ABŞ-dan Bakıya növbəti inqilab xəbərdarlığı

“Bütün regionda diktatorların devrilməsi qaçılmazdır”

 

ABŞ və Avropa İttifaqı Cənubi Qafqazda demokratiya, sabitlik və təhlükəsizlikdə maraqlıdır. Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Filipp Qordon martın 14-də Avropa və Avrasiya məsələləri üzrə xarici əlaqələr altkomitəsində çıxış edərkən bildirib.
“Turan”ın Vaşinqton müxbirinin verdiyi məlumata görə, Qordon bəyan edib ki, ABŞ Aİ-nin «Şərq tərəfdaşlığı» təşəbbüsünü qətiyyətlə dəstəkləyir və dünyanın bu bölgəsində demokratiya, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsinə çalışır.
«Aİ ilə birgə səylərimiz regionda irəliləyişə gətirib çıxarıb, amma ərazi uğrunda qarşıdurmalar və siyasi, iqtisadi islahatlar zərurəti bütün regionda sabitlik üçün ciddi maneə olaraq qalır», – deyə o bildirib.
Qordon bildirib ki, ABŞ avropalılarla birlikdə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını təşviq etməkdə və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Minsk Qrupunda qarşılıqlı fəaliyyəti gücləndirməkdə davam edəcək. “ABŞ və Avropa gələcək münaqişələrdən uzaq olmaq və region ölkələrinin demokratiya istiqamətində irəliləməsinə yardım etmək üçün birgə işləməlidirlər”, – deyə o bildirib.
Demokratiya məsələsinə toxunan Qordon deyib: «Ərəb dünyasında demokratik etirazlar dalğası bütün regionda son diktatorların xalqın azadlıq iradəsi ilə devrilməsinin qaçılmaz olduğunu göstərir».