Sumqayıtda dünyanın ən uzun PERAŞKIsi

Prezident fərmanı ilə Gəncənin icra başçısı Sumqayıta yerdəyişmə edəndə sumqayıtlılar hər səhər tort, paxlava, şəkərbura yeyəcəklərini düşünürdülər. Guya gəncəlilərin əli bala batmışdı, sumqayıtlıların da ağzından yağ damacaqdı. Zarafat deyil, Gəncəni böyük plakatlar və unudulmaz şüarlarla bəzəyən məmur, Sumqayıta başçı təyin edilmişdi. Amma Eldar Əzizov Gəncədən Sumqayıta “Avropanın ən böyük tortu”, “Kainatın ən uzun paxlavası, şəkərburası” plakatları ilə gəlmədi. O, ilk görüşdən sakinlərə acı xəbər “yedirtdi”: “Tort olmayacaq!” dedi. Bəlkə, elə o səbəbdəndir ki, yeni icra başçısının gəlişinə hazırlanan plakat və şüarlarda heç bir şirinlik yoxdur. Hər yeri Heydər Əiyevin şəkilləri və şəhər haqqında “aforizm”ləri bəzəyir: “Sumqayıt kiçik bir Azərbaycan kimidir”, “Hər kəs Sumqayıtın inkişafına öz töhfəsini bəxş etməlidir”…

Yollar boyu vurulan belə plakatlar Sumqayıt sakinlərini qürurlandırır, vətəndaşlıq məsuliyyətini daha da artırır. Hətta çoxu basabas avtobuslarla paytaxta gündəlik çörəkpulunu qazanmaq üçün getməkdən imtina edib. Əcəba, sənaye şəhərində – “kiçik Azərbaycan”da yaşayan vətəndaş da başqa şəhərə, ölkəyə ev-eşik təmizləməyə, ağac sulamağa, bulaşıq yumağa, yük daşımağa… gedərmi? Bu, Sumqayıtdakı bərkgedən sahibkarların adına ləkə deyilmi? Onlar bu biabırçılıqla papaqlarını necə yan qoyub gəzirlər? Ayıb olsun! Axı bir vaxtlar nəinki rayonlardan, hətta şəhərlərdən adamlar işləmək üçün Sumqayıta axışırdı. Sumqayıtın yeni icra başçısı sənaye şəhərindəki işinə himn oxumaqla, idman etməklə start verib. Yəqin elə o səbəbdəndir ki, Sumqayıt məktəblərində himnə və idmana böyük sevgi yaranıb: hər səhər şagirdlər çoxdan unutduqları himni oxuyur və 8 dəqiqə idman etdikdən sonra parta arxasına keçirlər. Hətta himnin sözlərini düz-əməlli bilməyən direktor və müəllimlər də onlara qoşulur.
Keçmiş icra başçısının dostu olan direktorlar isə “yeni qonağın” qəfil gəlişindən çəkinib, hisli-tozlu sinifləri silib-süpürməkdən əldən düşüblər. Hətta tualetləri təmizləyib, açarlarını yaxalarından asırlar ki, “qonaq” onlara bütün “fənlərdən” ancaq “5″ yazsın. Amma direktorların ”əlaçı”lıq arzuları şagirdləri yaramaz işlərə sövq edir. Belə ki, məktəblərin birində şagirdlərdən kimsə açarlı tualetin düz qapısı ağzında qarın ağrısından xilas olub. Neyləsin, təbiətin qanunlarını nə xonça ilə dilə tutmaq olur, nə də fərmanla qorxutmaq. Şəhər qoçuları ayıblarını ört-basdır etmək üçün yeni icra başçısına Novruz xonçası hazırlayıb qəbul gününü gözləyirlər. Doğrudur, xonçaya şəkərbura, paxlava, qoğal,  yumurta yerinə, dollar, avro, manat yığıblar.

Amma nə olsun ki. Gəncə xonçası ilə Sumqayıt xonçası arasında bir fərq olmalıdır ya yox. Eldar Əzizovun “Küçə ticarətinə yox!” şüarı, divarın, ağacın dibində bir-iki saat dayanıb, ailəsinə çörəkpulu qazanmaq istəyən işsizlərin belini qırıb. Bu qanun, bir metrlik yeri od qiymətinə icarəyə verən dükan sahiblərinın ürəyincədir: onlar dörd divardan ibarət, kiçik bir sahəni 200-250 manata icarəyə verib, kişmiş yeyən at kimi kişnəyirlər. Maraqlıdır, hay-küylə, hədə ilə işə başlayan icra başçısı, it-pişiklərin məskəninə, qoyun-quzunun otlaq yerinə çevrilən zavodlara, fabriklərə nə vaxt gedəcək? Plastik qapı-pəncərə sexinə çevrilən “Rossiya”, “Cırtdan”, ot-alaq  içində itib-batan “Vaqif”, yerli-dibli yoxa çıxan “Kosmos” kinoteatrlarının haqq-hesabı kimdən sorulacaq? Axı onlar bir vaxtlar şəhər sakinlərinin ən sevimli istirahət yerləri idi. Eldar Əzizovun “Sumqayıtla tanışlıq” qrafikindən belə anlamaq olur ki, icra başçısının əmrlərindən ancaq məktəblilər və işsiz sakinlər əziyyət çəkəcək, qalanları isə yenə də kef edəcək. Yaxşı olar ki, E.Əzizov köhnə adət-ənənəsinə sadiq qalsın: Yeni Yaşmadan Corata kimi dünyanın ən uzun peraşkisini bişirtdirsin.

Və bəyənmədiyi, sökülməsinə qərar verdiyi Sumqayıtın köhnə simvolu yerinə, yetim-yesirin, işsizlərin yeməyi olan PERAŞKIyə heykəl ucaltsın. Onsuz da xeyli vaxtdır Sumqayıtın simvolu göyərçin yox, dimdiyində peraşki tutan qarğadır…