Prokurorun istədiyi pulu çatdıra bilməyən Elman Abbasov özünü asdı
Goranboyun sabiq baş həkiminin intiharının ardından bu rayonda daha bir sensasiyalı özünəqəsd hadisəsi baş verib. Bu dəfə intihar hadisəsi Goranboyun Şadlı kəndində qeydə alınıb. Goranboydakı mənbədən “Qafqazinfo”ya daxil olan məlumata görə, bir neçə gün əvvəl Şadlı kəndinin sakini 1987-ci il təvəllüdlü Elman Abbasov meşədə asılmış vəziyyətdə aşkarlanıb. 24 yaşlı gəncin intiharının səbəbləri haqda isə rayonda müxtəlif məlumatlar yayılıb.
“Azadlıq”a məlumat verən şəxsin sözlərinə görə, E.Abbasov yaşadıqları kənddə bir xanımla yaxın münasibətdə olub: “Həmin xanımla münasibətləri ilə bağlı o, rayon prokurorluğuna çağırılaraq müstəntiq Əhməd Fərhadov tərəfindən dindirilib”.
Mənbənin məlumatına görə, müstəntiq 24 yaşlı gənci hədələyərək biabır edəcəyini deyib: “Müstəntiq onun barəsində cinayət işi qaldıracağını söyləyib. Işləri yoluna qoymaq üçün isə gəncdən 5 min manat pul istəyib. Mərhum razılaşsa da, müstəntiqə yalnız 1500 manat toplayıb verə bilib. Lakin müstəntiq yerdə qalan 3500 manatı tələb edərək, məbləğin yerdə qalan hissəsini tezliklə tapıb gətirməyi əmr edib. O isə çarəsiz vəziyyətdə müstəntiqdən ayrılaraq bir baş kəndlərinin yaxınlığındakı meşəyə gedib və intihar etməyə məcbur olub”.
Bu hadisədən sonra rayonda vəziyyət yenidən gərginləşib. E.Abbasovun valideynləri baş verənlərlə bağlı tezliklə ölçü götürülməsini tələb ediblər. Əks halda bütün aidiyyəti instansiyalara müraciət edəcəklərini bildiriblər.
Goranboyun sabiq baş həkiminin intiharından sonra çətin duruma düşən icra başçısı Nizaməddin Quliyevin də ailəyə baş çəkdiyi, onlara hər cür yardım təklif etdiyi söylənilir. Hətta icra başçısı adı çəkilən müstəntiqi işdən azad etdirəcəyini də Abbasovlar ailəsinə söz verib. Valideynlər isə heç bir təklifə yaxın durmayaraq məsələnin tezliklə obyektiv araşdırılmasını tələb ediblər.
Mövzunu diqqətdə saxlayacağıq…
Ramin DEKO