Demokratik düşərgədə önəmli görüş

İctimai Palata ilə Ziyalılar Forumu bir araya gəlir

 

Bu gün Müsavat partiyasının qərərgahında İctimai Palatanın Koordinasiya Şurasının nümayəndələri olaraq AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər Ziyalılar Formunun Koordinasiya Şurasının nümayəndələri Eldar Namazov və Cəmil Həsənli ilə görüşüb keçirib. Görüşdə əsasən İctimai Palata ilə Ziyalılar Forumunun münasibətləri, ölkədəki ümumi ictimai-siyasi vəziyyət müzakirə olunub.
Görüş barədə “Azadlıq”a açıqlama verən AXCP sədri deyib ki, müzakirə zamanı ölkədə demokratik islahatların həyata keçirilməsi ilə bağlı İctimai Palata və Ziyalılar Forumunun mövqelərinin yaxın olması qeyd edilib. Belə ki, hər iki qurum ciddi islahatların həyata keçirilməsinə, insan haqlarının təmin olunmasına, azad və ədalətli seçkilərin keçirilməsinə, demokratiyanın bərqərar olmasına çalışır və bunu əsas məqsəd kimi görür. Görüşdə İctimai Palatanın səlahiyyətli nümayəndələri ilə Ziyalılar Forumunun səlahiyyətli nümayəndələri arasında vaxtaşırı belə məsləhətləşmələrin davam etdirilməsi qərara alınıb və bu barədə razılıq əldə edilib.

 

Fizzə