Ərəblər inqilab etdi, bizdə də yumurta ucuzlaşdı…

Hansı televiziyanı, radionu açırsan, yumurtadan danışırlar. Hətta dünən radioda Azərbaycanda istehsal olunan yumurtanın miqdarını hesablayıb xalqa çatdırmaq istəyirdilər: hazır ucuzlaşmışkən, alın yeyin, qurtaran deyil.
Əslində, yaxınlarda ağızdan-ağıza yumurta lətifələri dolaşsa, heç təəccüb etmərəm. Ilham Əliyev yumurtadan danışan kimi hamı oldu yumurtapərəst. Bu da Novruz bayramına təsadüf etdiyindən lap yerinə düşür. Indi kimsə şübhə etməsin ki, yumurta ən məşhur nemət kimi bütün YAP-çıların bayram süfrəsini bəzəyir. Balaca şey deyil, o boyda yumurta islahatı keçirəsən, bundan yararlanmayasan?

Olacaq iş deyil!

Hakimiyyət cəmiyyətə o qədər yalan sırıyıb ki, hətta doğru söylədiyi sözə də kimsə inanmır. Və xalq bunda haqlıdır. Amma ay camaat, bu yumurta islahatına inanın. Inanın ki, bol yumurta yeyəsiniz. Inanın ki, bu yumurta olan şeyin qiyməti süni şəkildə qaldırıldığı kimi, elə süni şəkildə də aşağı salınıb və burada kimsənin mənafeyi də nəzərə alınmayıb – nə istehsalçının, nə də istehlakçının. Sadəcə, prezident belə lazım bilib, belə də olub. Madam ki, olub, onda biz də bayrama hərəmiz bir yox, iki yumurta alaq, hərəsini də bir əlimizdə tutub şəhərə gəzməyə çıxaq ki, hamı ölkəmizdəki analoqu olmayan yumurta islahatını tam olaraq görə bilsin.

Xəbərlər, analitik verilişlər, jurnalistlər dünyanın ən mühüm işindən danışırmış kimi, yumurtadan danışdığı bir vaxtda ölkədə bir bu qısqanc, hər şeyi qaralayan müxalifət və onun xaricdən maliyyələşən qəzetləri bu boyda islahata kölgə salmaq istəyir. Az qala, hər gün yumurtadan bir yumora bənzər yazı yazır. Yaxşı, indi bəs hakimiyyət nə etsin, bu boyda islahatı görməyən, təbliğata uymayan, inanmayan müxalifəti necə konstruktiv adlandırsın?
Sən bir əzmlə işləməyin, gecə-gündüz çalışıb, tər töküb, ömür çürütməyin nəticəsinə bax ki, bir günün içində qiymət qalxdığı kimi, düşür də…

Ay adamlar, bundan avtoritarizm iyi gəlmir?!

Bu yerdə mənim Qərbdə bu kimi islahatlara baş sındıranlara bir təklifim var: Niyə özünüzü əziyyətə salırsınız? Niyə Azərbaycanın gül kimi islahatlar təcrübəsindən, analoqsuz inkişaf tempindən yararlanmırsınız, bu ölkədəki təcrübələri görməzdən gəlirsiniz? Çıxın televiziyaya elan edin ki, filan ərzaq, malın qiyməti dərhal enməlidir. Necə ki, keçmişdə bir şah hansısa ölkəni işğal edəndə əmr verirdi ki, “başı papaqlı qalmamalıdır”, indi də belə əmr bir verin. Amma gərək bir-iki “Lider” tipli TV də yaradasınız ki, dayanmadan danışıb islahatlarınızı təbliğ etsin. Camaat ekran qarşısında baxıb gülür, ya da əlini yelləyib keçir. Siz öz işinizdə olun, xalqdan, cammatdan sizə nə?
Amma nə yazıq ki, Qərb dövlətlərində belə yerindəcə həll təcrübəsindən yararlanmırlar və nəticədə məsələn, Obama hakimiyyətə gələndən az sonra bəyan edir ki, bu qısa müddətdə saçları ağarıb.

Azərbaycanda hər şeyin alınıb satıldığı, alver predmeti olduğu kimsədən gizli deyil və rüşvət islahatlarından söhbət düşmüşkən başqa bir məsələyə də diqqət çəkmək istərdim. Mənə çox maraqlıdır ki, bu aparılan rüşvət, qiymət islahatlarının məmurların xalqdan oğurladıqları pullara da aidiyyəti varmı? Yəni, onlar daha dövlət büdcəsindən ayrılan pulları elə yerindəcə həzm-rabeədən keçirmir?
Inanan daşa dönsün!

Islahat da yazıq həkimin, müəllimin başında çatlayır, yuxarıların iştahına aidiyyəti yoxdur. Gərçi həkim, müəllim də qoy inciməsin, amma onlar yazıq deyillər. Seçki vaxtı necə cani-dildən YAP-ın maşasına çevrildiklərinin dəfələrlə şahidi olmuşuq. Amma yenə insanlıq bizdə qalsın…
Deyəcəklərim bu qədər, amma bilin ki, hələ bu “islahatlar” çox uzun sürəcək, ta o vaxta qədər ki, hakimiyyətdəkilər başa düşəcək ki, divara üzdən rəng vurmaqla evi təmir etmək olmaz, yoxsa, qaçqınlara tikilən evlər kimi, az sonra yararsız hala düşər. Indi bu kosmetik islahatlar da hakimiyyətin xarakterini dəyişməyəcək. Necə ki, insan müəyyən yaşdan sonra dəyişmir, YAP hakimiyyəti də 20 illik xarakterindən bir-iki günə əl çəkib dəyişən deyil.