Çöküşün cırıltıları
Türkiyə həbsdə olan və həbsə atılan jurnalistlərin rekordunu hansı ağılla təzələmək istəyir?
“Nə olur?” sualına cavab axtarmıram. Xəlil Rzanın “Davam edir 37″ şeiri də banal gəlir… Deyəsən, Vaqif Səmədoğlu təxminən 50 il qabaq bu “Nə olur?”un cavabını “Istini cırıldada- cırıldada bir araba keçdi” sözlərilə verib.
***
Bəli, “Soyuğu cırıldada-cırıldada Silivriyə doğru növbəti jandarma arabası keçir jurnalistlərin üstündən”.
Cırıltı 4 il əvvəl hay-küylə başlayan, ordu generallarını, alimləri, siyasətçiləri, jurnalistləri ağuşuna alıb Mustafa Balbayın “Zülmxana” dediyi Silivri həbsxanasına endirən bir prosesin təkərlərindən çıxmaqdadır.
14 fevralda gecə yarısı Türkiyənin dünyada ən populyar saytı bir vadiyə polislər tərəfindən yerləşdirilən və 2 gündən sonra “tapılan” silahların görüntülərini yayımlayır: 6 saatdan sonra gələn basqın saytın sahibini və 2 əməkdaşını Silivriyə “propiska” edir. 18 fevralda qəzetdəki köşəsində başqa bir jurnalist-yazar “növbənin ona yaxınlaşdığına” dair xəbərdarlıq aldığını yazır: cırıldayan jandarma arabasının 3 martdakı sərnişinlərinin sayı 9 nəfər olur.
İronik xatırlatma: 2007-ci ildə bir jurnalda ordudakı “çevriliş təşəbbüsünü” ortaya çıxaran jurnalist 4 ildən sonra “terror təşkilatına üzv olmaq” suçlaması ilə həbs edilir. Türkiyə özü ilə bir çox sualı da gətirib-gələn dönəmin içindən keçir (Köşə yazarı-professorun zəif və cılız səsi qulağıma gəlir: “Ayıb etdiniz, Mahir bəy. Biz irəli demokratiyanın bir addımlığında ikən bunu necə deyə bilirsiniz?”). 4 il qabaq gizli çevriliş təşəbbüsçülərini və üstü açılmayan cinayətlər törədən qrupları hədəf alma iddiası ilə başladılan “Ergenekon” prosesi indi açıq şəkildə jurnalist-yazarları hədəf alıb: o jurnalist-yazarları ki, bu və ya digər şəkildə ölkədə super qüvvə halına gəlmiş məlum icmaya “toxundurub”.
“1 metr 56 santim qalıb, əl-ayağımıza dolaşan şair-yazarları aradan qaldırsaq, kommunizmi qururuq” – 1937-ci ilin postulatının bu günün Türkcəsinə transformasiyasını “Irəli demokratiya”ya bir addım qalıb; bizə “toxunan” yazar-jurnalistləri Silivriyə “propiska” etsək, “irəli demokratiya”mız zəfər çalacaq” sözlərilə ifadə edə bilərik. Taxtadan və ya qranitdən olsun – fərq etməz; idollar çoxdan hazırdır; rəhmsizcəsinə qütbləşmə zirvəni aşmaq üzrədir. General poqonu daşıyanların 10 faizi içəridə; həbsdə olan 61 jurnalistdən 54-nün üzünə məhkəmə hökmü oxunmayıb; 2000-dən çox jurnalist-yazar haqqında prokurorluq istintaqı və ya məhkəmə prosesi başlanıb.
Prokuror barmağını silkələyir: prosesimizi tənqid edənlər ciddi nəzarətimiz altındadır. Baş nazir iddia edir: həbs edilən jurnalist-yazarların heç biri peşə fəaliyyətinə görə içəridə deyil, onlar “terror təşkilatına üzv olmağa görə” tutulublar.
Avropa Parlamenti ilk dəfə sərt şəkildə mediaya olan təzyiqlərlə bağlı narahatlığını dilə gətirir – hökumət başçısının cavabı gecikmir; nəticədə Avropa Birliyinə tam üzvlük perspektivi yerini “Avropa qurumları ilə çatışma” taktikasına buraxır – bu minvalla Ankara Bakıya daha çox oxşamağa başlayır.
Həbslərin son dalğasından narahatlığını gizlətməyən ölkə prezidenti açıqlama dalınca açıqlama verir, ancaq o açıqlamaların təsirli olduğunu söyləmək də mümkün olmur. Ölkənin super qüvvəsi olan məlum icmanın media başbilənləri 2 ildən bəri “mətbuatda yeni dizayndan” bəhs edir; “Milliyyət”dən Aslı Aydıntaşbaşın “ağ saçlı” dediyi super qüvvə ideoloqlarından biri “mediada çıxdaşlar aparılmasının lüzumundan” yanvarda bir daha bəhs etmişdi – sayta basqına dəstək verənlərdən biri də həmin “ağ saçlı” yazar idi. Əslində, bunların yazdıqlarının mahiyyətini anlamaq üçün 1937-nin mətbuatından bu səpkidəki istənilən yazını alıb altına indiki imzaları atmaq kifayət edir. “Ucu açıq” istintaq proseslərinin şübhəlisi olmamaq üçün nəqliyyat və kommunikasiya nazirinin “Telefonla az danışmağa çalışın” tövsiyəsini dinləməkdən başqa çarə qalmır.
14 fevraldakı sayt basqını müşayiət edən həbslər “Nə olur?” sualının bu dəfə daha hürkək və kövrək şəkildə səslənməsinə səbəb olsa da, suala “dərin” xarakterli iddia-cavablar da meydana çıxır. Məsələn, “Yeni çağ”ın yazarı Sabahattin Önkibara görə, bir vadidəki görüntülərin saytda yayınlanması, əslində ordu və kəşfiyyatdakı milliyyətçi və ulusalçı qüvvələrin “Atatürkün qurduğu Türkiyə cümhuriyyətini aradan qaldırmağa çalışanlara qarşı yönəlmiş əks-hücumu” imiş. Bunu anlayan məlum super qüvvə sayta basqını və həbslərin yeni dalğasını tədavülə daxil edərək, gündəmi dəyişdirməyə çalışıb. Bu səpkili iddialar bizim boyumuzu aşdığına görə, peşəmizin naturası ilə bağlı sualı bir daha oxucuların mühakiməsinə verməyin faydalı olacağını düşünürük. Sual bundan ibarətdir: jurnalist çevriliş və ya çevrilişə təşəbbüs edərmi?
Assanc demişdi ki…
“WikiLeaks” sənədlərinin açıqlanmasından bir gün sonra “Skype” üzərindən müsahibə verən Julian Assanc “dünyada jurnalist və yazarların inqilablar edə biləcəyini” vurğulamışdı.
“Inqilablar”, yoxsa “dövlət çevrilişləri”?
Yoxsa Türkiyə Julian Assancın niyyətini 3 il qabaqdan anladı ki, 2008-in martından başlayaraq jurnalistləri “terrorist və çevrilişçi” elan edib həbsxanalara doldurdu?
Bəli, jurnalist-yazar inqilab edə bilər və etməlidir.
Ancaq bunu “at oğruları”nın ortağı olan “brown nose” (qəhvəyi burunlu) jurnalist-yazarlar edə bilməz. Çünki müasir dövrdə söhbət beynəlmiləl miqyaslı ideya və məfkurədən gedir.
Inqilab etməyə qüdrəti olan jurnalist-yazarlar “at oğruları”na ortaqlıq edib burunlarına könüllü şəkildə “qəhvəyi rəng” sürtməzlər. “Səssiz çoxluğun” səsinə tərcüman olarlar. Universitet müəlliminə “fransız əclafı” adını müəllimin özü qoyar, inqilab etməyə qadir olan jurnalist-yazarlar qoymazlar, çünki “Rəşt əclafı” adı sərrast addır…
“Qloballaşma” adı altında dünyanın sərvətlərinə sırıq çəkən “at oğrusu” kapitalizmin çöküşünün cırıltıları dünyanı bürüyüb. Ən böyük düşmənləri “burunlarını qəhvəyi rəngə boyamağı” rədd edən jurnalist-yazarlardır. Ona görə də polis və jandarma arabalarının daimi sərnişinlərinin namus, vicdan, məfkurə sahibi jurnalist-yazarlar olması heç kimi təəccübləndirməməlidir.
“At oğrularının qlobal savaşı”nın birinci hədəfiyik…
Mahir Qəhrəmanlı, Ankara