Ölkənin beş nüfuzlu hüquq təşkilatı həbsdə olan gənc fəallarla görüş üçün müraciət ediblər
Ölkənin beş nüfuzlu hüquq təşkilatı – Hüquq Maarifçiliyi Cəmiyyəti, Tender Monitorinq Mərkəzi, Azərbaycan Hüquqçular Assosiasiyası, Demokratiya və Insan Hüquqları Resurs Mərkəzi və Media Hüququ Institutu 2 saylı Gəncə Istintaq Təcridxanasında Bəxtiyar Hacıyev və Bakı Istintaq Təcridxanasında saxlanılan Cabbar Savalanlı ilə görüş üçün Ədliyyə Nazirliyinə müraciət ediblər. Eyni məzmunlu müraciət Rəşadət Axundov, Dəyanət Babayev və Səxavət Soltanlı ilə bağlı Daxili Işlər Nazirliyinə ünvanlanıb. Bu barədə məlumatı Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Intiqam Əliyev yayıb.
Hüquqşünas fərqli ünvanlara müraciətləri tutulan şəxslərin saxlandığı qurumların müxtəlif nazirliklərin tabeliyində olması ilə əlaqələndirib.
Müraciətdə göstərilir ki, Azərbaycanda tutulma zamanı və sonradan polis idarələrinə gətirilərkən, o cümlədən müvəqqəti saxlama yerlərində olduğu müddətlərdə insanlara qarşı fiziki və psixoloji təzyiqlər geniş yayılıb, onların müdafiə hüquqları pozulur. Son dövrlərdə tutulan və həbs olunan gənc fəallarla nəzərdə tutulan görüşlərin məqsədi bu məlumatların nə dərəcədə həqiqətə uyğun olmasını aydınlaşdırmaq, həmçinin həmin şəxslərin saxlanma şəraiti, müdafiə və digər hüquqlarının təmin olunması vəziyyəti barədə dəqiq məlumat almaqdır.
I.Əliyev bildirib ki, eyni məzmunlu müraciətlər sifarişlə tutulan və həbs olunan bütün şəxslərlə bağlı ediləcək.
“Həbsxanalar, istintaq təcridxanaları vətəndaş cəmiyyəti qurumlarının üzünə açıq olmalıdır. Bu cür haqqın yalnız bir qrup quruma və şəxsə verilməsi praktikasına son qoyulmalıdır. Səylərimiz ilk növbədə buna yönəlib. Cəmiyyət üzvlərinin, o cümlədən gənclərin hökumətin fəaliyyətini tənqid etmək, seçkilərin total saxtalaşdırılmasına, azad mediaya və vətəndaş cəmiyyəti qurumlarına basqılara, monopoliyaya, korrupsiyaya, talançılığa etiraz etmək və bunu həm də piket, mitinq və digər formalarda həyata keçirmək haqqı var. Hakimiyyət insanların bu haqlarını təmin etməlidir. Bu aksiya həm də həmin gənclərə dəstəkdir”.
Xatırladaq ki, oxşar məzmunlu müraciətlər Ədliyyə Nazirliyinə və həmin Nazirliyin Penitensiar Xidmətinə məhkəmə hökmləri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilən jurnalist Eynulla Fətulllayev və blogerlər A.Hacızadə və E.Abdullayevlə (Milli) bağlı edilmişdi.
Həmin müraciətlərə verilən rədd cavabının qanuniliyi mart ayının 18-də Bakı Inzibati-Iqtisadi Məhkəməsində araşdırılacaq.
İnformasiya şöbəsi