Qəzzafi qüvvələrinə zərbələr endirilməsi haqda qətnamə layihəsi BMT TŞ-yə təqdim olundu
Liviyada Müəmmər Qəzzafiyə sadiq silahlılarla müxalifət tərəfdarları arasında savaş getdikcə şiddətlənir. Diktator müxalifətin ələ keçirdiyi əraziləri geri qaytarmaq üçün bütün qüvvələrini səfərbər edib. Ölkəni 42 il dəmir yumruqla idarə edən Qəzzafi əmrindəki hərbçilərə müxalifətin nəzarətindəki Misrata şəhərini havadan bombalamaq əmri verib. Ilkin məlumatlara görə, hava hücumu nəticəsində 5 nəfər ölüb, 11-i isə yaralanıb.
Şəhərdəki xəstəxanada çalışan həkmlərdən biri “Reuters” agentliyinə bildirib ki, bombardman nəticəsində ölənlərin sayı çoxdur. Cəsədlərin çoxu əsasən şəhərin şərq və cənub hissələrindən gətirilir. Misratadakı Qəzzafi əleyhdarları da diktatorun hücumuna top atəşləri ilə cavab veriblər.
Qəzzafilər yenə meydan oxudu
Dövlət televiziyası ilə xalqa müraciət edən Müəmmər Qəzzafi istər xarici, istərsə də daxili qüvvələrlə qarşı-qarşıya olmalarına baxmyaraq düşmənləri əzəcəklərini bildirib: “Fransa, ABŞ, Ingiltərə məğlub olacaq. Düşmənləri əzməkdə qərarlıyıq. Həyatımız hesabına olsa da Liviyanın bütövlüyünü qoruyub saxlayacağıq”.
Diktatorun oğlu Seyfülislam Qəzzafi iqtidara bağlı qüvvələrin müxalifətin son qalası olan Benqazi şəhərinə yaxınlaşdığını söyləyib. O, hər şeyin 48 saat ərzində sona çatacağını bildirib: “Hərbi əməliyyatlar bitdi. 48 saat içində hər şey sona çatacaq. Qüvvələrimiz Benqazi yaxınlığındadır. Üsyançılar hansı qərar verir versin, artıq çox gec olacaq”.
Liviya daxili işlər nazirinin müavini Halid Kaim də hökumət qüvvələrinin müxalifətin nəzarətindəki əraziləri yaxın zamanlarda ələ keçirəcəyinə inandığını söyləyib.
Diktator öldürücü hücuma hazırlaşır
Qəzzafiyə sadiq hərbçilər və Afrika ölkələrindən gətirilmiş muzdlu əsgərlərdən ibarət birləşmələr müxalifətin mərkəzi olan Benqaziyə yaxın Əcdəbiyyə şəhərini ələ keçirib. Liviya ordusu Benqazidəki üsyançılara silahlarını buraxmaları haqda çağırış edib. Əcdəbiyyə Benqaziyə gedən yolda son əngəl olaraq görünürdü. Beləliklə, Qəzzafi müxalifətə öldürücü zərbə endirmək üçün son maneəni də aşmış oldu.
Müxalifətin tərəfinə keçən zabitlərdən biri Benqazidən 150 km uzaqlıqda yerləşən şəhərin müdafiəsini təşkil edən üsyançıların geri çəkildiyini bildirib. “Reuters” agentliyinə danışan Süleyman adlı general “savaşı uduzduq, Qəzzafi əlindəki hər şeyi bizə qarşı yönəldib” deyib.
Dünən axşamdan başlayaraq Benqazidəki bəzi üsyançılar artıq indidən Misir sərhədinə doğru qaçmağa başlayıb. Tanınmış müxalifətçilərdən biri Adel Yəhya Əcdəbiyyədə ordunun nəzarəti ələ keçirdiyini və silahını Qəzzafi tərəfdarlarına təslim etdiyini söyləyib. O qeyd edib ki, təslim olanlardan küçələrə çıxaraq Qəzzafi lehinə şüarlar səsləndirmək tələb olunub.
Qəzzafinin iki gəmisini batırdılar
Müxalifətə bağlı “Brnieg” xəbər portalının yaydığı məlumata görə, üsyançılara aid MiG-23 qırıcı təyyarəsi Qəzzafinin iki savaş gəmisini zərərsizləşdirib. Sayta açıqlama verən zabitin sözlərinə görə, gəmiləri batıran qırıcılar Qəzzafi əsgərlərinin əlinə keçirdiyi Breqa və Əcdəbiyyə şəhərlərindəki tankları da bombalayıb.
Diktatorun oğlu Sarkozini şantaj elədi
“Euronews” kanalına müsahibə verən Seyfülislam Qəzzafi Liviya müxalifətinə dəstək verən Fransa prezidenti Nikola Sarkozinin ünvanına sərt fikirlər səsləndirib. O, 2007-ci ildə Fransada keçirilən prezident seçkiləri zamanı Sarkozinin seçki kampaniyasının Liviya tərəfindən maliyyələşdirildiyini bildirib. Qəzzafi qeyd edib ki, Sarkozi həmin pulları geri qaytarmalıdır: “Onun kampanyasını maliyyələşdirən biz idik. Bunu sübut edəcək dəlillərimiz var. Hər şeyi ifşa etməyə hazırıq”.
Sarkoziyə Liviya xalqı üçün çalışması müqabilində yardım etdiklərini söyləyən Seyfülislam Qəzzafi “O, bizi məyus etdi. Pulumuzu geri qaytarsın. Bütün sənədlər, pul transferləri və bank hesabları əlimizdədir. Yaxın zamanlarda hər şeyi açıqlayacağıq”- deyib.
Hərbi müdaxilə qətnaməsi BMT-yə təqdim olundu
Dünən günün ikinci yarısında BMT Təhlükəsizlik Şurasına Qəzzafinin hərbi qüvvələrinə zərbələr endirilməsini nəzərdə tutan qətnamə layihəsi təqdim edilib. Qətnamənin müəllifləri Fransa, Böyük Britaniya və Livan hökumətləridir.
Fransanın xarici işlər naziri Alen Jüpe öz bloqunda yazıb ki, qətnamədə Liviyaya dəqiq hərbi zərbələr endirilməsi əksini tapıb. O, Qəzzafi rejiminə qarşı tətbiq olunmuş siyasi və iqtisadi sanksiyaların yalnız bir neçə ay sonra nəticə verə biləcəyini bildirib.
Nazir əlavə edib ki, Liviya diktatoru dinc etirazçıların üzərinə təyyarə və helikopterlər göndərərək balansı pozub. Məhz buna görə də üç ölkə bu cür zərbələrin endirilməsinə mandat verəcək qətnamə layihəsi hazırlayıb. Fransa prezidenti və Ingiltərənin baş naziri Təhlükəsizlik Şurasından xahiş ediblər ki, sənəd müzakirəyə çıxarılaraq qəbul olunsun.
Turan