Bakı Ankaranı «İrəvan kartı» ilə şantaj etdi..
Araz Əzimov təəccüblü danışıb. İlham Əliyev prezident olandan sonra ilk dəfədir ki, təəccüblü bir şey eşidəcəksiz. Elmar Məmmədyarovun müavini deyir ki, Qarabağ münaqişəsinin həllinin gecikməsində günahkar Türkiyədir. O, açıqlamasında deyir ki, 2009-cu ildə Sürixdə Ermənistan və Türkiyə arasında sərhədlərin açılmasına dair imzalanan protokollar Azərbaycan diplomatiyasını dalana dirəyib. Yeni siyasi şərait yaranıb və bu böhran vəziyyətinin günahkarı Türkiyə hökumətidir.
Araz Əzimovun açıqlaması:
Azərbaycan Xarici İşlər nazirinin müavini Araz Əzimov «CNN Türk» kanalına müsahibəsində deyib ki, Ankara Sürix protokollarına imza atmaqla, Dağlıq Qarabağ münaqişəsinin həllini çətinə salıb.
Diplomat bildirib ki, aprelin 24-dək və sonra Qarabağ münaqişəsinin həllində irəliləyiş gözləməyə dəyməz. O düşünür ki, 2009-cu ildə baş verən hadisələr bu məsələyə yardımçı olmayıb: «Onlar bizi bir böhran vəziyyətinə gətirdi. Bir tərəfdən vəziyyəti çətinləşdirdi. Normalaşma prosesi də dayandırıldı və Qarabağ məsələsində də irəliləyiş əldə edilmədi».
Nazir müavini deyib ki, 24 apreldən sonra da tezliklə bir inkişaf olmayacaq: «Əsas problem budur ki, biz Qarabağın Azərbaycana yenidən reinteqrasiyasını istəyirik. Ermənistanın bu vaxta qədər Qarabağın ayrılmasına yönəlmiş səyləri artmaqdadır. Bu cür vəziyyətdə heç bir nəticəyə gələ bilmərik» (ans press).
Bu açıqlamanın hansı səbəblərdən irəli gəldiyi barədə bir çox versiyalar mövcuddur. Ilham Əliyevin Qarabağ münaqişəsi üzrə əldə etdiyi nailiyyətlər nədən ibarətdir? Türkiyə bu münaqişənin həllində hansı diplomatik və ya hərbi yardımlarda bulunub və ya hansı yardımlarını təklif edib? Bütün bunların hər biri Türkiyə və Azərbaycan münasibətlərinin ana xətti kimi gözdən keçirilə bilər. Amma bütün bunlar bizim yazımızın ana xətti deyil. Hər kəsə bəllidir ki, Ilham Əliyev yalnız şəxsi maraqları kontekstində siyasət qurur və bu maraqlara ziyan gözlənilən kimi dövlət maraqları da qurban verilir. Beləliklə, nə baş verir?
2009-a qədər Qarabağı almışdıqmı?
Araz Əzimovun dediklərindən belə çıxır ki, Sürix protokollarına kimi Azərbaycan Qarabağı geri almışdı. Məhz bu olay yenidən erməniləri qalib elədi. Amma Ilham Əliyevin və Ramiz Mehdiyevin ən ciddi “uğur”u barədə yalnız onu demək olar ki, Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinə 1993-cü ildə AXC hakimiyyəti dövründə 134 ölkə səs verdiyi halda Əliyevlərin “uğur”lu siyasəti bu rəqəmi 2008-də 34-ə endirdi. Itirilmiş torpaqların geri alınmasında ciddi rol oynayan AXC taborlarını ləğv edərək 7 rayonun işğalını faktiki olaraq Heydər Əliyev təşkil etmədimi? “Ümumi dövlət” modeli, “Ən yüksək statuslu muxtariyyət”, işğal olunmuş ərazilərin bir hissəsində ayrıca olaraq referendum keçirilməsi təkliflərinə kim “hə” demişdi? Bütün bunların hamısı Sürix protokollarına kimi baş verib. Görünür, Ilham Əliyev bu cür kobud ittihamlara yol verən “diplomatiya”ya keçməkdə tamam başqa, həm də şəxsinə olan təhlükənin qarşısını almaq niyyəti güdür.
Ermənistanla kim ortaq mövqedədir?
Türkiyəni Qarabağ münaqişəsinin həllində destruktiv rol oynamaqda ittiham etmək, bu dövləti Ermənistanla ortaq maraqlarda ittiham etmək deməkdir. Biz də məsələyə Sürix protokolları kontekstində qısa aydınlıq gətirək. Ermənistan Sürix protokollarını Konstitusiya Məhkəməsinin dörd bəndlik əlavəsi ilə təsdiqləyib. Bu maddələr açıq şəkildə protokolun ilkin variantının işləkliliyini və beynəlxalq hüququn tərkib hissəsi sayılmaq gücünü sıfıra endirib. Yəni Ermənistan ilkin variantdan imtina edib. Azərbaycan hakimiyyəti və Rusiya da bu məsələdə eyni mövqedə olublar. Indi açıq görünmürmü ki, Türkiyənin yox, Azərbaycan hökumətinin Ermənistanla ortaq maraqları var?! Elə isə Türkiyənin tərəfdarı olduğu və imzaladığı sənəd faktiki olaraq təhrif edilərək münasibətlər sistemində tənzimləyici subyekt olmaqdan çıxıbsa, yəni heç bir işlək əhəmiyyəti qalmayıbsa, bu, Qarabağ danışıqlarına necə təsir edə bilər. Başqa tərəfdən, Ilham Əliyev özü demirdimi ki, Türkiyənin atdığı addımların bizə heç bir dəxli yoxdur? Indi nə baş verib ki, Azərbaycan hökuməti yenə günahkar axtarır. Özü də Qarabağ mövzusunda və Ermənistana yardım motivi ilə. Yaxın tarixə nəzər salsaq, bu, ancaq Əliyevlərin hakimiyyətinə təhlükələr yarananda olur.
Təhlükə qoxusu var…
Görünür, İlham Əliyevə yeni təzyiq dalğası Türkiyədən olacaq. Əslində Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın bu ilin əvvəlində Azərbaycana nəzərdə tutulan səfərinin təxirə düşməsi, Türkiyə mediasında Ilham Əliyevin və ətrafının tənqid olunması deməyə əsas verir ki, Ilham Əliyev bu basqıların ardını gözləyir. Elə buna görə də indidən belə rəy yaratmağa çalışırlar ki, Türkiyə onsuz da Azərbaycana qarşı qərəzlidir. Yadınızdan çıxmayıbsa, BDU rektoru Abel Məhərrəmov da “Azadlıq” tələb edən gənclərə erməni demişdi…
Seymur Həzi