Ankara “Qarabağ siyasi kartını” avtoritar Kremlin və Bakının əlindən alır…
Azərbaycan hökumətinin Türkiyəni suçlamasının səbəbləri açıldı. Sən demə, Araz Əzimovun anlaşılmayan maraqlardan irəli gələn bəyanatı yenə də Rusiyadan “su içirmiş”. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiyanın paytaxtı Moskvada Qarabağla bağlı bəyanatı diqqəti cəlb edib. O, ilk olaraq Rusiyanın özünün Cənbi Qafqazda münaqişə tərəfi olduğuna işarə vurub. Dolayı yolla Ərdoğan Kremlə anladıb ki, Moskva Cənubi Qafqazdaki münaqişələrin həllində bitərəf rol oynaya bilməz. O, Qafqazda iki əsas problem – Azərbaycan-Ermənistan və Gürcüstan-Rusiya problemləri olduğunu bildirməklə Rusiyaya konkret mesajını çatdırıb. Bunun ardınca isə həm Gürcüstan, həm də Azərbaycanla sərhəd olan Ankaranın təmsilçisi öz ölkəsinin maraqlarını dilə gətirib: “Biz hər iki problemin öz həllini tapmasını və Qafqazda sülhün bərqərar olmasını istəyirik”. Bu fikrilərilə Ərdoğan demək istəyib ki, bu regionda ən yaxşı vasitəçi Türkiyə ola bilər. Araz Əzimovun bəyanatını diqqətə alsaq, görərik ki, Azərbaycan hökuməti bu dəfə də açıq şəkildə təşəbbüslərin Rusiyanın əlindən çıxmasına qarşı mübarizəyə qoşulub.
Ərdoğan münaqişəni “monopoliyaya alırsız” deyib
Ərdoğan açıq şəkildə Qarabağ münaqişəsinin həllinin öz ölkəsi üçün önəmli bir proses olduğunu vurğulayıb. Görünür, Azərbaycan hökuməti həm də Qarabağ münaqişəsindən daxili maraqlar naminə spekuliyasiya etmək planlarında sorunların yaranacağından ehtiyat edir. Ona görə də Türkiyəni bu başdan destruktivlikdə ittiham edir. Türkiyə isə daha cəsur mövqe tutub. Ərdoğan Azərbaycan-Ermənistan probleminin həllinin Türkiyə-Ermənistan probleminin çözümündə də açar rol oynadığını bildirib. Bu o deməkdir ki, dünya birliyi də Türkiyənin Qarabağ məsləsindəki rolu və mövqeyi ilə hesablaşmalıdır.
Ərdoğanın fikirləri təkcə Rusiyaya ünvanlanmayıb. O, Minsk Qrupunun digər üzvlərini passivlikdə və dolayı yolla, münaqişənin həllindən əl üzməkdə ittiham edib. Çünki, Rusiya üçün önəmli olan münaqişənin davamlı dondurulması və bitməyən danışıqlar prosesinə ev sahibliyi etməklə Cənubi Qafqaza təsir imkanlarını saxlamaqdır. Ərdoğan isə bu məsələni açıq olaraq belə ifadə edib: “Bu anda Azərbaycan-Ermənistan danışıqlarına ATƏT-in Minsk Qrupu üçlüyünün deyil, daha çox Rusiya Federasiyasının ev sahibliyi etməsi, burada adətən ipi öz əlinə almış kimi görünməsini önəmli məsafə sayıram. Və bu məsələdə, bundan sonra atılacaq addımlarda Türkiyənin də daha effektiv ola biləcəyini düşünürəm”. Türkiyə baş naziri eyini zamanda baş verənlərin belə davam edə bilməyəcəyini vurğulayıb. O, Rusiyanın bu münaqişəyə tam nəzarət etmək iddiasının qarşısını almaq üçün Türkiyənin də proseslərə aktiv müdaxilə edəcəyinə işarə vurub.
Rəsmi Bakı niyə narahatdır?
Türkiyənin regionda yenidən fəallaşmağa hazırlaşdığı ərəfədə Azərbaycan rəsmilərinin narahatlığı təsadüfi deyil. Görünür, Kreml yenidən Azərbaycan vasitəsi ilə Türkiyəyə müqavimət təşkil edir. Bu dirənişin elə bir ciddi nəticəsinin olacağı gözlənilməsə də, kampaniya güclənə bilər. Biz analoji olayla Türkiyə-Ermənistan sərhədlərinin açılması müzakirələri zamanı rastlaşmışdıq. Buna görə də həm Türkiyənin, həm də Azərbaycanın sağlam düşüncə sahibləri bu durumdan daha yaxşı istifadə edərək, avtoritar Kremlin və Bakının Qarabağ münaqişəsindən siaysi maraqları naminə istifadə etmələrinə imkan verməməlidir.
Seymur Həzi