Məşədi Vaqif: “Ölkədəki ağır situasiya, hakimiyyətin yürütdüyü iqtisadi-sosial siyasət aksiyaya marağı artırır”
Ictimai Palatanın aprelin 2-nə təyin etdiyi aksiyaya cəmiyyətdə böyük maraq hiss olunmaqdadır. Bu səbəbdən IP-ya daxil olan partiyalar, təşkilatlar da aksiyaya hazırlığa ciddi önəm verirlər. Budəfəki aksiyanın mahiyyətcə əvvəlkilərdən fərqlənməsi də əhali arasında təbliğat zamanı izah olunur. Mövqeyini öyrəndiyimiz Bakı kəndlərinin ağsaqqalları IP-nin üzvləri Məşədi Vaqif Pənahov və Hacı Əmrulla Dadaşzadə aksiyaya ciddi hazırlığın getdiyini təsdiqlədilər.
Məşədi Vaqif qəzetimizə açıqlamasında bildirdi ki, hazırda ölkədəki ağır situasiya, hakimiyyətin yürütdüyü iqtisadi-sosial siyasət aksiyaya marağı artırır: “Hazırda hakimiyyət yumurtanın qiymətinin aşağı salınmasını əsas təbliğat vasitəsinə çevirib. Amma məsələ burasındadır ki, yumurtanın qiyməti aşağı salınmaqla iş bitmir. Digər ərzaq məhsullarının qiyməti hələ də yüksək olaraq qalmaqdadır. Bu baxımdan son zamanlar ölkədə narazıların sayının artması, sosial-iqtisadi durumun pisləşməsi aksiyanın izdihamlı olacağını deməyə əsas verir”.
Hacı Əmrulla: “Mövcud rejimin yürütdüyü yarıtmaz siyasət demək olar ki, hər bir Azərbaycan vətəndaşına toxunub”
Hacı Əmrulla da hesab edir ki, Bakı kəndlərinin aprelin 2-dəki aksiyada iştirakı yüksək səviyyədə olacaq. Bunu kəndlərdə keçirilən görüşlər zamanı caamatın əhval-ruhiyyəsi və hakimiyyətdən narazılığı deməyə əsas verir: “Aprelin 2-nə qədər biz Bakı kəndlərində müxtəlif görüşlər keçirərək, situasiyanı başa salmağa çalışacağıq. Hazırda müxalifətin vahid mövqedən çıxış edərək, ölkədə ciddi islahatların aparılmasını istəməsi Azərbaycanda qanuni dövlətin qurulması niyyətindən qaynaqlanır. Ictimai Palata aksiya barədə qərar verdikdən sonra Bakı kəndlərində də hazırlıq işlərinə start verilib. Mövcud rejimin yürütdüyü yarıtmaz siyasət, demək olar, hər bir Azərbaycan vətəndaşına toxunub. Həmin narazı elektoratın aksiyaya cəlb olunması üçün iş aparılmalı, əsas diqqət buna yönəldilməlidir”.
Xəyal