Aqrar sektor ölkəmizin ən ağrılı yerlərindən biridir. Aqrar sektorla bağlı yeni çıxışlarının birində Ilham Heydər oğlu Əliyev bu sektordakı dağıntılardan danışıb. Bu ilədək etdiyi bütün çıxışlarında ölkədəki bütün dağıntı görsənişlərini bir illik AXC hakimiyyətinin, indiki müxalifətin adına bağlayan, ayağına yazan I.Əliyev nəyə görəsə son çağlar AXC hakimiyyətini, müxalifəti bütünlüklə unudub. Buna görə də onun usandırıcı-monoton çıxışları lap maraqsız olub.
Aqrar sektorun dağıdıldığından danışan I.Əliyev bu sektoru atasının dağıtdığını deməlidir …faktlardan çıxış edəsi olsa. Ancaq o, faktlarla danışmağı sevmir. Faktlarsa belədir: 1993-də H.Əliyev rusiyaçı qiyam yoluyla yenidən hakimiyyətə yiyələnirkən 1970-ci illərdə onun başçılığı ilə respublikamıza 14 (on dörd!) keçici qırmızı bayraq qazandıran ünlü kənd təsərrüfatı sistemi olduğu kimi qalırdı. Heyvandarlıq kompleksləri (minlərlə baş mal-qara, sayı milyonu aşan qoyun sürüləri), Bakıdan ölkənin ucqarlarınadək uzanıb gedən üzüm plantasiyaları, ölkə boyu səpələnmiş, Azərbaycana milyonlarla dollar gəlir gətirəcək şərab zavodları, nələr, nələr. Bunların hamısı Heydər Əliyevin on illik ağalığı dönəmində satılıb-sovuldu. Oğul əliyevin dili ilə desək, DAĞIDILDI!
18 illik Əliyevlər ağalığı Azərbaycanı beləcə darmadağın günə qoydu. Bu uzun sürən darmadağın proseslərində ən böyük zərbə aqrar sektora dəydi. Çoxsaylı faktlardan çıxış edərək gerçəyi dilə gətirəsi olsaq, Əliyevlərin ikinci ağalığı dönəmində Azərbaycanın aqrar sektoruna planlı olaraq öldürücü zərbə vuruldu. Azərbaycan aqrar ölkəsi olduğuna görə bu, bütövlükdə milllətə vurulan öldürücü zərbə sayılmalıdır. Aqrar sektorun planlı olaraq çökdürülməsi millətin planlı olaraq çökdürülməsi deməkdir! Aqrar sektorun bilərəkdən, planlı olaraq darmadağın edilməsi minlərlə, milyonlarla adamın bir parça çörək, dolanışıq dalınca Rusiya başda olmaqla qonşu ölkələrə üz tutması, Yer üzünə dağılması ilə sonuclandı. Aqrar sektorun darmadağın edilməsi yalnız min illərlə formalaşıb gələn bir ukladın darmadağın edilməsi deyildi, bu ukladla birgə, alışılmış yaşam-dolanışıq normalarının darmadağın edilməsi, bütün bunların sonucu olaraq köylərimizi bürüyən ERKƏN ölümlər içində genefondun darmadağın edilməsi demək idi…
Indi, aradan illər keçəndən, ho hovulub, cüt sovulandan sonra, oğul Əliyev aqrar sektora “qayğı” göstərməyə başlayır. Bu sektora 5 milyon manat pul ayırmaqla. Bütünlüklə Əliyevlərin əlaltısı olan, dünənədək aqrar sektordakı “yüksəlişlə” bağlı həyasızcasına yalançı verilişlər verən televiziyalar indi “xalqsevər” prezidentin ayırdığı bu 5 milyon manatın aqrar sektora yüksəliş qazandıracağı ilə bağlı gopalogiyaya girişiblər. Anlaşılandır: YAP ağalığı o başdan bu başa GOP ağalığı deməkdir.
Bizim aqrar uzmanlardan biri ayrılan 5 milyon manatın az olduğunu, indilikdə aqrar sektora 1 milyard manat ayrılmalı olduğunu bildirmişdi. Ona ötəri reaksiyamda mən 1 milyardın az olduğunu, 5 milyard manat ayırmağın gərəkliyini yazmışdım. Indi bildirirəm: I.Əliyev özünün indiki korrupsioner komandası, bütünlüklə antidemokratik yönətim sistemi ilə 5 milyard yox, 5 trilyon ayırsa da, aqrar sektorumuz dirçələn deyil; ayrılan pullar az-çoxluğundan asılı olmayaraq Prezident Administrasiyasından üzü aşağı mənimsənə-mənimsənə, yeyilə-yeyilə getdiyinə, aqrar sektorun özü kimi indiki sistemdə qaçılmaz dağılma proseslərinə uğradığına, uğramalı olduğuna görə!
Indilikdə aqrar sektorun da, onunla birgə millətin də qurtuluşu, dirçəlişi, yüksəlişi yalnız bir faktora bağlıdır – əliyevçi antidemokratik siyasi sistemi dəyişmək faktoruna! Yalnız əliyevçi antimilli, antidemokratik siyasi sistemi kökündən dəyişməklə ölkədə hansısa irəliləyiş əldə etmək olar!!!