Ey şehid oğlu şehid, isteme benden makber,
Sana ağuşunu açmış duruyor Peygamber.
(Mehmet Akif Ərsoy)
Üç il öncə Ingiltərə kraliçası II Yelizaveta və onun əri şahzadə Filipin Türkiyə səfəri zamanı diqqətimi maraqlı bir məqam çəkmişdi. Kral ailəsinin Bursa ziyarəti sırasında qəzetlər şahzadə Filipin bioqrafiyası haqqında yazmışdı. Demə şahzadənin milliyyətcə yunan olan atası Birinci Dünya Müharibəsi illərində Türkiyəyə qarşı savaşlarda iştirak etmiş yüksək rütbəli hərbçilərdən biri olub. Həmin savaşlarda yunan tərəfin acı məğlubiyyətindən sonra da bu ailə ölkədən sürgün edilib. Elə o zaman dünyanın bu məşhur kral ailəsinin Bursa marağının kökündə nələr dayandığını anladım…
Anladım ki, vətən sözünü əməldə insanlığın şərəfi olaraq qəbul edən və bu dəyər naminə komandanından ölməyi sevərək əmr alan bir millətin yazdığı o zəfər tarixi yüz illər bundan sonra belə unudulmayacaq. Bəlkə kimini qorxudacaq, kimini qürurlandıracaq, kiminə də dərs verəcək şəkildə unudulmaz olaraq qalacaq bu zəfər salnaməsi. Bayraq şairi Mehmet Akifin bu şəkildə bəhs etdiyi bir zəfər salnaməsi…
Şu Boğaz harbi nedir? Var mı ki dünyada eşi?
En kesif orduların yükleniyor dördü-beşi.
Tepeden yol bularak geçmek için Marmaraya,
Kaç donanmayla sarılmış ufacık bir karaya…
Söhbət adi bir döyüşdən deyil, bəşər tarixində görünməmiş “dəniz qiyaməti”ndən inanılmaz zəfərlə çıxan millətin qalibiyyətindən gedir. Millətin ruhuyla qazanılan bu Çanaqqala zəfəri tarixin heç vaxt görmədiyi və bəlkə bundan sonra da görə bilməyəcəyi bir qəhrəmanlıq savaşı idi.
Bu, yoxdan bir möcüzənin var edilməsi, inanılmazın gerçəkləşdirilməsindən başqa bir şey deyildi. Bu, Birinci Dünya Müharibəsini qalib başa vurmaq istəyən düşmən dövlətlərin Çanaqqala boğazını keçib Istanbulu almağa can atdığı ağır bir dövrdə Türk millətinin “ölüm hökmü”nə qarşı görünməmiş mücadiləsi idi. Türk milləti qanı və canı bahasına Çanaqqalada yeni bir doğuluş, yeni bir Ergenekon əfsanəsi yaratdı. Osmanlı ordusu burada ingilis və fransız donanmalarına qarşı aylar boyunca savaşdı. Quru və dəniz döyüşlərində 300.000-ə yaxın şəhid verən Türk ordusu nəhayət, 18 mart 1915-ci il tarixində düşmən gəmilərini geri çəkilməyə məcbur etdi…
Bu möhtəşəm tarixi yazmış millətin var oluşu naminə şəhid düşən yüz minlərcə Anadolu əsgərinin o zaman əynində normal geyəcəyi belə yoxdu. Geridə sevdiklərinə yoxsulluq süfrəsi və həsrət dolu xatirələrdən başqa “hədiyyə” edəcəkləri bir şeyləri də qalmamışdı. Amma onlar sonrakı nəsillərə bölünməz bir Vətən buraxmaq üçün bunların əvəzini canlarıyla ödədilər. Bu əmanəti son damla qanına kimi əlindən verməyən şanlı Mehmetciyin cəbhə məktublarının hər biri bir ibrət hekayəsi, bir sevgi əfsanəsidir. “O məktublar ki, qurşunların bir-birini vurduğu, güllələrin havada sinə-sinəyə gəldiyi cəhənnəmi səslərə sükunət verir, vətən eşqini həsrətlə anılan bir ada bağlayaraq cəsarətə çevirir.
Qəlbinin üstündə belə bir məktub saxlayan əsgərin “vətəni üçün edə biləcəyi hansı fədakarlıq vardır” sualı yoxdur əlbəttə; o hamısını sırayla edər və canını ən sonda verər”
(“Çanaqqalada şəhid məktubları”).
Tarix hər kəs üçün ibrətdir, örnəkdir, dərsdir. O bizə göstərir ki, ən böyük güclər qarşısında belə haqlı tərəfin ruhu qalib gəlir. O bizə öyrədir ki, torpaq və millət bütün dəyərlərin fövqündə dayandığı zaman səni məğlub edəcək bir qüvvə yox. O bizə örnək verir ki, bu dəyərlər naminə ölümü gözə almağı bacardığın vaxt sənə nə ölüm, nə zaval, nə də məğlubiyyət var.