Son günlər paytaxt küçələrindəki səs-küydən yuxusu ərşə çəkilənlərin verdiyi isterik açıqlamaların sırasını bu dəfə Abel Məhərrəmov genişləndirdi.
Abel müəllim tələbələrin etiraz aksiyası keçirməyindən o qədər həyacanlandı ki, normal insan məntiqinə sığmayan açıqlama verdi. Dedi ki, “Indiyə qədər BDU-nun heç bir tələbəsi, heç bir əməkdaşı qanunsuz keçirilən aksiyalarda iştirak etməyib, bundan sonra da iştirak etməyəcək”.
Bakı Dövlət Universiteti 1919-cu ildə yaradılıb. Yüz illik tarixi boyu keçdiyi yolu bir kənara qoyuram, elə sonuncu, 1988-ci ildə başlayan Milli Azadlıq Hərəkatında BDU tələbələrinin tutduğu mövqeni yada salmaq kifayətdir ki, bu ali təhsil ocağının siyasi proseslərə reaksiyası barədə təsəvvür yaransın. Əgər başda Abel müəllim olmaqla, kimsə durub desə ki, 1988-91-ci illərdə ADU “tələbə və əməkdaşları”nın keçirdiyi aksiyalar “icazəliydi”, onda həmin şəxsin ağıldankəm olmasına mənim heç bir şübhəm qalmaz.
“Heç dəlini də universitet rektoru təyin edərlərmi” məntiqiylə Abel müəllimin ağıldankəm olması ehtimalı sıfra enir. Bəs, cənab rektor niyə “indiyə qədər” absurd sözünü işlədir?
Çarə ancaq ona qalır ki, Abel müəllimin “indiyə qədər” təsəvvürünün yanlış olmasından yapışaq və adama başa salaq ki, Bakı Dövlət Universitetinin tarixi sizin rektor təyinatınızla başlamayıb. Insan nə qədər məhdud düşüncəli olmalıdır ki, dünyanın ancaq onun ömrü boyda olmasını zənn etsin.
Bu azmış kimi, Abel Məhərrəmov daha sonra “Bakı Dövlət Universitetinin 22 minlik tələbə və müəllim heyətinin ölkə prezidenti Ilham Əliyevi dəstəklədiyini” də bildirdi.
ADU-da rektor seçkisi keçirilsə və 22 min adamın səsini qazansa, bəlkə də Abelin ha belə açıqlamasına haqq qazandırmaq olardı. Ancaq rektor təyinatladırsa, 22 min adamın adından danışmaq Məhərrəmovun ağlına hardan gəldi? “22 min nəfərlik heyət” səni özünə vəkilmi seçib? Hardan bilirsən?
Müəllimlər aldığı maaşa görəmi Ilham Əliyevi dəstəkləməlidirlər? Yoxsa tələbələrin əlinə, cibinə möhtac qaldıqlarına, auditoriyada gözükölgəli olduqlarına görə? Bəlkə hər semestrdə soğan qabığı kimi soyulan tələbələr aldıqları “yüksək təhsil” səbəbindən siyasi hakimiyyətin zədələnmiş qulpundan yapışmalıdırlar?
Biz bir yana, heç özünüzü də aldada bilmirsiniz. “22 minlik heyətin” Ilham Əliyevi dəstəklədiyinə əmin olsaydı, Bakı polisinin yarısı BDU-nun həyətində nə gəzirdi? Yaşar Əliyevin nə iti azmışdı orda?
Anarı anlamaq asanmı?
Yadımda qalan budur: yağışın altında sümüklərim sızıldayana qədər oynamışdım. Anam evə gətirdi, paltarımı dəyişdi, divanın üstündə bardaş qurub oturdum – deyəsən, yorğana bürünmüşdüm.
Atam sonra gəldi, evdə deyilmiş, yəqin ki – yoxsa, cəsarət eləyib soyuqda yağış altına çıxmazdım – əlində “Azərbaycan” jurnalı vardı:
– Anarın yeni əsəri çap olunub, “Sizsiz”, ata-anasıyla bağlı xatirələrini yazıb. Oxusan, yaxşı olar.
Oxudum. Başa düşmədiyim çox yerlər vardı, xüsusilə, yazılmayan adlarla maraqlanırdım. Atamı tez-tez sorğu-suala tuturdum, deyirdi, böyüyəndə anlayarsan.
Uşaq inadımı yeritdim, öyrəndim ki, adım Anar yaradıcılığına sevgidəndir…
Odu-budu, Anarın bütün yaradıcılığını izləyirəm – hətta xırdaca məqaləsini, müsahibəsini, teleçıxışını belə qaçırmamağa çalışıram.
Ötən il Böyük Adaşımı təbrik etmək üçün martın 8-də bir yazı başladım – yarımçıq qaldı, başım qarışdı, onda ayıldım ki, martın 14-ünü ötürmüşəm.
“Gələn il davam edərəm” – dedim.
Ilahi, bu bir il necə keçdi, nə vaxt Anarın ad günü gəldi, heç bilmədim.
Bir də indi yadıma düşdü – yenə gecikdim.
Heç olmasa, “quru dillə” təbrik edim, dedim: Anarın yazıları haqda xatirələr-düşüncələrimi özünün oxuması arzusuyla saxlayım 80 illiyinə…