AŞ Nazirlər Kabineti Eynulla ilə bağlı tövsiyə verdi

“Fətullayevin azadlığı üçün bütün mümkün vasitələrdən istifadə olunsun”

Avropa Şurasının Nazirlər Komitəsi həbsdə olan jurnalist Eynulla Fətullayevlə bağlı qərarını açıqlayıb. “Media forum” saytının məlumatına görə, qərarda deyilir ki, Eynulla Fətullayevin azadlığa buraxılması haqda Avropa İnsan Hüquqları Məhkəməsinin çıxardığı qərarın icrasına mane olan hallar geçikdirilmədən aradan qaldırılmalıdır.
Nazirlər Komitəsi Azərbaycan hökumətinə Eynullanın azadlığa çıxması üçün bütün mümkün variantlarından, hətta şərti azadlığa buraxılma variantından da istifadəni tövsiyə edib.
Nazirlər Komitəsi Azərbaycan hökumətini Eynulla Fətullayevin 2007-ci ilin aprel ayından həbsdə olduğunu, bu müddət ərzində reablitasiya olunduğunu nəzərə almağı, eyni zamanda Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilən təzminatın jurnalistə tezliklə ödənməsini təmin etməyi tövsiyə edib.
Qərar Avropa Şurasının Nazirlər Komitəsinin 114-cü toplantısında, Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarını Azərbaycan hökumətinin necə icra etməsi məsələsi ilə bağlı müzakirənin yekununda çıxarılıb.
Qərarın sonunda qeyd olunur ki, Nazirlər Komitəsinin 2011-ci ilin iyununda keçiriləcək 115-ci görüşündə bu qərarın icrası ilə bağlı məsələ bir daha gündəliyə salınacaq.
Avropa Şurası Nazirlər Komitəsi təşkilat üzvü olan ölkələrin XİN rəhbərlərindən ibarətdir. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının yerinə yetirilməsinə nəzarət komitənin mühüm funksiyalarından biridir.