“Bu rejim sona çatmalıdır!”

11 və 12 mart aksiyaları barədə vətəndaşlar nə düşünür?

“11 Mart – Böyük Xalq Günü” və Müsavat partiyasının 12 martda keçirdiyi aksiya ictimaiyyətin marağına səbəb olub. Ölkənin aparıcı media orqanlarında hər iki aksiya ilə bağlı informasiyalara yüzlərlə şərh gəlib. Şərhlərin maraqlı olduğunu nəzərə alaraq, onların bir qismini diqqətinizə çatdırırıq.

“Yezidlərin sonu gəlib”

Vüsal adlı şəxs nümayişçilərə xitabən yazır: “Halal olsun sizlərə. Nə qədər azad ruhlu, azad düşüncəli gənclik var, deməli, qələbəyə ümid tükənməməlidir”.
Stalin nikli şəxsin fikirləri də maraqlıdır: “Kimsə fikirləşirsə ki, Azadlığı ona gətirib evində təqdim edəcəklər, yanılır. Azadlıq üçün savaşmaq lazımdır, istər polislə, istərsə də mülki geyimli şəxslərlə”.
Gəncə Dövlət Universitetindən Fikrət Hacıyev adlı şəxs bunları yazıb: “Bu iqtidarı başa düşmək olmur. Neçə illərdir ki, rüşvət vermədiyimə görə rüşvətxor məmurların sifarişi ilə təqib və təhqir olunuram. Polisə şikayət etdikdə isə, onlar məni ələ salır. Qarabağ müharibəsi veteranı olmağıma baxmayaraq, artıq 9 aydır ki, vəfat edən atamın adına olan, yaşadığım və qeydiyyatda olduğum evi adıma keçirmək üçün məndən 500 manat rüşvət istənilməsi barədə dəfələrlə etdiyim şikayətlərə hələ də heç bir rəsmi cavab almamışam. Təxmin edirəm ki, rüşvət verməyən və cürət edib rüşvətxorlardan şikayət edən hər bir kəs də mənim kimi polis və MTN əməkdaşları tərəfindən təqib olunur. Deməli, xalqın küçələrə çıxıb, haqqını tələb etməkdən başqa çarəsi qalmır. Xalqın haqlı tələblərini iqtidara çatdırmaq istəyən Bəxtiyar Hacıyev kimi gənclərimiz isə polis tərəfindən həbs olunub, döyülür”.
Tofiq zülmkar hakimiyyətin yıxılacağına ümidli olduğunu diqqətə çatdırır.
“Azadlıq” adlı sayt ziyarətçisi isə Əli Kərimliyə xitabən yazır ki, “Xalq sizinlədir”.
Samir “Yezidlərin sonu gəlib” deyir.
Seyid isə etirazçılara minnətdarlığını ifadə edir.
“Quranda da Azərbaycan hakimiyyətinin simasında olan cinayətkarların qeyri-qanuni əmirlərinə tabe olmağın nə qədər günah olduğu qeyd edilib. Əfsuslar olsun ki, bu kriminal hakimiyyəti müdafiə edən insanlar hüquq-mühafizə orqanlarıdır…”, – deyə Alı adlı internet istifadəçisi yazıb.

“Xalq oyanacaq!!!”

Əli adlı sayt ziyarətçisinin fikirləri də maraqlıdır: “Azərbaycan hakimiyyəti hər fürsətdə ölkə Konstitusiyasına, xalqa, demokratiyaya, hüququnu tələb edənlərə qarşı terror edir. Heç bir terror cavabsız qalmayacaq, gec-tez cəzalanacaq”.
Nurlan isə konkret aksiyalarla bağlı fikirlərini bölüşüb: “Halal olsun, başlanğıc üçün super idi. Inşallah, arxasını da davam etdirərik. Hər kəs qoşulmalıdır və bu rejim sona çatmalıdır. Bəsdir daha, istəmirəm, belə deyək: doğru hakimiyyətdir, amma dəyişiklik istəyirəm.
Belə bir söz var: kabab gözəl yeməkdir, amma nə qədər kabab yeyə bilərəm? Artıq kababdan bezdim, sup olsun, amma dəyişiklik olsun. Yaşasın Gənclər, yaşasın Azadlıq, yaşasın Azadlıq tələb edən hər kəs”.
Məzlum yazır: “Bütlər qırılmalıdır, xalq oyanmalıdır. Bu tədbirin kim tərəfindən təşkil edilməsi elə də önəmli deyil. Əlbəttə ki, bunu azərbaycanlılar edib. Iqtidar ermənilərin burada əlinin olduğunu söyləməklə özünü yenə təlxək qismində təqdim edir. Guya, iqtidarın nökərləri bilmirlər niyə aşkarcasına mövqe bildirilmir? Çünki yastıqlarının altından qumbara, ciblərindən heroin tapılacağından ehtiyatlanırlar. Xalq oyanacaq. Əlbəttə ki, indi yox. Çünki onu möhkəm yatırdıblar. Amma oyanacaq. Onda bu qəzəbli millətin qarşısında olmaq istəməzdim. Olanlara da ancaq yazığım gəlir”.
Qəmlo adlı ziyarətçi isə “bir dövlətin ki prezidentinin gücü ancaq yumurtanın qiymətini 10 qəpiyə salmağa çatır, ondan nə gözləyəsən? Bu biabırçılıqdı ki, prezident çıxıb problemi başdan aşan ölkədə yumurtadan danışır”, – deyə yazır.
Arifin fikrincə, Azərbaycanda demokratik inqilab qaçılmazdır: “Xalq artıq cana doyub. Azərbaycan müxalifəti Əli Kərimlini vahid lider kimi hamılıqla qəbul edərək, ardınca cəmiyyət onun ətrafında birləşib Əliyevlərə qarşı meydan mübarizəsinə başlamalıdır”.

Ramin DEKO