Hanı hökumətin qiymət ucuzluğu?

Hökumət yumurtanı ucuzlaşdırıb, qalan hər şey bahalaşıb

Camaatsa ancaq yumurta yemək fikrində deyil…

Azərbaycan hakimiyyətinin başı toyuq  və yumurtaya qarışdığından bazardakı digər ərzaqlardan, meyvələrdən heç xəbəri yoxdu deyəsən. Bayram qabağı Bakıdakı bazarlarda həm insan əlindən tərpənmək olmur, həm də qiymətlərdən…

Yumurtanın arxasında gizlənən hökumət

Yumurtanın arxasında gizlənən Azərbaycan hakimiyyəti digər məhsulların qiymətini ya görmür, ya da özünü görməzliyə vurur. Azərbaycanda ənənəvi olaraq bayram öncəsi dükanlarda, bazarlarda qiymətlər qalxır. Bu qiymət artımı süni şəkildə həyata keçirilir. Qiymətləri kimin artırdığı isə sona qədər naməlum qalır. Hökumət günahı sahibkarların üstünə atır, sahibkarlar isə daha iri sahibkarlardan şikayətlənir.

6 manatlıq balıq indi 25 manatdır

Ötən gün ilaxır çərşənbə olduğuna görə Bakıdakı bazarlarda, metroların çıxışlarında canlanma var idi.
Bir neçə bazara yollanaraq bayram ərzaqlarının qiyməti barədə xırda reyd keçirdik. Ilham Əliyev “yumurta müşavirəsi” keçirəndən sonra toyuq ətinin, yumurtanın qiyməti ucuzlaşıb. Ancaq digər məhsulların qiyməti kəllə-çarxa çıxıb. Məsələn, balığın qiyməti 4-5 dəfə artıb. Kütüm balığının bir kiloqramı əvvəl 5-6 manat idisə, indi 20-25 manat arasındadır. Balıq alveri ilə məşğul olan Saleh deyir ki, onlar kütümün bir kiloqramını 18 manata alırlar: “Balığı Lənkərandan gətiririk. Bayramqabağı qiyməti dəhşətli dərəcədə artıb. Səbəbini bilmirik”.
Biz orada olduğumuz müddətdə balıq almaq istəyənlər qiymətləri öyrənib şoka düşürdülər: “Nə? Neçəyə? 20 manat?”. Ona görə hamı balıqçıların yanından düz keçirdi.

14 manata qoz ləpəsi

Novruzda istifadə olunan quru meyvələrin də qiyməti bahalaşmasına görə başqa məhsullardan geri qalmır. Bazarda qoz ləpəsinin, eləcə də qovrulmuş fındığın, fıstığın qiyməti 10-15 manat arasında dəyişir. Qozun, fındığın, iydənin bir kiloqramı isə 4 manatdır. “Quru meyvələr” dükanının sahibi Hüseyn bayramqabağı qiymətlərin artdığını etiraf edir: “Quru meyvələrin, eləcə də çərəzlərin qiymətində artım var. Qiymətin qalxması biz satıcılardan asılı deyil. Topdansatış mərkəzlərində qiymətlər qalxıb. Məsələn, əvvəllər keyfiyyətli ləpəni 7-8 manata satırdıqsa, indi 13-14 manatdır”.

Bunu nisyə dəftərinə yaz...

Səkinə xala bayram axşamına masanın üstünə düzmək üçün iydə, püstə, portağal, alma alır. Bazarlıq edə-edə qiymətlərdən şikayətlənir: “Hamısından almağa gücümüz çatmır. Hərəsindən bir az alırıq ki, süfrədə nəsə görsənsin. Qapıya papaq atanda boş qaytarmayaq”.
Aldığı mer-meyvəni çantasına yığdıqdan sonra Səkinə xala “Quru meyvələr” dükanının satıcısından xahiş edir ki, bunu da yazsın nisyə dəftərinə.

Quba alması 2.50 manat

Novruz qabağı meyvələrin də qiyməti qalxıb. Satıcılar deyir ki, qiyməti düşən tək meyvə portağaldır. Portağalın bir kiloqramı 1.70 manat civarındadır. Banan isə 2.60 manatdır. Qubadan gələn yaşıl almanın qiyməti 2.50 manatdır. Satıcılar deyir ki, bu almalar bayramdan qabaq 1 manat 80 qəpik idi: “Türkiyədən gətirilən heyvanın qiyməti əvvəl 1 manat 50 qəpik idi, indi 1 manat bahalaşıb”.

“Bəyəm adamlar ancaq yumurta yeyir”

Gəzdiyimiz bütün bazarlarda insanların üzündə bayram ovqatı yox, kasıbçılıqdan irəli gələn narazılıq ifadəsi vardı. Bayram bazarlığına çıxmış vətəndaşlar deyirlər ki, hökumətin qiymətləri endirəcəyinə inanırmışlar: “Amma gördük ki, bunların qiymətləri aşağı salmaq söhbətləri boşboğazlıqdan, bizi aldatmaqdan başqa bir şey deyil. Təkcə yumurtanın, toyuğun qiymətini salmaqla işlər düzəlmir. Bəyəm adamlar ancaq toyuq, ya da yumurta yeyir?”.
Alıcılar deyir ki, ortabab bayram süfrəsi açmaq üçün azı 200-250 manat lazımdır.

Hökumət deyir, ucuzlaşıb, bazarsa bunu inkar edir

Iqtisadi Inkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və Istehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti isə bildirir ki, tədbirlər nəticəsində artıq bir sıra ərzaq mallarının pərakəndə satış qiymətlərində ucuzlaşma müşahidə olunur. “Müəssisələr tərəfindən istehsal olunan qənnadı və kolbasa məmulatlarının qiymətlərində 5%-dək, toyuq ətinin qiymətində 15%-dək, toyuq yumurtasının qiymətində isə 30%-dək ucuzlaşma qeydə alınıb. Digər ərzaq məhsullarında da ucuzlaşma müşahidə olunub”.
Ancaq nədənsə biz bu ucuzlaşmanı hiss etmədik. Yeri gəlmişkən onu da qeyd edək ki, prezidentin yumurta müşavirəsindən sonra yumur- tanın qiyməti ucuzlaşıb. Di gəl ki, prezidentin göstərişi kənd yumurtalarına təsir edə bilməyib. Kənd yumurtası hələ də 30 qəpikdir.

Elmin