ilham-eliyev3212

İlham Əliyevdən yeni antiQərb isterikası

Britaniya mətbuatından gələn qapaza çırtma reaksiyasi barədə

 

“Azərbaycan” qəzeti İlham Əliyevin cəbhə xəttinə çevrilib. Təbii ki, Ermənistana və Rusiyaya qarşı deyil. ABŞ-dan sonra yeni hədəf Britaniya hökuməti və dövlətidir. “İngilis barmağı” başlıqlı yazıda dünyada baş verən bir çox xoşagəlməzliklərin səbəbkarı kimi Ingiltərə hökuməti ittiham olunur, bir çox əxlaqsız addımlarda suçlanılır.
Bu cür isterik mövqedən də aydın olur ki, söhbət “Ingilis barmağı”ndan yox, “Ingilis əli”ndən gedir. Çünki Ilham Əliyev hökuməti haqqında özünü doğruldan tək diaqnoz odur ki, o, barmaqdan, yəni işarədən anlamır. Ya da anlamaq istəmir. Elə ona görə də ələ ehtiyac duyulur. Bu mənada “Azərbaycan” qəzetindəki yazını Britaniya mətbuatından Azərbaycan iqtidarına dəymiş qapaza cavab cəhdi saymaq olar…
Hakimiyyət düşərgəsində nələrin baş verməsindən asılı olmayaraq, artıq ingilislərlə dostluq karvanı çoxdan gedib. Belə demək mümkünsə, sonuncu yazı Kəmaləddin Heydərovun “maya”sını, Ilham Əliyevin isə bu “maya”ya olan siyasi ümidlərini puça çıxartdı.

 

Əfqanıstanda nə gəzirik?

Yazıda Britaniya hökuməti Iraqda və Əfqanıstanda düşmənçilik toxumu səpməkdə suçlanır: “Əfqanıstan, Pakistan, Iraq və geniş ərəb dünyasında baş verən iğtişaşlar, etnik toqquşmalar, terrorizm və zorakılıq dalğası məhz Britaniya imperiyasının vaxtilə tərk etdiyi ərazilərdə qoyduğu ”minaların” nəticəsidir. Iki-üç əsr əvvəl bu ərazilərdə səpilmiş milli, dini və etnik düşmənçilik toxumu bu gün də onlarla dövlətdə və böyük regionlarda sabitlik və sülhün bərqərar olmasına imkan vermir…”
Adama deməzlərmi ki, yoldaş İlham Əliyev, Ramiz Mehdiyev, o zaman Azərbaycan ordusu nə gəzir Iraqda və Əfqanıstanda? Bəlkə, orada Britaniya ordusu ilə çiyin-çiyinə çirkli işlər görür? Azərbaycanın adı onsuz da narkotranzitdə hallanır. Elə isə, sizcə də, əsl fəaliyyətiniz aydın olmadımı? Əfqanıstanda olub, təhlükəsizlik qüvvələri ilə həmrəy olmamaq nə deməkdir? Ilham Əliyev Əfqanıstanda Qərbin deyil də, kimin müttəfiqidir?

“Maraqlar siyasəti”nə maraqsız hücum

Aydındır ki, Azərbaycan hökuməti siyasi münasibətləri istər makro, istərsə də regional və qlobal ölçüdə tənzimləməyi bacarmır. Bacarsaydı, indiki izolyasiya durumu yaranmazdı. Uinston Çörçilin “Britaniyanın daimi müttəfiqləri yoxdur, daimi maraqları var” ifadələri də tənqid olunub. Bəs adamdan soruşmazlarmı ki, ay Ramiz müəllim, marağın olmalıdır ki, dostunu müəyyən edəsən də… “Maraq” hər zaman sizin düşündüyünüz pul deyil ki… Maddi də ola bilir, mənəvi də. Maraq odur ki, siz hakimiyyətdə qalmaq üçün Rusiyaya qoşulub antiTürkiyə siyasəti apardınız. Qarabağ kartından istifadə etdiniz. Amma sizin daimi marağınız hakimiyyətdə qalmaq olduğu üçün dostunuz da onu təmin edən Rusiya və daha eybəcər qüvvələr idi. Yəni, maraq yaxşı olanda dost da məcburən yaxşılardan seçilir, ya da olur. Yaxud da əksinə…

Seymur Həzi