Köşə yazarlarınınsa çörəyi prezidentdən, bir də AzTV-dən çıxır
Tarixə “Yumurta müşavirəsi” adıyla düşən sonuncu prezident şousunu AzTV-dən izlədim. Şou proqramlar üzrə birinci, ikinci yerləri bölüşən ATV ilə ANS-dən sonra siyasi, iqtisadi, alleqorik şoular göstərməkdə AzTV-nin tayı-bərabəri yoxdur. Saatlarca göstərərlər, bitməz. Hamısı zəngin, çeşidli mövzu mənbəyidir. Hər xüsusi buraxılışa səhifə həsr eləmək olar, yetməz. Fərasətli jurnalistlər belə fürsəti əldən vermirlər. Yazırlar, hökumətin eninə-uzununa döşüyürlər, arada AzTV-yə təşəkkür belə etmirlər. Halbuki Ilham Əliyevi onlara tanıdan, “doğmalaşdıran”, bütün eyiblərini açıb göstərən məhz “doğma ana televiziyamızdır”.
Axırıncı yumurta söhbətində səkkiz manata satılan qoyun ətinin, doqquz manatın kürəyini yerə vuran sümüksüz mal ətinin adını çəkməyib 25 qəpiyin söhbətini edən Ilham Əliyevin “od saçan” qəzəbli gözləri, gərgin məşqlər hesabına formalaşan amiranə baxışları, ekrana yerləşməyən iri əli, göz çıxarmağa tuşlanan şəhadət barmağı, ətrafdakıların məzlum görkəmli maskaları fonunda get-gedə artan səs tonu – bunların hər birini yerli-yerində göstərmək ayrıca ustalıq, məharət tələb edir. Yerində çəkilmiş kadr “iqtisadi müşavirə”nin sadə tamaşaçıya təsirini artırır. Prezident çəkilişlərində bu cür tələblərə ciddi əməl olunur-orda “prezidentskilər” çalışır. Təbliğatın, təqdimatın dozası artdıqca pərdəarxası məqamlar, saray toqquşmaları, gizli oyunlar üzə çıxır. Odur ki, AzTV Ilham Əliyevin qənimidir – yaza bilərik. Yəni ölkə başçısını onun qədər ustalıqla gözdən salan ikinci telekanal yoxdur. Hətta ITV-nin, Lider-in belə buna gücü çatmır. AzTV-nin bir işi yaxşıdır ki, sandığın ağzını açıq qoyduqca pambıqlar tökülür. Danışanların səviyyəsi, savadı, ağıl ölçüsü, “buynuzu”, bacarıqsızlığı, havayı sözçülüyü çıl-çılpaq ortalıqda qalır. Hələ payızda neft şirkətinin yeni binasının təməlqoymasında AzTV Ilham Əliyevi necə biabır eləmişdisə, yaddan çıxara bilmirəm. Həmişə özülə atılan butulkanı danışıqsız-filansız torpağa basdıran I.Əliyev bu dəfə butulkanı açdı və orda tarixin 12 oktyabr yerinə 11 oktyabr yazıldığını “aşkarlayıb” …saxtakarlığın qarşısını yerindəcə aldı. Rəqəmi dəyişdirdi və üzünü əsabələrinə tutub “Əminəm ki, heç kim bunu görməyəcək” – dedi. Məntiqin, ağılın gücünə baxın; doqquz milyon adama göstərirlər, prezident “heç kim görməyəcək” – deyir. AzTV bunu göstərdi, danışığı olduğu kimi də verdi. Hörmətli müxalifət yazarları, hakimiyyəti, onu idarə edənləri bəyənmir, tənqid edirsiz, edin, arada AzTV-ni də tərifləməyi unutmayın. AzTV millətə özü bilmədən xidmət edir – malaladıqca, tərifi-tərifə qoşduqca paxırlar açılıb tökülür. AzTV olmasaydı köşə yazarları həftəlik qonorarlarını bir “yumurta şousu”ndan çıxara bilməzdilər. AzTV köşə yazarlarına, elə mənə də “çörək verən” kanaldır.
“Avans”a satılıb “avans”la alınan sənət
Braziliya serialları getdi. Dalıyca türk seriallarını apardı. Hind seriallarının da ömrünə az qalıb. “Qonaqlıq yaxşı şeydir, bir gün sizdə, bir gün bizdə” atalar məsəlinə soykənən yeyib-içmək proqramları efirdən yığışdı. Rayonları gəzib mətbəx mədəniyyətini təbliğ etməkdən savayı ayrı işə yaramayan verilişləri də rayonlardan yığışdıra bilsəydilər əla olardı. “Səyyah”ın Səbuhisi ilboyu kəndi-kəsəyi gəzir. Adam evinə-eşiyinə yığışsaydı bizim də gözümüz dincələrdi. Gombulların yarışı da axmaq layihədir. Aparıcısı da efirə yaramır. Space-nin lap zayı çıxıb, uzatmağa dəyməz. Axır vaxtlar “Yeni ulduz”, “Azəri star” gözdən düşüb. Evlilik proqramlarının axırı çatıb. Teleefiri eybəcərləşdirən aparıcıların bəzisi gözə dəymir, müsbət dəyişikliklər var. Əvəzində boşluq yaranıb. Dilarə, Toppuş, Nanə, Elgiz, Elvira, sual işarəsi görkəmiylə getdikcə danışığını itirib cızığından çıxan Rəhim Rəhimli, metro qatarlarındakı reklam roliklərində “xatuba, xatuba” deyəndə əndamını oynadan hind gözəllərini yamsılayan Çina-Çingiz Əhmədov şou-biznesdə “at oynadır”. Bu qarışıq-dolaşıq efirin “qəhrəmanı” isə Muğam müsabiqəsidir. AzTV-nin, “Mədəniyyət”in şərikli malı. Nədən yarışma eyni zamanda iki kanalda yayımlanır, MRTŞ-nın vecinə deyil. Hər həftənin iki günü “Mədəniyyət” altı saat “xaltura” edir.
Muğam müsabiqəsinin iki dözülməz problemi var; hər ikisi münsiflərlə bağlıdır. Hər ikisini üzr istəmədən açıqlayıram: (çünki üstüörtülü yazmaqdan bezmişəm) biri münsiflərin saxtakarlığı, ikincisi yaltaqlığıdır. Axı Əlibaba Məmmədovun, Arif Babayevin, onlardan cavanların bu hökumətdən alası nəyi qalıb ki, muğamın “atasına, anasına” tərif qoşmadan yaşaya bilmirlər. Yeddi nəfərlik münsifdən altısının ifaçılardan, onların müəllimlərindən nə asılılığı, iraq olsun umacağı var ki, zəif ifaları bəyənir, səhvlərə göz yumur, layiq olmayanlara yalan təriflər qoşurlar? Saxta, şişirdilmiş qiymətlər qaldırılanda onların yerinə biz xəcalət çəkirik. Qabaqlar az-çox Nadir Axundov obyektiv olmağa çalışırdı, indi o da həmkarlarının yoluyla gedir. Lazım olanı tərifləyir, olmayana susur. Münsiflərin bəzi ifaçılara “avans”ından heç olmaz. Biri cavanlığına görə avans alır, o biri müəlliminə, digəri kəndinə, bir ayrısı görkəminə, oturuşuna-duruşuna görə. Bura müsabiqədir, gözəllik, davranış, arxalı-arxasızlıq yox, sənət yarışıdır. Qohum, dost, tanış, tələbə, həmkarının tələbəsinin başına tumar çəkmək, dartıb həftədən-həftəyə aparmaq, tanıtmaq, bəyəndirmək, millətə zorla sevdirmək, bəlkə də sırımaq yeri deyil. Muğam müsabiqəsində ağıllı, abırlı, özünə, adına hörmət qoyan bir obyektiv, “dəmir” münsif, savadlı musiqi nəzəriyyəçisi var; adını çox böyük hörmətlə yazıram: Ramiz Zöhrabov. Ramiz müəllim olmasaydı o birilər muğamın “anasını ağladardılar”. Kim nə hava çalır-çalsın, kim hansı səmtə əyilir-əyilsin, Ramiz müəllim öz işindədir: yaxşıya yaxşı deyir, pisə pis. Münsiflərin hamısı ifaçılara “sən” deyə müraciət edir, Ramiz müəllim onlara çox hörmətlə “siz” deyir – gözəldir! Münsiflərin Qədir Rüstəmova yönəlik yersiz qısqanclığı hər dəfə özünü göstərir, hətta həddini aşır. Mustafa Mustafayevin Qədir Rüstəmova sevgisi başına bəla olub. Hər ifadan sonra “taraqqq” Qədiri onun başına çırpırlar. Qədiri sevib muğama gəlmək, lap elə onun kimi oxumaq suç deyil. Buna sevinmək gərəkdir. Münsiflərin imkanı olsa, Qədir kimi oxuduğuna görə Mustafanı müsabiqədən, sənətdən biryolluq uzaqlaşdırarlar. “Qədir soyuqdəymə kimi canımdan çıxmır” – Mustafanın dilindən bu sözləri münsif Nadir Axundov söylədi. Söyləməyi ayıb oldu. Muğam müsabiqəsinin başında duran, Mədəniyyət kanalının rəhbərlərindən biri olan adamın məcazi mənada olsa belə Qədir Rüstəmovu soyuqdəyməyə bənzətməsi və bunu efirdən söyləməsi mədəniyyətsizlikdir. Mədəniyyət kanalından yayılan mədəniyyətsizlik.
Ikinci plan aparıcılar
Ötən bazar günü səbrimi dinəyib ANS-in “Sabiranə”sinə baxdım. Verilişin adı aparıcıların adından götürülüb – bəllidir. Amma ilk baxışda Mirzə Ələkbər Sabiri xatırladır. Birinci buna təəssüfləndim. M.Ə.Sabiri xatırlatmağa layiq olmadığına görə. Ikinci Sabir müəllimə – yüz ilin AzTV-çisi Sabir Ələsgərova qəzəbləndim. ANS-də ona ikinci plan (bu yerdə xeyli kobud ifadə işlətmək daha düzgün olardı, məsələn, “yedək” sözü. Yedək aparıcılar ATV-də, Xəzər-də də çoxdur) aparıcılıq verildiyinə və adam bu duruma razılaşdığına görə. Sabir müəllim yaşda adamların Rövşanə kimi efiri yağmalayan, danışığına sərhəd qoymayan cavanların kölgəsində qalması yaşlı nəslə təhqirdir. Adamı efirə qaytarmaq kimsəyə ona sayğısız yanaşmağa haqq vermir. Space-dən çoxdanışan xanım kimi tanıdığım Rövşanə Sabir müəllimə ağzını açmağa imkan vermədi. Bəlkə də ayrı həftələr belə olmur, mən belə gördüm. Gördüyüm münasibətdən dəhşətə gəldim. Efir mədəniyyətsizliyidir ki, var. Olmamalıdır. Özlüyündə bu xanım pis aparıcı deyil. Canlı efirdə işləməyə alışıb. Amma orijinal veriliş adı xatirinə ona ağsaqqal bir adamla aparıcılıq tapşırılırdısa, bir qədər tərbiyəli, hörmət-izzətlə davranmaq da tapşırılmalıydı. Bəli, o gün verilişin qonaqları yazıçı-deputat Aqil Abbasla müğənni-bəstəkar Xumar Qədimova idi. Hər ikisi məşğul olduqları hər iki işdən əlavə insanlıqdan, ləyaqətdən, əxlaqdan da danışırdılar. Necəsini ətraflı yazmıram. Kiçik dialoq nümunə gətirəcəm; aparıcının və qonağın səviyyəsini göstərmək üçün. Bu dialoqun əvvəli qadınlardan, kişilərdən başlamışdı.
Rövşanə: Hər kişinin həyatında yüz qadın olur.
A.Abbas: Hardadır kişilərdə o bəxt?
Rövşanə: Yaxşı da, Aqil müəllim, heç olmasa siz deməyin.
Meyxanaçılar demiş: necədü, yaxçıdu? Məncə verilişin, iştirakçıların xarakterini açan gözəl fraqmentdir. Sonrası daha əla oldu. Aparıcı xanım studiyadakı tamaşaçılarla kiçik sorğu keçirəcəyini, qalibə hədiyyə veriləcəyini elan etdi, sualı səsləndirdi: “Dolu” romanının müəllifi kimdir? Kimsədən səs çıxmadı. A.Abbas qəzəbləndi, kitab oxumağı sevməyən diringi müğənniləri tanıyan cavanların ünvanına kobud ifadələr səsləndirdi, əsəbindən yanında xanım ifaçının əyləşdiyini belə unutdu. Bir xeyli keçəndən sonra prodüsserin köməyilə sualın cavabı tapıldı. Ona “itaparan olsun” tərzində hansısa salona kupon verildi. Efir geyimində baş-boy paltarının uzunluğu 70 sm-ə çatmayan Rövşanə xanım “tərbiyəvi” nitqə başladı: “Dolu” çox gözəl əsərdir. Bu əsəri oxuyun. Niyə oxumursuz? Kitab oxuyun, kitab oxumaq gözəl məşğuliyyətdir”, filan, beşməkan. Danışığından bilinirdi ki, özünün “Dolu”da yazılanlardan xəbəri yoxdur. Kitab oxumaq özü də bir mədəniyyətdir. Kitab oxudun-oxumadın yaşlı tərəfdaşına – Sabir müəllimə danışmağa aman verməməksə, mədəniyyətsizlik. Mədəniyyətsizlikdir, vəssalam!
ATV-nin Nanəsi üstəlik savadsızmış
ATV-də “Ulduz oldun” adlı veriliş var. Ulduzlarla işləməyi, onları təbliğ etməyi sevən, çörəyi müğənnilərdən, rəqqaslardan çıxan bu kanalda verilişlərə “ulduz”adı verməkdə həvəslidirlər. “Ulduz oldun”un çox zəif – söz ehtiyatı olmayan, çığırmaqla, mimikalarla diqqət çəkməyə, effekt yaratmağa çalışan və bunun əksini əldə edən bir aparıcısı var – Nanə xanım. “Bu şəhərdə”nin parodiyasında ona “nanə, şüyüd, reyhan” deməkdə haqlıymışlar. Nanə xanımın maraqlı qonaqları olur. Bu xanım gözəl danışmağı bacarmır, danışdırmağı bacarır. Qonaqları açıq söhbətlər edir, adətən, suallara səmimi cavablar verirlər. Sonuncu verilişin qonağı müğənni Bəyimxanım Mirzəyeva idi. Bu ifaçının hər şeydən qabaq ədəb-ərkanını bəyənirəm. Yaxşı da oxuyur. Verilişin bir məqamında aparıcı tamaşaçıları ələ almaq, təsirləndirmək üçün müğəninin dünyasını dəyişmiş anasından söhbət saldı. Gözlədiyi səhnəni yaratdı, onu daha lirik tonda davam elətdirdi və söhbət ana haqqında bir mahnıya çatdı. Bəyimxanım bu mahnını daha sevmədiyini söyləyib azacıq zümzümə elədi. Elə bu yerdə Nanə xanımın “peşəkarlığı, savadı, səviyyəsi” özünü göstərdi. Sevil Əliyevanın anasına ithaf elədiyi, Azər Zeynalovun oxuduğu “Ana” mahnısını o, Rəşid Behbudovun repertuarından gözəl örnək olaraq təqdim etdi. Guya R.Behbudovun ifasında səslənən bu mahnını doyunca təriflədi. Həm özünü biabır elədi, həm də Bəyimxanımı. Mahnıyla bağlı o biri məqamlardansa danışmıram. Sonra deyirlər, ATV-nin başının üstündə buludlar dolaşır. Dolaşmasın neyləsin. “Şrek” olayından sonra yenə ayıb oldu. ATV-nin ayıbı bir deyil, beş deyil.
A.Türkoğlu