AXCP önəmli mesajlarla meydana çıxır (VİDEO)

“İlham Əliyev, ərəb diktatorlarından dərs al və get”

 

AXCP-yə 100 yeni üzv qəbul oldu

Azərbaycan Xalq Cəbhəsi Partiyasının bazar gününə təyin etdiyi növbəti müşvirə cəbhəçilər arasında “mitinq müşavirəsi” adlandırılmışdı. Müşavirənin kütləvi aksiyalara başlamaq barədə qərar verəcəyi ən ciddi gözləntilərdən idi.
ADP-nin qərargahına təyin edilən müşavirə izdihamı ilə çox fərqləndi. Qərargahın iclas zalı müşavirəyə gələn 600-dən artıq adamı qəbul etməkdə aciz idi. İclas zalının nəinki oturacaqları və oturacaqlar arasında qalan boşluqlar tam dolmuşdu, hətta sədarətin oturduğu yuxarı səhnədə də ayaq üstə dayanalar ucbatından yer qalmamışdı. Onlarla siyasi fəal müşavirəni dəhlizlərdə dinləmək məcburiyyətindəydi.

Partiya da hazırdı, cəmiyyət də

AXCP Ali Məclisinin sədri Həsən Kərimov məlumat verdi ki, müşavirəyə ancaq partiyanın Bakı şöbələrinin səlahiyyətli üzvləri dəvət olunub. Məqsəd kütləvi aksiyalara hazırlığın səviyyəsini dəyərləndirmək və növbəti addımları planlaşdırmaqdı. AXCP Mitinq Komitəsi partiyanın yerli şöbələri qarşısında aksiyalarla bağlı qoyulan vəzifələrin icrası haqda hesabatları və cəmiyyətin ümumi ovqatını nəzərə alaraq aksiyalara başlamağı məqbul sayıb. Bəlkə də elə buna görə müşavirə “mitinq olsun, olmasın” kimi diskusiyadan tam uzaq, mitinq ovqatında keçdi.

“Mübarizə ümumxalq işi olmalıdır”

İlk çıxışçı AXCP sədri Əli Kərimli bir ay əvvəlki müşavirəni yada salaraq hələ o zaman partiyanın kütləvi aksiyalara start verməyə hazır olduğunu, başlanacaq yeni mübarizənin ön sırasında cəbhəçilərin gedəcəyini bəyan etdiklərini dedi: “ O zaman bildirdik ki, yeni mübarizə hərakatı təkcə partiyanın yox, ümumxalq işi olmalıdır. Buna görə də cəmiyyət nə zaman özünü bu aksiyalara hazırlıqlı bilsə biz başlamağa hazırıq. Ötən müddətdə cəmiyyətin müxtəlif təbəqələrindən gələn çağırışlar, gənclərin, Müsavat Partiyasının aksiyaları, müxtəlif bölgələrdə xalqın etirazları göstərdi ki, bütövlükdə Azərbaycan cəmiyyətində köklü dəyşiklərə hazırılıq günü- gündən artırmaqdadır”.
Siyasi vəziyyəti təhlil edən AXCP sədri dünyada sağlam bir demokratikləşmə prosesinin getdiyini qeyd etdi. Az qala hər ay bir tiranın, diktatorun yıxılmasına diqqət çəkən Əli Kərimli Misir prezidenti Hüsnü Mübarəkin ardınca Liviya diktatoru Müəmmar Qəzzafinin də yıxılacağını əminliklə dedi: “ Bu gün Liviya diktatoru insan ağılına gəlməyən bütün üsullarla müqavimət göstərir. Amma, özünün rəşadəti və Allahın köməkliyi ilə Liviya xalqı da azad olacaq və Qəzzafinin başına gələnlər Qəzzafı təfəkkürdə olanlara, onun kimi xalqına əl qaldıranlara  ciddi bir dərs olacaq”.

Pulun gücsüz olduğu an…

Azərbaycan dövlət başçısı İlham Əliyevə səslənən AXCP sədri Əli Kərimli yıxılan diktatorlardan ibrət götürməyi ona tövsiyə etdi. O, ərəb dünyasında baş verənləri sübut kimi göstərərək bildirdi ki, min bir qəddarlıqla, korrupsiya yolu ilə, hərisliklə yığılan pullar xalq ayağa qalxanda heç bir tiranın dadına çatmır: “Xalqlar ayağa qalxanda diktatorlara münasibət dəyişir, yığılan pulları əvvəlki kimi istifadə etmək olmur, bahalı restoranlarda xərcləmək çətinləşir. O pula Dubayda villaları, Avropada siyasətçiləri satın almaq olmur. Ona görə də dərk edin ki, yığdığınız o pullar sizın başınıza dərd gətirəcək. Hakimiyyətdən qırx əllə yapışaraq, xalqa zülm etməklə sərvət toplamaqdan əl çəkin. Bilin ki, artıq zəbt edilmiş hakimiyyətin xalqa qaytarılma zamanı gəlib”.

Ləyaqət faktoru


Əli Kərimlinin fikirincə ərəb inqilablarından çıxarılan ciddi nəticələrdən biri də budur: “Hər kəs gördü ki, millətlər ayağa qalxanda ordunun, polisin və bütün güc orqanlarının ləyaqətli üzvləri xalqın tərəfinə keçir. Ləyaqətsizlərdən isə heç kimə arxa olmaz. Artıq heç kim başının dəstəsinə arxayın olub xalqa qan uddurmaq həvəsinə düşə bilməz”.

Azadlıq və qələbə uğurunda


Əli Kərimli bütün dünya boyunca anti-demokratik rejimlərin təkləndiyini bildirərək dedi ki, artıq sivil dövlətlərin vətəndaşları öz hökumətlərini mənfi reputasiyalı rejimlərlə münasibətə görə şiddətli şəkildə qınayır; öz liderlərinə imkan vermirlər ki, haram yolla pul qazananlarla şübhəli əlaqələrə girsinlər. AXCP sədrinin fikrincə, bu cür müsbət beynəlxalq tendensiya Azərbaycan cəmiyyətinin də demokratiyaya gözləntisini təbii olaraq  artırıb. “Bu gözləntini reallaşdırmaq, ölkədə köklü dəyişiklik yaratmaq üçün partiya iddialarını bir kənara qoyub, daha geniş koalisiyalarla işə başlamalıyıq” deyə Ə.Kərimli yaxın hədəflər haqqında danışdı. O, yeni hərakatı “Azadlıq mübarizəsi”,  “xalqın əsarətdə olan hüquqlarının geri qaytarılması”, “qələbə mübarizəsi” kimi qiymətləndirərək, davamlı xarakter alacaq aksiyalara cəmiyyətin bütün kəsimlərini, regionları cəlb etməklə uğur əldə ediləcəyini deyib çıxışını tamamladı.

İbrahim İbrahimlidən optimist notlar

Artıq ikinci dəfədir AXCP-nin müşavirəsinə qatlan tanınmış siyasi xadimlərimizdən biri İbrahim İbrahimli də öz fikirlərini tədbirdəkilərlə bölüşdü. Xüsusən gənclərin “11 Mart” aksiyasına diqqət çəkən İ.İbrahimli onu radikal dəyişikliklər zamanınən çatdığına işarə adlandırdı. Ərəb dünyasında baş verən inqilabların Azərbaycana da ciddi təsir etdiyini qeyd edən natiq ölkədə dəyişikliyi tormuzlayan fikirlər yayanları tənqid etdi. Onun fikrincə, bəziləri “Ərəb ölkələrindəki proseslərinin Azərbaycana heç bir aidiyyatı ola bilməz, burda ancaq Rusiyada demokratikləşmə getsə nəsə ola bilər” deməklə çox yanlış və hakimiyyətin maraqlarına xidmət edən xətt aparırlar: “Bizlər rus imperiyasının çökməsində iştirak etməşik. İndi də sübut edəcəyik ki, Rusiyada proseslər getsə də, getməsə də Azərbaycandakı avtoritarizmi çökdürürük”.

Rejimin süqutu başlayıb

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı da çıxışında Azərbaycan hakimiyyətinin tezliklə məğlubiyyətin acısını dadacağını dedi. Bildirdi ki, öz xalqına qul kimi, həqarətlə baxan hakimiyyətlə hesablaşmamaq zamanı yetişib: “Bu gün təkcə siyasi partiyalar deyil, bütün cəmiyyət Əliyevçi hakimiyyətə müxalifətdir. Cəmiyyətlə hakimiyyət arasında çox ciddi qarşıdurma var. Tarix də sübut edib ki, cəmiyyətinə qarşı duran hakimiyyət süquta məhkumdur və bu süqut başlayıb”. 
Azərbaycanda köklü dəyişikliklərin rahat və tez baş verməsi üçün Fuad Qəhrəmanlı bir an da olsa təşkilatlanma işinin unudulmamasını vacib şərt kimi qeyd etdi: “Hər kəs öz çevrəsindən başlayıb, xalqı təşkilatlandırmalı, dəyişikliklər üçün hazırlamalıdır”.

“İlham Əliyev, get…”

“Azərbaycan köklü dəyişiklər ərəfiəsindədir, xalqımız öz azadlığa ugurunda mübarizə üçün ayaqdadır” deyə çıxışa başlayan AXCP sədrinin müavini Gözəl Bayramlı əminliyini ifadə etdi ki, yeni mübarizənin hərəkətverici qüvvəsi, 1989-cu ildə olduğu kimi, yenidən Xalq Cəbhəsi olacaq.
Əliyevlər xanədanlığının xalq hakimiyyəti ilə əvəzlənəcəyini, Azərbaycanı bir ailənin yox, vətəndaşların seçdiyi şəxslərin idarə edəcəyini deyən Gözəl Bayramlı İlham Əliyevin hələ də xalqa xidmət etmək şansı olduğunu özünəməxsus tərzdə ifadə etdi: “Mən İlham Əliyevə çağırış edib deyirəm ki, sizin bu xalqa ən böyük tövhəniz, xidmətiniz istefa verməyinizdi. Tarixin sizə yaratdığı bu şansı dəyərləndirin. Sonra gec ola bilər”
Bütün çıxışlarda kütləvi aksiyalara başlamaq vaxtının yetişdiyi vurğulandı. Müşavirə iştirakçıları tez bir zamanda aksiyaların vaxtı və ünvanı haqda qərar verilməsini AXCP Ali Məclisinin Rəyasət Heyətinə həvalə etdi.

Yüz yeni üzv

Sonda partiyaya yeni qəbul olan üzvlərə vəsiqələrin təqdim edilməsi mərasimi keçirildi.  Məlumat verildi ki, son bir ayda təkcə Bakı şöbələrində partiyaya yüz nəfər yeni üzv qəbul olunub. AXCP sədri Əli Kərimli avtorizimdən azad olmaq üçün hakimiyyətin hədəfində olan bir partiyanı seçən yeni üzvləri cəsarətlərinə görə alqışladı. “Ailəmizə xoş gəldiniz” deyərək yeni üzvlərə şəxsən partiya vəsiqələrini təqdim etdi.

Rəyasət Heyətinin qərarı

Müşavirədən sonra AXCP Ali Məclisinin Rəyasət Heyəti iclas keçirərək mitinqlərlə bağlı qərar verdi. Rəyasət Heyəti müşavirənin nəticələrini nəzəra alaraq partiyanın mitinq hazırlıqlarını başa çatmış hesab etdi və mitinqlərin keçirilməsini qərara aldı. Rəyaət Heyəti eyni zamanda mitinqlərə başlamaq üçün İctimai Palatanın Koordinasiya Şurasına müraciət olunmasına və İctimai Palata çərçivəsində birgə mitinqlərin keçirilməsinə qərar verdi.

Natiq