilərdi. Onun üçün açıq idi.

Inqilab qapısı həmişə açıqdır. Iki taylı. Təki ordan girmək istəyən olsun. Onun zərurət kimi ortaya çıxması bir yana qalsın, onun bəlli bir romantikası da var. Bu romantika arzulu insana böyük güc verir. Böyük güc. O, artıq qorxmur və onu yumurta ilə aldatmaq istəyənlər yanılır.
Qos-qoca ərəb hakimiyyətləri inqilabın qabağını ala bilmədisə, ərəbşünasları telekanallara çıxarıb “bizdə bu mümkün deyil” dedirtdirməklə, onun qabağını ala bilməzlər…