Əkrəm Əylisli: «Jurnalisti Novruz bayramında azadlıqda görəcəyimə inanmaq istəyirəm»
Xalq yazıçısı Əkrəm Əylisli güman edir ki, həbsdə olan baş redaktor Eynulla Fətullayev Novruz bayramında gözlənilən əfv fərmanı ilə azad ediləcək: “Mən də daxil olmaqla bir müddət əvvəl Azərbaycanın tanınmış ziyalıları bu barədə prezident Ilham Əliyevə müraciət etmişdi. Eynullanın son durumu ilə bağlı yazılanların detallarından xəbərsizəm. Allah etməsin, Eynullanın başına bir iş gəlsə, bu, Azərbaycan və dünya ictimaiyyətində hakimiyyətə qarşı ağır münasibət yaradacaq. Bu baxımdan mən Eynullanı Novruz bayramında azadlıqda görəcəyimə inanmaq istəyirəm”.
Cəmil Həsənli: “Onun azad edilməsi çox müsbət addım olardı”
Professor Cəmil Həsənli həmişə Eynulla Fətullayevi müdafiə etdiyini və baş redaktoru həbsdə saxlamağın heç bir mənası olmadığını söylədi: “Bilirsiniz, Avropa Insan Haqları Məhkəməsinin qərarından sonra Eynullanı azad etməmək sırf şəxsi mülahizələrlə bağlı ola bilər. Heç kimə sirr deyil ki, dövlət, hüquq-mühafizə orqanları onun hüquqlarını pozublar, ona görə də təcili olaraq jurnalist azad edilməlidir”. C.Həsənli ümid edir ki, hakimiyyət qarşıdan gələn Novruz bayramı münasibəti ilə müsbət addım kimi Eynullanı azad edəcək.
Sabir Rüstəmxanlı: “Fətullayevin azadlığa çıxması hamının arzusu olmalıdır”
VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı bildirdi ki, o, Eynulla Fətullayevin azad edilməsini istəyir: “Baxmayaraq ki, jurnalistə başqa ittiham da irəli sürüldü, amma o, kifayət qədər həbsdə yatıb. Ümumiyyətlə, sözlə, jurnalistika ilü bağlı insanların həbsdə qalmasını istəmirəm. Ona görə Novruz bayramında onların ailələrinin yanında olması hamının arzusu olmalıdır”.