Liviya diktatoru Benqaziyə çatır
Liviyada vətəndaş müharibəsi davam edir. Müəmmər Qəzzafi müxalifətin nəzarətində olan şəhərləri bir-bir ələ keçirir. Ötən gün səhər saatlarında diktatora sadiq qüvvələr paytaxt Tripolidən 200 kilometr şərqdə yerləşən Misrata şəhərinə daxil olub. Ölkənin üçüncü böyük şəhərinin bütün kommunikasiyası sıradan çıxarılıb.
Qəzzafi əsgərləri səhər saat 06:00 radələrində Misrata şəhərini güclü artilleriya atəşinə tutub. Şəhərə tanklarla 3 istiqamətdən hücum olub. Artıq müxalifət təmsilçiləri Müəmmər Qəzzafiyə sadiq qüvvələrin yaxın günlərdə etirazçıların əsas qalası olan Benqazi şəhərini də ələ keçirəcəyini istisna etmir.
İranın rəsmi yayın orqanı “Press TV” Müəmmər Qəzzafinin oğullarından birinin yaralandığı haqda məlumat yayıb. Xəbərdə bildirilir ki, diktatorun oğlu üsyançıların tərəfinə keçən qırıcı təyyarələrindən birinin Tripoli yaxınlığındakı Bab Əl Əziziyə hərbi bazasını bombaladığı zaman yaralanıb.
Adı açıqlanmayan oğul Qəzzafinin aldığı ağır yanıqlar səbəbindən Tripolidə bir xəstəxanaya yerləşdirilib. “Press TV” onu da əlavə dib ki, Qəzzafinin kiçik oğlu Seyfulislam yaralı qardaşının səhhətini diqqətdə saxlayır.
Benqazi aeroportu bombalandı
Liviya lideri Müəmmər Qəzzafi martın 17-ni “həlledici döyüş günü” elan edib. O bildirib ki, Misrata şəhərinin ələ keçməsindən sonra bütün qüvvələr Benqazinin geri qaytarılmasına sərf olunacaq. Qəzzafiyə bağlı silahlılar Benqaziyə geniş əks-hücuma hazırlaşır.
Bu arada hökumətə sadiq qırıcı təyyarələr Benqazidən 10 kilometr aralıda yerləşən Benin aeroportuna zərbə endiriblər. Bundan əvvəl qiyamçılara şəhəri tərk etmək təklif olunub. Amma qiyamçılar təklifi rədd ediblər.
Müxalifətin son və əsas qalası olan Benqazidə yaşayan 2 əsas tayfa Müəmmər Qəzzafini dəstəklədiklərini élan ediblər. Liviya Dövlət Televiziyasının yaydığı informasiyada qeyd olunur ki, Tarxulla və Varfalla tayfalarının təmsilçiləri telekanala zəng edərək Liviya liderini dəstəklədiklərini bildiriblər.
“Müxalifət son anadək vuruşacaq”
Liviya müxalifəti isə son ana qədər diktatora qarşı vuruşacaqlarını bildirib. Müxalifət təmsilçisi Əhməd Cibrilin sözlərinə görə, Liviya müxalifətinin qüvvələri Müəmmər Qəzzafiyə qarşı mübarizəni dayandırmayacaqlar:“Diktaturaya qarşı mübarizə hadisənin gələcək inkişafından asılı olmayaraq davam edəcək. Biz Qəzzafi diktaturasına qarşı hətta o müharibədə qalib gəlsə belə bütün vasitələrlə mübarizə aparacağıq. Lakin onun qələbəsi az inandırıcı görünür”.
Qəzzafi:“Benqaziyə hücum etməyə ehtiyac yoxdur”
Müəmmər Qəzzafi müxalifətin mərkəzi sayılan Benqazi şəhərinə hücum etməyə ehtiyac qalmadığını bildirib. Onun sözlərinə görə, Liviyada iqtidar və müxalifət nümayəndələri arasında qarşıdurma tezliklə başa çatacaq. Beləliklə də müxalifətin qərargahı olan Benqaziyə hücum etməyə gərək qalmayacaq. Benqazi sakinləri özləri üsyançıların öhdəsindən gələcək:“Benqazi sakinləri özləri qiyamçıların öhdəsindən gələcəklər. Ona görə də qüvvə tətbiq etməyə lüzum yoxdur”.
Fransanın “La Figaro” qəzetinə müsahibə verən Müəmmər Qəzzafi hökumətin müxalifətlə heç bir danışıq aparmayacağını söyləyib. O, qəti şəkildə Liviya müxalifəti ilə danışıqlar ehtimalını rədd edib. Qəzzafi onu da bildirib ki, əgər o, müxalifətə qarşı silahlı güc işlətsəydi ölkə üzərində nəzarəti bir günə bərpa edərdi:“Bizim məqsədimiz müxtəlif üsullardan istifadə edərək silahlı qrupları tədricən silahsızlaşdırmaqdır”
Diktatordan Qərbə hədə
42 il ölkəni dəmir yumruqla idarə edən Müəmmər Qəzzafi Qərb şirkətlərinə artıq inanmadığını və gələcəkdə neft sahəsində Rusiya, Çin və Hindistan şirkətləri ilə əməkdaşlıq etmək istədiyini bildirib:“Biz daha Qərbə inanmırıq və ona görə də Rusiya, Çin və Hindistan şirkətlərini neft və tikinti sahəsinə sərmayə qoymağa dəvət etmək niyyətindəyik”.
Rusiyanın ərəbdilli “Rusiya əl-Yom” telekanalına müsahibə verən Qəzzafi Qəzzafi bildirib ki, Qərb Liviya hadisələrinə münasibətinə görə peşmançılıq keçirir: “Tripoli Qərbin üzr istəmək cəhdinə dair dolayı mesajlar alır. Səhv etdiklərini və üzr istədiklərini deyirlər. Onlar hər şeyin bu cür qurtaracağını gözləmirmişlər. Qərb sanksiyaları unutmağa və səhvini boynuna almağa hazırdır”.
“Avropa və ABŞ üzr istəsə münasibətlər bərpa oluna bilər”
Qəzzafi məhz hansı ölkələrdən söhbət getdiyini açıqlamayıb və Qərbin Liviyaya görə məsuliyyət daşımadığını bildirib. Onun sözlərinə görə, Qərbə sakit Liviya lazımdır:“Qərb liderləri haqlı olmadıqlarını boyunlarına alıblar”.
Liviya lideri Avropa və ABŞ-la münasibətlərinin normallaşması üçün imkan saxlayıb:“Əgər onlar doğrudan da gəlib üzr istəsələr, səhvlərini boyunlarına alsalar, mehriban münasibətlər bərpa oluna bilər”.
İngiltərə Liviyaya hərbi müdaxiləyə hazırdır
İngiltərə hətta BMT Təhlükəsizlik Şurasının yeni qətnaməsi olmadan Liviyada beynəlxalq əməliyyatda iştirak edə bilər. Bu barədə İngiltərənin xarici işlər naziri Uilyam Houq bildirib. Nazir rəsmi Londonun Liviya xalqını müdafiə edəcəyini söyləyib.
İnformasiya şöbəsi