kiv-df

Səhnəmizin bənzərsiz Ərəbzəngisi – Gülxar Həsənova

Gözəl səs və bənzərsiz ifa tərzi…

Azərbaycan səhnəsinin unudulmaz adları sırasında bir çox xanım sənətkarlarımız da var. Belə sənətkarlardan biri də  görkəmli opera müğənnisi, aktrisa Gülxar Həsənovadır. Gözəl səsli və bənzərsiz ifa tərzi olan sənətkar…
O, milli opera sənətimizin inkişafına mühüm töhfələr verib. Uzun illər çalışdığı Opera və Balet Teatrının səhnəsində bir-birindən gözəl obrazlar yaradıb. Gülxar xanım Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasında Leyli və sonralar Leylinin anasını, “Əsli və Kərəm” də Əslini, “Koroğlu”da xanəndə qızı, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında Şahsənəmi, Müslüm Maqomayevin “Şah Ismayıl” operasında Ərəbzəngini, Süleyman Ələsgərovun “Bahadır və Sona” operasında Təravət xanımı, Şəfiqə Axundovanın “Gəlin qayası”nda Ananı özünəməxsus peşəkarlıqla oynayıb. Bütün oynadığı obrazların səhnə həyatında Gülxar Həsənovanın öz möhürü, öz ifa tərzi var. O, bu obrazların hamısını sevə-sevə yaradıb. Amma iki obraz – Leyli və Ərəbzəngi onun yaradıcılığında xüsusi yer tutur. Bunu Gülxar xanım özü də etiraf edirdi….
Gülxar Həsənova 10 dekabr 1918-ci ildə Şəmkir rayonunun Bayramlı kəndində anadan olub. Oxumağa məktəb yaşlarından başlayıb. Bakı Tibb Məktəbində (1934) təhsil alıb və oranın dram dərnəyində çalışıb. Bakı Teatr Məktəbində aktyorluq ixtisasma yiyələnib (1936-1939). Gülxar Həsənova səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlayıb (1936-1942). Melodik səsə malik istedadlı aktrisanın sonrakı taleyi Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsi ilə bağlı olub. O, burada parlaq, koloritli qadın obrazları yaradıb.
Səhnədə yaratdığı obrazlarla tamaşaçıların qəlbinə yol tapan Gülxar Həsənova günlərin birində dahi Üzeyir bəyin diqqətini də çəkir. Tamaşaların birində gənc aktrisanın çıxışını diqqətlə izləyən Üzeyir bəy onun məlahətli səsini yüksək qiymətləndirərək, Opera və Balet Teatrında çalışmasını tövsiyə edir. Beləliklə, Gülxar Həsənovanın sonrakı səhnə fəaliyyəti Opera və Balet Teatrında davam edir.
Uzun illər Opera və Balet Teatrında həm solist, həm də məşqçi-pedaqoq kimi çalışan Gülxar Həsənova teatr tarixinə adını yazan sənətçilərdən olub.
Onun yaradıcılığının zirvəsi Müslüm Maqomayevin “Şah Ismayıl” operasında yaratdığı güclü, cəsarətli Ərəbzəngi və Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasında Leyli, Leylinin anası partiyalarıdır. Səhnə fəaliyyətini bitirən G.Həsənova  uzun müddət milli muğam operasında gənc xanəndələrə ifaçılıq sənətinin sirlərini öyrədib.

Gülxar xanımı xatırladan Ərəbzəngi yoxdur…

Uzun illər Gülxar xanımla tərəf-müqabil olmuş Xalq artisti Canəli Əkbərovun dediklərindən:
“Sənətkar üçün vacib olan bir neçə amil var. Bunlardan ən başlıcası istedad, məsuliyyət və zəhmətdir. Bu keyfiyyətlər də Gülxar xanımda üstünlük təşkil edirdi. Odur ki, o, nümunəvi bir sənətkar idi. Xoşbəxtəm ki, belə sənətkarla bir yerdə çalışmaq mənə nəsib olub. M.Maqomayevin ”Şah Ismayıl” operasında mən Şah Ismayıl, o isə Ərəbzəngi rolunda çıxış etmişik. Gülxar xanım bu obrazı o qədər canlı oynayırdı ki, bəzən mən səhnədə olduğumu unudub onun sənətinin sehrinə dalaraq az qala tamaşaçıya çevrilirdim. Bu obraz ona çox yaraşırdı. Unudulmaz sənətkarımız Həqiqət Rzayevadan sonra Ərəbzəngi obrazının ən mahir ifaçısı məhz Gülxar Həsənova idi. Illər keçdikcə mən ona baxıb düşünürdüm, heyf ki, səhnəmizin Ərəbzəngisi qocalır. Görən onu kim əvəz edəcək? Amma açığını deyim ki, doğrudan da hələ ki, Gülxar xanımı xatırladan Ərəbzəngi yoxdur.
Onun bütün keyfiyyətləri gözəl və səmimi idi. Xüsusən də sənət dostlarından bilik və bacarığını əsirgəməzdi. Gülxar Həsənova lazım gəldikdə gənc ifaçılarla hətta evində məşğul olurdu. Bunu sənətimizin inkişafı naminə edirdi. Odur ki, Gülxar Həsənova bu gün yaddaşlarda mahir sənətkar və gözəl insan kimi qalıb”.

Gülxar Həsənovanın xatirələrindən :
“1941-1945-ci illərin müharibə dövrü sənətçilər üçün də ağır, məşəqqətli zaman idi. Tez-tez cəbhə bölgələrində olurduq. Çalışırdıq ki, əsgər oğullarımıza mənəvi dayaq olaq. Bu çıxışların əsas təşəbbüsçüsü də Üzeyir bəy idi. O, bizim vətənpərvərlik ruhumuzu daha da artırırdı. Üzeyir bəy elə bir şərait yaratmışdı ki, səhnə də bizim üçün bir cəbhəyə çevrilmişdi. Yadımdadır ki, 1943-cü il idi. Mən Əlövsət Sadıqovla ”Leyli və Məcnun” operasını oynamalı idim. Tamaşadan əvvəl acı bir xəbər eşitdim. Cəbhədən qardaşımın qara kağızı gəlmişdi. Mənimlə bərabər bütün yoldaşlarım da sarsıldılar. Onlar elə bildilər ki, tamaşa təxirə düşəcək. Amma yox, elə olmadı. Mən özümdə güc toplayıb həmin gün tamaşanı oynadım. Bəlkə əvvəlkilərdən daha da yaxşı. Çünki mənim həyatdakı acılarım Leylinin kədərli taleyi ilə üst-üstə düşürdü. Bu qəm-kədər yaxınlığı məni Leyli obrazı ilə daha da doğmalaşdırırdı. O illərdə tez-tez Ərəbzəngi rolunda da çıxış edirdim. Yaşadığım mübarizə hissini, düşmənə qalib gəlmək arzusunu sanki bu obrazın vasitəsi ilə ifadə etməyə çalışırdım. Ərəbzəngi öz qəhrəmanlıq çalarları ilə tam mənim düşüncələrimlə səsləşirdi. Odur ki, bu iki obraz mənə çox doğmadır. Əslində isə mənə daha doğma olan səhnədir ki, məhz orada öz hiss və həyəcanımı, düşüncələrimi, bir sözlə, yaşantılarımı yaşamışam”.

Onun son tamaşası

Bax, beləcə böyük sənət eşqi ilə yaşayan Gülxar Həsənova soprano səs tembri ilə parlaq koloritli obrazlar yaratdı, muğam, xalq mahnı və təsniflərimizi xüsusi gözəlliklə ifa edərək, onların da əbədiyaşarlığında mühüm rol oynadı. Gülxar Həsənova bu cəhətləri ilə öz üslubunu yaradaraq səhnəyə yeni qədəm qoyan neçə-neçə gənclərə də yol göstərib, onlardan öz bilik və bacarığını əsirgəmədi…
Gülxar Həsənova daim xatırlanacaq sənətkarlardan biri idi.  Onun sənəti, onun məktəbi bugünkü nəsil üçün də bir örnəkdir.
O, aktyor Ağadadaş Qurbanovun həyat yoldaşı, aktyor Hamlet Qurbanovun anasıdır.
Gülxar xanım 1955-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1982-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. Gülxar Həsənova Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə də təltif edilmişdir.
“Gecə qatarında qətl”, “Xoşbəxtlik qayğıları”, “Məkanın melodiyası” kimi filmlərdə də aktrisa yaddaqalan obrazlar yaradıb.
Tofiq Ismayılovun ssenarisi və rejissorluğu ilə 1989-cu ildə  Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə “Sənətkarlarımızın portreti” silsiləsindən Azərbaycanın görkəmli opera müğənnisi, respublikanın xalq artisti Gülxar Həsənovaya, onun həyat və yaradıcılığına həsr olunmuş “Son tamaşa” adlı qısametrajlı sənədli film çəkilmişdir.
Gülxar Həsənova 2005-ci ilin mart ayında dünyasını dəyişib. Amma o dövrün musiqisevərləri bu gözəl səsli sənətçini hər zaman ən xoş xatirələrlə xatırlayırlar. Onun pərəstişkarları ilə dolub-daşan konsert salonlarını görənlər hələ də o möhtəşəm günlərin nostaljisini yaşayır. Opera tamaşalarında anşlaq arxasınca anşlaq yaradan bu gözəl sənətkarla bağlı teatr tarixində elə unudulmaz anlar var ki… Gülxar xanım elə ifaçılardandır ki, lentin yaddaşına köçürülmüş səsiylə bu gün də zövqlə dinlənir və xatırlanır. O, musiqi mədəniyyətimizə zəngin töhfə vermiş bir sənətçi kimi milyonlarla incəsənət vurğunlarının qəlbində yaşayacaq…

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir