“Running Scared” 70 mahnı arasından seçilib
May ayında Almaniyanın Düsseldorf şəhərində keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək Eldar Qasımov və Nigar Camalın ifa edəcəyi mahnı açıqlanıb.
Azərbaycan “Eurovision 2011” Mahnı Müsabiqəsində “Running Scared” mahnısı ilə təmsil olunacaq. Münsiflər heyəti bu balladanı 70 mahnı arasından seçib. Bu barədə İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsi məlumat yayıb.
Martın 14-dən isə İctimai Televiziyada mahnıya çəkilən ilk video çarx yayımlanacaq
Eldar və Nigar Camal dueti “Running Scared” mahnısını mayın 10-da, Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinal mərhələsində ifa edəcək. Duetimiz Düsseldorf səhnəsində Ell/Nikki adı ilə çıxış edəcək.
“Running Scared” mahnısını İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov, bəstəkar Faiq Sücəddinov, Rauf Babayev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Mənzər Nuraliyeva, Zəhra Bədəlbəyli və müğənni Zülfiyyə Xanbabayevanın təmsil olunduğu peşəkar münsiflər heyəti seçib.
“Running Scared” mahnısının müəllifləri isveçli Stefan Örn, Sandra Bjurman və Iain Farquharsondur. Bu müəlliflər “Eurovision-2010”da Azərbaycan təmsilçisi Safuranın ifa etdiyi “Drip Drop” mahnısını bəstələmişdilər.
Xatırladaq ki, martın 14-də İctimai Televiziyanın efirində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçilərinin ifa etdiyi “Running Scared” mahnısının ilk video çarxı təqdim olunacaq. Mahnıya çəkilən video klipin təqdimatı isə aprel ayına nəzərdə tutulur.