Xalqın gündüzlər də çölə çıxa bilməməsi

Buz sınıb. Hər gün yeni bir etiraz dalğasına oyanırıq. Insanlarımız qorxu hissini dəf edir. Xüsusilə gənclər – onlar mübarizdirlər, çılğındırlar, qorxmazdırlar. Təpədən dırnağa rejimə qarşıdırlar, üstəlik, bunu gizlətmirlər. Bunu hayqırmaqdan, bunu bağırmaqdan zövq alırlar.

Bölgələrdən belə etiraz aksiyaları barədə xəbərlərin gəlməsi adiləşib. Xalq sükut səddini aşır. Ərəb inqilabları onun da özünə inamını bərpa edib. Artıq o azadlığın, demokratiyanın, ədalətin və firavanlığın qaranquş kimi başqa ölkələrdən uçub gələcəyini gözləmir. Özü öz taleyinin sahibi olmaq istəyir.

Və son günlərin etiraz dalğası iki adi həqiqəti bir daha aydın şəkildə ortaya qoyur:

BIR: Xalqda Əliyevçi istibadada qarşı qəzəb və nifrət bizim düşündüyümüzdən də böyükdür.

IKI: Heç bir qorxu imperatorluğu insanları uzun müddətə müti, başıaşağı, üzüyola etmək iqtidarında deyil. Bıçaq sümüyə dirənəndə, qaradan artıq rəng olmayanda insanlar polisinə, ordusuna baxmadan, ölümü belə göz önünə alaraq irticanın üzərinə yeriyəcək və onu hakimiyyətdən silib süpürəcəkdir.

Az qala unutmuşdum, bir adi həqiqət də var – Əliyevçi rejim dəhşətli səksəkə içindədir. Hər küçədən keçəndən şübhələnirlər. Hər kəsi potensial etirazçı kimi görürlər. Hər xırda səsdən diksinirlər. Bu o deməkdir ki, xalqın ilk mütəşəkkil hərəkatındaca bunlar dabanlarına tüpürəcəklər. Hələ ortada fal yox, yumurta yoxkən bu qədər altını batıran bir rejimin real proses başlayarkən nə hala düşəcəyini təsəvvür etmək çətin deyil.

Odur ki, indidən insanları evlərinə tıkmağa çalışırlar. Əlacları olsa hər evə bir polis postu qurarlar. Kompüterimizin başına belə, ÇPA maşınları qoyarlar əlacları olsa, facebook-u isə tutub əsgər apararlar. 

Qısası, bunların gəldiyi nöqtəyə baxın: AXC-Müsavat cütlüyünü söyürdülər ki, guya xalq 92-93-cü illərdə gecə evdən çölə çıxa bilmirdi. Indi özləri camaatı heç gündüz də çölə çıxmağa qoymurlar.

Boşuna zəhmətdir: bizi evlərimizə məhkum edib, bizi həbsxanalara doldurub, bizi küçələrdən yığışdırmağa çalışmaqla əlinizə heç nə keçməyəcək. Biz qapısı gülüstanlığa, pəncərələri Günəşə açılan Azərbaycan adlı bir evi onsuz da tikəcəyik.

Divarlarına daş yerinə başımızı hörmək hesabına da olsa, tikəcəyik. 

Yaptokratlarda tənqid niyə alınmır?

Yaptokrat-deputat Gülər Əhmədovanın saytların birində məqaləsinə rastladım. Dilimi dişimə sıxıb oxudum. Yazının əvvəlindən sitat: “Kim bu həyasız, abırsız, büdcəni çapıb-talayan korrupsioner və rüşvətxorları görəndə sevinir ki?”. Yazının sonunda isə Gülər xanım hamını Ilham Əliyevin ətrafında sıx birləşməyə çağırır.
Korrupsiyanı söyüb sonra da təkcə Dubayda özünə, uşaqlarına 75 milyonluq mülklər alan Ilham Əliyevi sevmək yəqin ki, məddahlığın yeni növüdür. Gülər xanımın bu icadına yalnız bolluca gülmək olar. Ümumiyyətlə, mən yaptokratların halına çox acıyıram: onlar Azərbaycandakı pislikləri tərifləyib gülüş obyektinə çevrilirlər, amma Azərbaycandakı naqislikləri tənqid edəndə bundan da qat-qat artıq gülünc görünürlər. Çünki belə tənqidlərin sonunu mütləq rejim başçısının ünvanına yağlı-buğlu mədhiyyələrlə bitirmək lazımdır, əks halda mandat-filan da əldən gedər.

Qısası, bir tənqidin başını aparıb tərifə bağlayanda bu, adamlarda kinayə və ikrahdan başqa heç nə doğurmur.
Gülər xanıma bunu heç olmasa, gələcəkdə nəzərə almağı məsləhət görürəm.

Anarın “Nobel”in adını iylənmiş qoyması

Ədəbiyyatda “Yaxşı padşahın nağılı”nı yazıb həyatda pis padşaha nökər-naiblik edən Anar Rzayev dünən müsahibə verib deyib: “Fərz edək, hər hansı Azərbaycan yazıçısı yazıb ki, gərək Qarabağı verək ermənilərə. Onda onun Nobel mükafatı almağa şansı ola bilər. Ancaq bunu kim edər? On dənə Nobel mükafatı qurban olsun Qarabağın bir kəndinə”…

Nə deyim vallah… Bir sınıq-salxaq “Şöhrət” ordeninə görə Azərbaycanın bütün kəndlərinin, şəhərlərinin azadlığını, firavanlığını irticaya qurban vermiş adamın guya Nobel mükafatını Qarabağın bir kəndinə qurban verməyə hazır olduğunu söyləməsindən böyük qeyri-səmimilik, saxtalıq ola bilməz.