Nəsimi Məmmədli: «Partiyamızın aksiyaya qoşulmaq barədə qərarı olmasa da, şəxsən bir vətəndaş kimi mitinqə qatılacam»
Sərdar Cəlaloğlu: «ADP rəsmən aksiyaya dəstək verməsə də, partiya üzvlərinin aksiyaya qatılması ilə bağlı məhdudiyyət yoxdur»
Ictimai Palatanın son toplantısında mitinqlərlə bağlı müzakirələr aprelin 2-nə aksiyanın təyin olunması ilə nəticələnib. Beləliklə, aprelin 2-si saat 14.00-a Nərimanov kinoteatrının qarşısındakı meydana Ictimai Palatanın mitinqi təyin olunub. Mitinqin keçirilməsi üçün Bakı Şəhər Icra Hakimiyyətinə xəbərdarlıq ediləcək. Qərara əsasən Bakı Şəhər Icra Hakimiyyəti bu meydana razılıq verməsə, mitinq həmin gün həmin saatda Fəvvarələr Meydanında keçiriləcək. IP indidən mitinq hazırlıqlarına başlamaq barədə də qərar verib. Bəs görəsən, IP-yə daxil olmayan partiyalar necə aprelin 2-dəki aksiyada fəallıq nümayiş etdirəcəklərmi?
AXCP Ali Məclisinin sədri Həsən Kərimov bildirdi ki, IP-yə daxil olmayan təşkilatların aksiyaya qatılmaları üçün onlara müraciətin edilməsi yalnız qurumun Koordinasiya Şurasının səlahiyyətlərinə daxildir. Bu üzdən IP-dən kənar hansı təşkilatların aksiyaya qatılacağını indidən söyləmək çətindir: “Düşünürəm ki, kim Azərbaycandakı hazırkı sosial-iqtisadi vəziyyətə, insan haqlarının pozulmasına etirazını bildirmək istəyirsə, aksiyaya qatıla bilər. Bu baxımdan düşünürəm ki, aksiya izdihamlı olması ilə yadda qalacaq. Çünki hakimiyyətdən narazıların sayı durmadan artır”.
Ümid Partiyasının sədr müavini Nəsimi Məmmədli təmsil etdiyi təşkilatın rəsmən IP-nin üzvü olmadığını bildirsə də, şəxsən özünün aksiyaya qatılacağını dedi: “Ictimai Palatada müxalif düşüncəli insanlar təmsil olunub. Ümid edirəm ki, Azərbaycanın gələcəyilə bağlı proseslərdə fikirlərimiz üst-üstə düşəcək. Konkret olaraq aprelin 2-də keçiriləcək aksiyaya gəlincə, bu aksiyaya qoşulmaq barədə partiyanın rəsmi qərarı yoxdur. Amma bir vətəndaş kimi aprelin 2-də keçiriləcək mitinqə qatılacam”.
ADP sədri Sərdar Cəlaloğlu isə bildirdi ki, IP-nin mitinq qərarının qəbulunda onun təmsil etdiyi təşkilat iştirak etməyib. Ona görə bu aksiyaya da ADP rəsmən dəstək verə bilməz. Amma sıravi ADP-çilərin aksiyaya qatılması ilə bağlı hər hansı məhdudiyyət yoxdur: “Amma müxalifət də, iqtidar da Azərbaycanda proseslərin inqilabi ssenari üzrə inkişafında maraqlı olmamalıdır. Çünki biz görürük Yaxın Şərqdəki inqilablar özləri ilə hansı fəsadları gətirirlər. Ancaq ciddi siyasi hadisələr baş verməsə, inqilablar qaçılmaz olur. Ona görə düşünürəm ki, müxalifət və iqtidar bir masa arxasında oturub ölkənin siyasi inkişafını əngəlləyən problemləri aradan qaldırmalıdır”.
Xəyal